!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azad Rəhimov “ay xalq, mən səni saymıram, sənin rəyinlə hesablaşmıram” deyir” - Hafiz Hacıyev

!Reklam – Yazi

Gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə verdiyi açıqlamada, “bu il keçiriləcək “Formula 1” yarışlarında azarkeşləri əyləndirmək üçün Bakıya dünyaca məşhur bir müğənninin dəvət olunduğunu bildirib:

“Xarici ulduzların hansı məbləğ müqabilində ölkəyə təşrif buyurduqları çoxumuza məlumdur. Kimi 30-50 min, kimi isə 300 min dollar qarşılığında çıxış edir. Məsələn, I Avropa Oyunlarının açılışına gələn Ledi Qaqaya 1 milyon dollar qonorar ödənmişdi. Büdcə həmişə mediaya açıqlanıb. Biz ənənəyə uyğun olaraq, yarışın sonunda təşkilati işlərə xərclənən pulları açıqlayacağıq. Onu da qeyd edim ki, bu il yeni avadanlıqlar alınmayacaq, ötənilki hasardan istifadə olunacaq. Ümumilikdə daha az maliyyə xərclənəcək”,- deyə bildirib.

Amma iki il bundan əvvəl Azad Rəhimov jurnalistlərə başqa məlumat vermişdi. O, dünyaşöhrətli ulduz Ledi Qaqanın Avropa Oyunlarının açılış mərasimindəki ifasına görə, ödənilən məbləğin kommersiya sirri olduğunu açıqlamışdı:

“Ledi Qaqa ilə müqavilə imzalanmışdı. Razılaşmaya görə aldığı qonorar kommersiya sirri kimi gizli saxlanılmalıdır. Onu nə biz açıqlaya bilərik, nə də Ledi Qaqa”.

Qəribəsi odur ki, iki il bundan öncə nazir Azad Rəhimov bunu sirr saydığı halda indi məbləğin miqdarını açıqlayır:1 milyon dollar…

Məsələ ilə bağlı Yeniçağ.az-a münasibət bildirən “Müasir Müsavat Partiyası”nın sədri Hafiz Hacıyevin sözlərinə görə,

“Bu, nazirlərin siyasi savadsızlığından irəli gəlir. Açığını deyim ki, Prezident çalışır ki, bu məsələlərdə qənaətə riayət etsinlər və xalqın çətin günündə ona kömək olsunlar. Məmurlar isə onun dediyinin tam əksini edirlər. Bəlkə bundan da çox xərclənib. Bunu açıq deməyə nə ehtiyac var? Bu gün 100 manata həsrət qalan insanlar var, məcburi köçkünlərimiz var. Günü-gündən qiymətlər qalxır. Məmurlar isə milləti qıcıqlandırmaqla məşğuldurlar. Belə çıxır ki, cənab Prezidentin tapşırıqları bunlar üçün heç nədir. Əslində, 1 milyon dollar az pul deyil. Bəlkə də bundan da çox pul verib. Bilirsiniz, bunlar elə bir mərkəzdən idarə olunurlar ki, az qala Azərbaycan xalqının qulağından tutub desinlər ki, “gəlin, bu dövlətin üzərinə qalxın”. Bu, çox xoşagəlməz bir haldır. Mən bunu qəbul edə bilmirəm. Bizim nə qədər qaçqınlar əziyyət çəkir, küçələrə çıxıb yol kəsirlər. Amma nazirin deməsinə görə, bu gün durub adi müğənninin gəlməsinə 1 milyonun verilməsi onun qudurğanlığıdır. Bu, xalqa həqarət və təhqir deməkdir. Bu o deməkdir ki, “ay xalq, mən səni saymıram, sənin rəyinlə hesablaşmıram. Sən nə desən də mən öz işimdə olacam””.

Hafiz Hacıyev hesab edir ki, bu açıqlama başqa bir xərci gizlətmək üçün də verilə bilər: “Bunu edib, gizli saxlamışdınızsa elə gizli də qalardı. Belə məsələlərdə dövlətin milli maraqlarını qorumaq lazımdır. Prezident həmişə deyir ki, qənaətcil olun, bütün məsələlərdə xalqın yanında olun. Amma çox təəssüf ki, bu belə deyil. Məmurların hamısı Prezidentə xəyanət etməklə məşğuldur. Bu xəyanətin də gec-tez bir nəticəsi olacaq. Hər halda bunu müsbət qiymətləndirmirəm və çox narahatçılıqla qəbul edirəm. Düşünürəm ki, artıq bu məmurlar islah olunmaz insanlardır. Onların nə dövlətə, nə də dövlət başçısına canları yanmır. Prezidentin etdikləri yaxşılıqların qarşısında nazirlərin bu hərəkəti xəyanətdir. Bunlar bütün günü millətin hissiyyatı ilə oynamağa can atırlar. Ona görə də bizə ehtiyac yoxdur hansısa Ledinin- kedinin Azərbaycanda oxuması. Bir vaxt 2 milyon, indi isə 1 milyon deyirlər. İndi nə etmək olar ki, Azərbaycan xalqının taleyinə belə məmurlar düşüb. Nə qədər desək də xeyri yoxdur. Çünki bunlar bir qulaqdan alıb, o birindən ötürürlər. Azərbaycanın ictimai rəyinə böyük həqarətlə yanaşırlar, xalqı ələ salırlar. Bunun axırı yaxşı qurtarmayacaq. Məmurların qınaq obyektinə çevrilməsi üçün ictimai kampaniyaya başlamaq lazımdır. Hansı məmur dövlətə, Prezidentə, ictimaiyyətə həqarətlə yanaşırsa, xalqı aşağılayırsa, layiqincə cəzasını almalıdır. Bütün bunların hamısını ortaya qoymaq lazımdır ki, dövlət başçısı düşdüyü bu böhran vəziyyətdən çıxa bilsin. O nazirə demək istəyirəm ki, ağıllı- başlı olsun. Adamın qarnının yekə olması o demək deyil ki, hər şeyi yaxşı bilir. Beyni də bir balaca işlətmək lazımdır. Siz məmurların birgünlük xərci maaşla dolanan sıravi azərbaycanlının heç birillik gəliri deyil. O cür insanlara, ailəsinin təlabatını ödəyə bilməyənlərə acıq verməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, məmurların əksəriyyəti Prezidentin verdiyi sərəncam və fərmanların heç birini yerinə yetirmir. Yerinə yetirsələr, boş-boşuna bu qədər pulu talayıb aradan itirməzlər”.

Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

705
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv