AXC-nin təsis konfransını oğlunun sünnət toyu adı altında keçirən fədakar jurnalist
Azərbaycanın mübariz qələmlərindən biri idi Ağamalı Sadiq Əfəndi. Dissident jurnalist, ictimai siyasi xadim, şair, nasir. Onu belə xatırlayır, insanlar…
Ağamalı Sadiq (Əfəndiyev Ağamalı Əhməd oğlu) 1947-ci il martın 8-də Qazax rayonunun Qaymaqlı (İncə dərəsi) kəndində ziyalı ailəsində anadan oldu. “Yazıçı” nəşriyyatında korrektor (1978-1981), “Maarif” nəşriyyatında redaktor (1983-1986), “Ulduz” jurnalında ədəbi işçi (1986-cı ildən) Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini vəzifələrində çalışıb(1992-1993). “Müxalifət” qəzetini 1991-ci ildə yaradıb və onun ilk baş redaktoru olub.
Ağamalı Sadiq Əfəndi 1987-ci ildə Azərbaycanda başlanmış milli azadlıq hərəkatının fəal öncülü, müasir, demokratik mətbuatın məşhur yaradıcılarından biri olub. Azərbaycan Xalq Cəbhəsinin təşəbbüs qrupunun qurucularından biri və onun təsis konfransının təşkilatçısıdır. AXC-nin təsis konfransı 1989-cu il iyunun 16-sı 8-ci mikrorayonda onun yaşadıği binanın yaxınlığındakı 27-ci binanın qarşısındakı xeyir şər evində kiçik oğlunun sünnət toyu adı altında keçirilmişdi, həmin konfransda Ağamalı Sadiqin yaxın silahdaşı Azərbaycanın ilk demokratik seçilmiş prezidenti Əbülfəz Elçibəy AXC sədri seçilmişdi. 1990-cı il 20 yanvar faciəsindən sonra üzvü olduğu SSRİ Yazıçılar İttifaqından istefa vermiş, ona kəsilmiş yüksək təqaüddən imtina etmiş, o zamankı rejimin təqib və təzyiqlərinə baxmayaraq informasiya blokadasını yarmaq üçün qeyri leqal (samizdat) FV-ÇP “fövqəladə vəziyyət” qəzetlərini və bülletenləri məxfi şəkildə nəşr etdirərək xalqa yaymışdı. Onun imzası “Asəf” kimi tanınırdı, bu elə Ağamalı Sadiq Əfəndi demək idi. O, bu qəzetlərdə yazırdı: “Məni bəzən qəzəbli jurnalist adlandırırlar, ancaq yetmiş il sürmüş rejimə münasibətimlə müqayisədə həmin yazılar çox yumşaqrır. Mənə elə gəlir ki, bunların hamısı yaşadığım sovet cəmiyyətinə nifrətdən irəli gəlirdi. Çünki bu cəmiyyətdə insan simasızlaşır, bir-birini satmaq istedada çevrilirdi, şəxsiyyət alçalır, əyilir, bir tikə çörəyini qazanmaq, irəli getmək üçün insanda olan mənfi keyfiyyətlər fitri istedad sayılırdı”. “Görək bu oyundan Mişa necə çıxacaq”, “Yazov sənin anan olubmu”. 1990-cı ildə Bakı şəhəri fövqəladə vəziyyət şəraitində olduğu zaman, fevral ayında fəaliyyəti dayandirilmış “Azadlıq” qəzetini bərpa etmiş və “Azadlığa” rəhbərlik edərək 12 nömrəsini nəşr etdirmişdir. Faciə günündən az keçməmiş Almaniyanın Münxen şəhərindən yayımlanan “Azadlıq” radiostansiyasına hadisənin təfərrüatları barədə Mirzə Xəzərlə canlı müsahibələr vermiş və Bakı şəhərində günahsız, əliyalın insanların Sovet qoşunları tərəfindən kütləvi qətl edilmələrini bütün dünyaya bəyan etmişdir.
Ağamalı Sadiq Əfəndi həmçinin Məhəmməd Əmin Rəsulzadənin qurduğu Müsavat Partiyasını bərpa edən və onu ən ağır vaxtlarında təşkilatlandıranlardan biri olub. Lakin Ağamalı Sadiq 1992-ci ildə tutduğu Mədəniyyət Nazirinin müavini vəzifəsində cəmi beş ay çalışmış, elə özünün qurduğu hökümətdən vaxtsız istefa vermiş və yaratdiqi qəzetə rəhbərlik etmişdir. 1995-ci il dekabrın 11-də səhərə yaxın ağır cərrahiyyə əməliyyatından bir neçə saat keçmiş, saat 14 radələrində Topçubaşov adına eksperimental Tibb institutunda “koronar ürək çatışmazlığı” diaqnozu ilə 48 yaşında vəfat etmişdir. 12 dekabr 1995-ci ildə ata yurdu Qazaxın Qaymaqlı kəndində (İncə dərəsi) böyük izdihamın müşayəti ilə torpağa tapşırılmışdır.