Azərbaycan dilinə daxil olan XARİCİ SÖZLƏR: Zənginlik, yoxsa milli kimlik üçün TƏHLÜKƏ?
Son illər ərzində qloballaşan dünya ilə əlaqədar olaraq Azərbaycan dilinə xarici mənşəli sözlərin daxil olması sürətlənib. İnternetin və texnologiyanın sürətli inkişafı, beynəlxalq əlaqələrin güclənməsi, eləcə də sosial media platformalarının həyatımızın ayrılmaz hissəsinə çevrilməsi bu tendensiyanı daha da qüvvətləndirib. Xüsusilə ingilis dilindən alınan sözlər, müxtəlif texnologiya və sosial sahələrdəki anlayışlar Azərbaycan dilində geniş şəkildə istifadə edilməyə başlanıb. Bu vəziyyətin dilçi alimlər və ictimaiyyət tərəfindən müzakirə olunan əsas məsələlərdən biri olması təbiidir.
Bəzi mütəxəssislər xarici sözlərin dilə daxil olmasını dilin təbii inkişafı və zənginləşməsi kimi dəyərləndirirlər. Onlar hesab edirlər ki, müasir dövrün tələblərinə uyğun olaraq, dilin müxtəlif sahələrə uyğunlaşması vacibdir və bu, dilin adaptasiya prosesi olaraq görülməlidir. Bu yanaşma, xüsusilə gənclər arasında yeni texnologiyaların, elmin və mədəniyyətin bir hissəsi kimi qəbul edilən yeni sözlərin qəbulu ilə bağlıdır.
Ancaq digər tərəfdən, bu vəziyyətin milli kimliyə və ana dilinə olan bağlılığa təsir edəcəyi barədə narahatlıqlar da mövcuddur. Dilin zənginləşməsi prosesində xarici sözlərin çoxalması, bəzən həmin dilin orijinallığının itirilməsi riskini doğura bilər. Təəssüf ki, xüsusən gənc nəslin dilində qarışıq və ya qısaldılmış ifadələr, həmçinin başqa dillərdən alınan sözlərin yerinə bəzən daha az işlənən, amma uyğun qarşılıqların istifadəsinin önəmi unudulur. Bu tendensiya həm də dilin qrammatik quruluşunun zəifləməsinə və təbii olaraq, dilin gələcək nəsillərə düzgün şəkildə ötürülməsinin qarşısını ala bilər.
Dilin milli kimlik və mədəniyyət baxımından rolunu nəzərə alaraq, mütəxəssislər Azərbaycan dilinin gələcəyinin qorunması və inkişafı üçün ciddi tədbirlərin görülməsini təklif edirlər. Dilin qorunması, gənclərin ana dilinə olan marağının artırılması üçün təhsil sistemində müvafiq islahatların həyata keçirilməsi, eyni zamanda media və ictimaiyyətin bu məsələ ilə bağlı maarifləndirilməsi vacibdir.
Xarici sözlərin dilə daxil olması bir tərəfdən dilin inkişafını təmsil etsə də, digər tərəfdən, bu inkişafın gənclərin milli dilə və mədəniyyətə bağlılığını zəiflətməməsi üçün nəzarət altında aparılması zəruridir. Bunun üçün dilçi mütəxəssisləri və dövlət orqanları arasında əməkdaşlıq tələb olunur ki, Azərbaycan dili həm qlobal tələblərə cavab versin, həm də öz milli xüsusiyyətlərini qoruyub saxlasın.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin sabiq deputatı, akademik Nizami Cəfərov bildirib ki, bir sözün dilə daxil olması onun zənginləşməsi deməkdir, amma bu proses intellektin nəzarətindən kənarda olmamalıdır.
Dilə sözün yalnız müasir dövrdə daxil olduğunu bildirən akademik qeyd edib ki, bu, hər zaman aktual olan bir prosesdir:
“Nə keçmişə, nə də gələcəyə söz daxil olmaqdan söhbət gedə bilməz. Əgər bir söz hər hansı bir dilə daxil olubsa, deməli, bu, həmin dövr üçün müasir prosesdir. Amma o sözün taleyini zaman həll edir. Zaman keçdikcə həmin söz ya dilin üzvi tərkib hissəsinə çevrilir, ya da dildən silinir və ya başqa formada mövcud olur”.
N. Cəfərov Azərbaycan dilinin bu gün, xüsusilə müasir terminologiyaya ehtiyac duyduğunu vurğulayıb. Onun sözlərinə görə, müxtəlif elm sahələri üzrə, xüsusilə də süni intellekt, genetika, informasiya texnologiyaları və digər sahələrdə yeni terminlərə ehtiyac yaranır, lakin bu sözlər cəmiyyətə kütləvi şəkildə nüfuz edə bilmir:
“Bu terminlər əsasən terminoloji lüğətlərdə mövcuddur və yalnız mütəxəssislərin yazılı və ya şifahi nitqində işlənir. Bu terminlərin çox az hissəsi təqribən 10 faizi kütləvi istifadə müstəvisinə keçə bilir”.
Ədəbi dilimizin lüğət tərkibinin son dərəcə zəngin olduğunu bildirən akademik vurğulayıb ki, bu gün belə, Azərbaycan dilində neçə söz olduğu dəqiq bilinmir:
“Mütəxəssislər bu sayla bağlı 80 min ilə 120 min söz arasında tərəddüd edirlər. Bu da dilin zənginliyinin göstəricisidir. Belə zəngin bir lüğət tərkibinin mənimsənilməsi zaman və nəsillər üzrə həyata keçirilir. Cəmiyyətin hər yeni nəsli bu lüğətə yenidən qiymət verir”.
Akademik hesab edir ki, qeyri-terminoloji sözlər – yəni gündəlik danışıq dilinə aid ifadələr – terminlərdən daha az dilə daxil olur:
“Burada əsas məsələ həmin sözlərin intellektual səviyyədə işlədilməsi və mənasının düzgün dərk edilməsidir”.
Hazırda Azərbaycan dilində çoxsaylı alınma sözlərin olduğunu qeyd edən akademik, dialekt və ədəbi normaya uyğun olmayan sözlərin də geniş yayıldığını bildirib. O hesab edir ki, bu, həm zənginlik, həm də təhlükə ola bilər:
“Bir sözün dilə daxil olması onun zənginləşməsi deməkdir, amma bu proses intellektin nəzarətindən kənarda olmamalıdır. Əgər nəzarətsiz şəkildə parazit sözlər daxil olursa və bunlar ədəbi dili sıxışdırırsa, bu zaman zənginləşmədən yox, zəifləmədən danışmaq olar”.
Akademik, xüsusilə “halbuki” kimi sözlərin yerinə “zato” kimi alınma ifadələrin işlənməsini bu kontekstdə misal çəkib və qeyd edib ki, belə sözlərin qorunması yalnız iddia ilə deyil, praktik istifadə ilə mümkündür:
“Bu prosesdə yalnız dilçilər yox, psixoloqlar, sosioloqlar, mədəniyyətşünaslar və cəmiyyətin özü də məsuliyyət daşıyır”.
Gənclərin ana dilinə bağlılığını yüksək qiymətləndirən N. Cəfərov bildirib ki, bu bilik daha çox sosial media, televiziya və gündəlik ünsiyyət vasitəsilə formalaşır.
“Azərbaycan insanı artıq yalnız lokal deyil, qlobal məkanda formalaşan şəxsiyyətdir. Gənclər rus, ingilis, fransız, ərəb və digər dilləri öyrənirlər. Bu da dilimizə müəyyən dərəcədə təzyiq yaradır, amma bu zəruri prosesdir”.
O, Azərbaycan və Türkiyə türkcəsi arasında qarşılıqlı təsirin də getdikcə artdığını bildirib və qeyd edib ki, əsas məqsəd Azərbaycan dilinin gənclərin təfəkküründə əsas yer tutmasıdır.
Akademik vurğulayıb ki, yeni doğulan uşaqlar məktəb yaşına qədər ana dilini yaxşı mənimsəməli, digər dillər ana dili bazasında öyrənilməlidir. Onun fikrincə, orta məktəbdə şagirdlər elmi anlayışları, rəsmi sənədləri bu dildə oxuyub-anlamağı bacarmalıdırlar:
“Məsələn, Lütfi Zadənin nəzəriyyəsi kimi mürəkkəb elmi məsələlər başqa dillərdə öyrənilə bilər, amma əsas odur ki, baza dili ana dili olsun”.
Sonda Nizami Cəfərov bildirib ki, dilə bağlılığı artırmaq üçün dövlətin hüquqi bazası və qanunvericilik sənədləri mövcuddur:
“Təhsil, media və mədəniyyət sahəsində fəaliyyət göstərən qurumlar bu istiqamətdə ardıcıl və yeni dövrə uyğun şəkildə fəaliyyət göstərməlidirlər”.
Məsimə Məmmədova
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” mövzusunda hazırlanmışdır.