Azərbaycan beynəlxalq münasibətlər üçün xərclərini 14,2 milyon manat artırır
Azərbaycanın 2026-cı ildə beynəlxalq münasibətlər, xarici yardımlar və xaricdəki ticarət nümayəndələrinin saxlanılması ilə bağlı xərcləri 14,2 milyon manat artırılacaq.
Yenicag.az xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Sənədə əsasən, 2026-cı ilin dövlət büdcəsinin layihəsində beynəlxalq münasibətlər (o cümlədən, beynəlxalq və regional təşkilatlara üzvlük haqqı və maliyyə institutlarının (maliyyə-kredit təşkilatlarının) səhm kapitalında iştirakı, ölkəmizin xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarının saxlanılması, beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlər, beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər), xarici yardımlar və xaricdəki ticarət nümayəndələrinin saxlanılması ilə bağlı xərclər üzrə 549,5 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb. Bu da 2025-ci illə müqayisədə 14,2 milyon manat və ya 2,7 faiz çoxdur.
Həmçinin xərclərin 215 milyon manatı xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarının saxlanılması xərclərinə (2025-ci illə müqayisədə 10 milyon manat və ya 4,9 faiz çox), 23,5 milyon manatı beynəlxalq və regional təşkilatlara üzvlük haqqı ilə bağlı xərclərə, 38 milyon manatı beynəlxalq və regional maliyyə institutlarının (maliyyə-kredit təşkilatlarının) səhm kapitalında iştirakı ilə bağlı xərclərə, 7 milyon manatı beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlərlə bağlı xərclərə, 239 milyon manatı beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclərə, 19 milyon manatı xarici yardımlar üzrə xərclərə, 8 milyon manatı isə xaricdəki ticarət nümayəndələrinin saxlanılması üzrə xərclərə yönəldiləcək.
Məlik Məlikov