!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ay DİM, bu nə "anti-humanitaristlik"dir belə? - Aqil Bəkir yazır

!Reklam – Yazi

Fevralın 23-də ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına yeni qaydalar üzrə qəbul imtahanı keçirildi.

Əvvəla, onu deyim ki, imtahan çox yüksək səviyyədə təşkil edilmişdi. Buna görə əziz Dövlət İmtahan Mərkəzinə (DİM) bir “çox sağ ol” düşür. Bu prosesin nə qədər çətin ərsəyə gəldiyini, yəqin ki, hamımız bilirik. Bu, işin texniki tərəfidir və ona görə DİM-ə bir təşəkkürü özümə borc bilirəm.

Amma, ancaq və lakin…

Narahatedici bəzi məqamlar var ki, bunu dilə gətirməsəm, olmaz.

Birincisi, imtahanda iştirak etmək üçün müəyyən edilmiş məbləğin həddindən artıq yüksək olmasıdır. Bu məbləğin çox olduğunu tək mən yox, təhsil ekspertləri də deyirlər və onlarla razılaşmamaq mümkün deyil. Bütün hallarda, maddi imkanı olmayan tələbələri də düşünmək lazım idi. “50 manat nədir ki?” düşüncəsində olanlara demək istəyirəm ki, 30 qəpik yolpulu tapa bilmədikləri üçün universitetə piyada gedib-gələn nə qədər tələbə var… Pula görə hansısa bir tələbəni təhsil imkanından məhrum etmək olmaz. Bu, yolverilməzdir.

İkincisi isə ixtisaslaşma seçiminə buraxılma qaydaları ilə bağlıdır.

Burada bir haşiyə çıxım.

Bildiyimiz kimi magistraturaya qəbul imtahanı artıq iki yox, bir mərhələdən ibarətdir. Əgər bakalavrların əvvəllər birinci mərhələdə məntiq, informatika və xarici dil üzrə, ikinci mərhələdə isə ixtisas fənlərindən bilikləri yoxlanılırdısa, indi yalnız birinci mərhələdəki fənlər üzrə bilikləri yoxlanılır və onlar adını çəkdiyimiz fənlərdən topladığı ballar əsasında ixtisas seçiminə buraxılırlar.

“Çox absurddur” deməkdən özümü saxlaya bilməyəcəm. Düşünün, ixtisasım üzrə yox, dəxli olmayan fənlərdən imtahan verib ixtisasımı davam etdirməyə imkan qazanıram. Çox dahiyanə, çox möhtəşəm, çox nə bilim nə…

Kaş ki heyranedici təhsil sistemsizliyimizə bu əcaib “yeniliyi” əlavə edənlərin məqsəd və məramlarını biləydik…

Bu, bir xatırlatma idi. İndi isə qayıdaq əvvələ. İxtisaslaşma seçiminə.

DİM deyir: “İxtisaslaşma seçiminə qəbul və qabiliyyət imtahanlarında göstərdikləri nəticə Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan bakalavrlar buraxılırlar”.

Bəs bu şərtlər nədən ibarətdir?

Əgər DİM-in müsabiqə şərtlərinə diqqət yetirsək, ən yüksək minimal keçid balının humanitar və sosial ixtisaslar qrupuna qoyulduğunu görərik. Tam 50 bal. Digər ixtisas qruplarında isə bu bal 30, 40 və 45 bal təşkil edir. Buradakı məntiqsizliyə heyranlığımı gizlədə bilməyəcəm, vallah. Bakalavrların magistraturaya qəbul imtahanında hansı fənlərdən imtahan verdiyini xatırladıram bir daha: Məntiq, informatika və xarici dil. İndi xarici dil dursun bir yana, məntiq və informatikanı, “humanitar”la qoyaq yanaşı. Bundan sonra nəsə desəm, ayıb olar. Vallahi, billahi, lap belə tallahi də ayıb olar.

Bundan sonra məndə yaranan bu sualı, yəqin ki, haqlı hesab edərsiniz: Ay DİM, bu nə “anti-humanitaristlik”dir belə?

QEYD: Dilimizdə “anti-humanitaristlik” deyə bir söz yoxdur. Qoy bu yeni söz tərəfimdən Dilçilik İnstitutuna hədiyyə olsun.

www.yenicag.az

1113
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv