!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məktəb "xoxan" rolunda: Uşaqları təhsildən qorxudan valideyn sevgisi - Aqil Bəkir yazır

!Reklam – Yazi

İnanmıram, övladını sevməyən valideyn olsun. Düzdür, ara-sıra belələrinə rast gəlinir, lakin onlar valideyndən öncə insan deyillər və insanlıq olmayan yerdə sevgidən söhbət gedə bilməz.

Azərbaycan cəmiyyətində valideyn sevgisi uşağı uşaqlıqdan əsarət altına almağa bənzəyir. Övladını sevir, ancaq bu sevgini özünə dönük şəkildə sərhədləndirir. Bu mənada, uşaq dünyaya gətirmək nəsil artırma instinktindən başqa həm də eqoizmin nəticəsidir. Bir növ gələcəyə yatırım.

İndi elə bir dövrdür ki, hər kəs hər şeyini – sevincini, kədərini, qazancını, itkisini açıq şəkildə yaşayır. Həmin “açıq şəkildə yaşamaq” isə zaman keçdikcə kütləviləşir, uydurma adətə çevrilir, ənənə yolunu tutur. Uşaqların şagird olduğu ilk gün kimi.

Hər il məktəbə gedən birincilərin yaşadığı qorxuya, ağlamalarına, qışqırmalarına, ana-atalarını istəmələrinə sosial mediada, televiziyada geniş yer verilir. Çoxu buna gülməli şey imiş kimi baxır, onların bu hallarını həyatlarının yeni düzəninə qarşı verdikləri reaksiya olaraq dəyərləndirir. Lakin uşaqlarda məktəbə qarşı bu cür qorxu gülməli olmamalıdır. Məsələnin alt qatına enilməlidir.

Düşünürəm ki, bu, uşaqların yetişdirilmə formasından qaynaqlanır. Necə ki uşaqlar iynə ilə qorxudulduqları üçün həkimə cəllad gözü ilə baxırlar, polisə qorxunc məxluq, eyni şəkildə sevgi ilə “yüklənmiş” ömürlərində bu sevgidən ayrı düşmə təhdidi kimi “səni məktəbə qoyacam” cümləsini eşitdikləri üçün təhsil ocağını işgəncə məkanı kimi təsəvvür edirlər. Sonra da ağlaşmalar başlayır. Bu da yuxarıda qeyd etdiyim ənənə məsələsini ortaya çıxarır.

Bütün ölkədə ilk dərs günü yolları tıxac bürüyür, valideynlər məktəblərə axışır, övladlarını birinci gün yalnız buraxmırlar. “Olmasın” demirəm, ancaq hər şeyi olduğu kimi, bu məsələni də şişirdib problem halına gətiririk. Məktəbə axışanlar arasında nənələr, babalar, dayılar, əmilər, xalalar, bibilər də olur və ilk dərs günü kütləvi psixoza çevrilir. Hələ bunun axşam davam edən əyləncəsi də var. Qısası, balacalıqda məktəblə qorxudulan uşaqlar məktəbə toy-düyünlə yola salınır.

İndi bu toy-düyün bazarına məktəbəqədər təhsil də əlavə olunub. Soruşanda ki, bu qədər təntənə nəyə lazımdır, cavabları bu olur ki, camaat belə edir, bizim uşaq yetim kimi qalsın? Bu düşüncənin özü sərxoş kimi ayaq üstə durmağa çalışan təhsilə valideynlərin vurduğu zərbədir. Elə “universitetə qəbul olmalısan” psixoloji şiddətinin təməlləri də bu zaman atılır.

Axı nəyə lazımdır bu qədər təmtəraq? Bütün bunlar nə üçündür? Təhsil üçün? Ya uşağın gələcəyi üçün? Yox, ancaq “qonşudan dala qalma” prinsipinin tətbiqi üçün!

COP29

www.yenicag.az

443
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv