Azər Həsrət təxribatla bağlı açıqlama verdi
VatanPress.com saytında Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri,Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrətə qarşı təxribat olub. Belə ki, onun adından sözügedən saytda əxlaq dışı yazı yayınlanıb. Bununla bağlı, o, media üçün açıqlama paylaşıb.
Təqdim olunan açıqlamada deyilir:
“Lütfən, diqqət!
Bu gün mənə qarşı çox şərəfsiz bir təxribat baş verib! Qazaxıstandakı Azərbaycan diasporunun “Vətən” qəzeti üçün bir zamanlar hədiyyə etdiyim saytda (vatanpress.com) mənim adımdan Mirzə Sakitlə bağlı çox əxlaqsız bir yazı dərc edilib. Saytın və qəzetin baş redaktoru Ramiz Məşədihəsənliylə əlaqə saxladıqda bəlli oldu ki, onun da bundan xəbəri yoxdur. Müəyyən etdik ki, sayta müdaxilə edilib. Bu müdaxiləni edən və mənim adımdan yazı paylaşan şərəfsizin kim olduğunu bilmirəm. Amma hər halda o kimdirsə məni izləyən, tanıyan birisidir və buradan onun nə qədər əxlaqsız biri olduğunu diqqətinə çatdırıram. Mirzə Sakitlə mənim siyasət aləmində fikirlərim radikal şəkildə fərqlənsə də o cür əxlaqsız yazı yazacaq qədər şərəfsiz olmadığımı elə onun özü də bilir. Və nə yaxşı ki, Mirzə Sakit dərhal bu haqda mənə xəbər verdi və biz o yazını sildik. Amma istərdim hər kəs bilsin ki, mən bu günədək yazdığım bütün yazılarımın, ən adi şərhlərimin belə altında öz imzamı qoydum və heç vaxt gizli imzayla yazmadım, yaxud da kiməsə yazdırmadım. Mirzə Sakiti tənqid etmək lazım gəlsə mən bunu açıq şəkildə edərəm və bundan onun özü də inciməz. Çünki biz elə Facebook üzərindən demək olar ki, həftədə bir neçə dəfə əxlaq və ədəb həddini aşmadan mübahisə edirik. Təbii ki, nə o, nə də mən mövqeyimizdən vaz keçmirik. Amma önəmlisi odur ki, biz bir-birimizin xətrinə dəymədən ən sərt şəkildə belə mübahisə edə bilirik. Belə bir ortam varkən mənim adımdan Mirzə Sakitlə bağlı bu cür şərəfsiz yazı paylaşan əxlaqsız adam anlamalıdır ki, belə yalan nə mənə yapışar, nə də Mirzə Sakit özü buna inanar.
Bütün dostlarıma və oxucularıma bir daha bildirmək istərdim ki, mənim yazılarım şəxsən özümdən daxil olmadıqca dərc edilməsin.”
(mia.az)