Ayıların son günlər kəndlərə hücumlarının SƏBƏBİ AÇIQLANDI
“Vəhşi heyvanlar insanlara bilərəkdən hücum etmirlər, sadəcə qida axtarışına çıxırlar”.
Bunu Yenicag.az-a açıqlamasında ekoloq Qorxmaz İbrahimli son günlər bir sıra rayonlarda ayıların insanlara hücumunun səbəblərindən danışarkən deyib.
Ekoloq bildirib ki, ayıların kəndlərə hücum etməsi son illər çox təsadüf olunan bir haldır:
“Bu, ilk olaraq meşələrimizin qırılması, çoxlu ağaclarımızın məhv edilməsi ilə əlaqəlidir. İcazəsiz ovçuluq, meşə təsərrüfatının pozulması kimi hallar da buna səbəb olur. Nəticədə ayıların qidası azalır.
Belə hadisələr əsasən qışda daha çox müşahidə olunur. Ayı qışda yatmaya da bilər, çünki bəzən onun üçün lazım olan qida çatışmır. Qidanın olmaması böyük bir fəlakətdir”.
O bildirib ki, bu problem bütün dünyada müşahidə olunur:
“Misal üçün Kanadada ayılar şəhərlərin kənarlarına qədər gəlirlər. Yəni bu, yalnız bizim ölkəmizin yaşadığı proses deyil. Biz vəhşi təbiətlə ahəng içində yaşamağı bacarmırıq. Canlıların həyat sahəsini çox daraltmışıq. Onlar da bəzən bizim yaşadığımız ərazilərə gəlirlər.
Qabanlar, çöl donuzları və digər heyvanlar üçün də eyni vəziyyət hökm sürür. Onların insanların ərazilərinə girməsi əslində hücum məqsədli deyil. Mən özüm də dağlıq ərazilərdə buna şahid olmuşam. Avqust və sentyabr aylarında ayılar gecələr kəndlərə girib insanların bağlarındakı meyvələri yeyirlər. Niyə? Çünki çöldə quraqlıq olur, təbiətdə qida azalır.
İqlim dəyişir, meyvələr yetişmir, ayının qidası qalmır. Məcburən isə şəhər və kəndlərə gəlir, meyvə yeyirlər. Bir sözlə, vəhşi heyvanlar insanlara bilərəkdən hücum etmirlər, sadəcə qida axtarışına çıxırlar”, – deyə o bildirib.
Nəsimi Ələsgərli