Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azay Quliyev: "Ermənistanı hərbi kapitulyasiya aktına imza atmağa məcbur etdik"

“Bu gün, dekabrın 1-də Laçının işğaldan azad olunması ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası prosesi tam başa çatdı. Ali Baş Komandanın qətiyyəti, xalqımızın birliyi, şanlı ordumuzun şücaəti ilə Vətən müharibəsini böyük Qələbə ilə başa vurduq. Cəmi 44 günə işğalçı ordunu darmadağın edərək Ermənistanı hərbi kapitulyasiya aktına imza atmağa məcbur etdik. Nəticədə, Ağdam, Kəlbəcər və Laçın kimi strateji əhəmiyyətli rayonlarımız itkisiz olaraq işğaldan azad edildi, Azərbaycan bütövləşdi”.

Yenicag.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib.

“Bir ölkənin işğal altında olan ərazilərinin bir qismini döyüş meydanında düşməni məğlub etməklə, yerdə qalan hissəsini isə ultimatum və kapitulyasiya yolu ilə azad etməsi dünya hərb tarixində çox nadir, oxşar münaqişələrin həllində isə ilk hadisədir.

Nəhayət, Azərbaycan millətinin əyilmiş qəddi düzəldi, “məğlub xalq” və “döyüşməyi bacarmayan ordu” tənəsindən xilas olduq, Qəhrəman Xalq və Qalib Ordu titulunu əbədi qazandıq, şərəfli tarix yazdıq, tarixin gedişini dəyişdik, bütün dünyanı bizimlə hesablaşmağa və bizə hörmət etməyə məcbur etdik. İndiyə kimi vətən uğrunda qanı axıdılan bütün Şəhidlərimizin qısasını düşməndən misli ilə aldıq.

Bu tarixi hadisənin müəllifi, bu şərəfli tarixin memarı Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyevdir, Azərbaycan xalqıdır, Azərbaycanın qəhrəman ordusudur.

Bu tarixi qələbə münasibətilə Müzəffər Ali Baş Komandanı, qürurlu Xalqımızı, qəhrəman əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm.

Qorxmadan düşmənin üzərinə şığıyan, döyüşkən ruhu ilə düşməni lərzəyə salan, Şuşa kimi alınmaz qalanı əlbəyaxa döyüşlə azad edən, 21-ci əsrin hərb və qəhrəmanlıq nümunəsini yaradan cəsur əsgər və zabitlərimizə, qazilərimizə, bir ayağını və ya qolunu itirsə də “mən bu vətən üçün heç nə etmədim deyən” təvazökar və şir ürəkli igidlərimizə ürəkdən təşəkkür edir, onların hər birilə xalqımızın qürur duyduğunu bildirirəm.
Torpaq- əgər, uğrunda ölən varsa Vətəndir!

Əlbəttə, Şəhidlərsiz Vətən olmur, torpaqlar işğaldan azad edilmir, ərazi bütövlüyü bərpa olunmur, tapdanmış milli kimliyimiz özümüzə qayıtmır, yenidən dirilmir. Mən bilərəkdən, təəssüf sözünü işlətmədim. Çünki, Şəhidlərimiz çox böyük və müqəddəs amal uğrunda canlarını qurban veriblər. Onlar cismən bizdən ayrılıblar, mənən isə hər zaman bizimlədir, bu xalq və dövlət durduqca onlar da yaşayacaqlar. Yalnız Şəhidlərə ölməzlik nəsib olur və onların ruhları cənnətdə əbədiyyən rahatlıq tapır.

Mən bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirəm!

Şəhidlərimizin ruhu qarşısında baş əyirəm!

Bu qəhrəman övladları böyüdən və vətən üçün fəda edən Valideynlərə, Ata və Analara təşəkkür edirəm!

Vətən sağ olsun, deyirəm!

Şahidlərimizn ailələri, qazilərimiz və tarixi qələbədə əməyi olan hər kəs bilir ki, xalqımız və dövlətimiz onları hər zaman uca tutacaq və onların tarixi xidməti layiqincə qiymətləndiriləcək.
Qələbəmiz mübarək!
Azərbaycan bütövdür!
Qarabağ Azərbaycandır!”

www.yenicag.az

242