!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan dövlətinin TƏMƏL İDEOLOGİYASI: Səfəvi İmperiyasından sonuncu Cümhuriyyətə qədər keçilən YOL

!Reklam – Yazi

Dünya tarixində dövlət anlayışının yaranması ilə paralel bu təsisatın dayanıqlığını gücləndirəcək son dərəcə mühüm element olan ideologiya məfhumu da aktuallıq qazanaraq, əhəmiyyəti getdikcə artan faktora çevrildi.

Təbii, antik və müasir dövrün müqayisəedilməz fərqliliyi istər dövlətin strukturlaşması, istərsə də ideoloji bazanın təşəkkülündə özünü qabarıq göstərməkdədir. Qədim Misir, Roma, Yunanıstan və antik dövrün digər dövlətlərin ilkin təcrübələrində ideoloji baza rolunu öncə müxtəlif inanclar, daha sonra isə din oynayırdısa, tarixi inkişaf prosesində meydana çıxan bir sıra siyasi-ideoloji cərəyanlar qeyd olunan ünsürləri tədricən sıxışdırmağa nail oldular.

Yenə tarixə nəzər salsaq, ideologiya anlayışının müstəqil termin olaraq ilk dəfə XVIII əsrin sonlarından, Böyük Fransa İnqilabı ilə təqribən eyni ərəfədə filosof, iqtisadi və siyasi xadim Antuan-Lui-Klod de Trasi tərəfindən leksikona daxil olduğunu görərik. İnqilab nəıticəsində Napoleon Bonapartın hakimiyyətə gəlişindən sonra dövlətin idarə olunmasında ideoloji bazanın vacibliyinə dair proqram hazırlayan de Trasinin bu təşəbbüsü imperatorun təqdirini qazanmır. Onun təklif etdiyi ideoloji prinsiplərin “çox mücərrəd” olduğunu əsas gətirən Napoleon dövləti ideologiyasız da yönəltməyin mümkünlüyü iddiasını irəli sürür. Lakin tarix Napoleonu deyil, da Trasini haqlı çıxarır…

Erkən orta əsrlərdə Avropada xristianlığın yayılması ilə əlaqədar bu din bir çox dövlətlərdə əsas ideologiya funksiyasını yerinə yetirməyə başladı və kilsə dünyəvi hakimiyyət üzərində öz hegemonluğunu təmin etdi. Tarixi proseslərin gedişində xristianlığın parçalanması səbəbindən yaranan katolik və pravoslav, daha sonra isə protestant kilsələri məzhəblərarası düşmənçiliyi həm də dövlətlərlərarası rəqabətin ayrılmaz hissəsinə çevirdilər. VII əsrdə İslam dininin təşəkkülü dini-ideoloji baza üzərində öncə Ərəb Xilafətinin, növbəti mərhələlərdə isə irili-xırdalı onlarla dövlətin tarix səhnəsinə çıxmasına təkan verdi.

Dini inaclarını öz milli ideologiyalarına “oturdan” yəhudilər isə yeni erada XX əsrin ortalarına qədər müstəqil dövlətçilikdən məhrum olsalar da, məhz tapındıqları iuadizm sayəsində milli idendikliklərini qoruyub saxlamağı bacardılar. O baxımdan, yəhudilər yeganə xalqdırlar ki, bu gün də dini inancları onların milli kimliyini müəyyənləşdirən başlıca faktor qismində çıxış edir.

XIX əsrdən etibarən, Avropada maarifçi və islahatçı cərəyanların sürətli inkişafı müasir ideologiyaların meydana çıxmasına və bu dalğada siyasi təmərküzləşməyə güclü təkan verdi. İdeoloji prinsiplərə əsaslanan təşkilatlanma siyasi skeptrdəki mövqeləri (sağ; mərkəz; sol) aydın təsbit edərək, modern prinsiplər əsasında formalaşdırılan siyasi partiyaların özünəməxsus “vizit kartı”nı “cızdı”. Beləliklə, partiiyaların siyasi spektrdəki mövqelərinə (sağ, sağ-mərkəzçi; mərkəzçi; sol, sol, sol-mərkəçi) baxdıqda, onların hansı ideologiyaya əsaslandıqlarını asanlıqla bilmək olur. Burada daha bir mühüm məqamı da qeyd etmək lazım gəlir ki, çağdaş dönəmdə dövlətlərin milli ideologiyası da əsasən, aparıcı siyasi qüvvələrin istinad etdikləri ideologiyanın bazasında formalaşır.

Əlbəttə, yuxarıda ümumi şəkildə qeyd olunan məqamlar sivil dünyanın ayrılmaz parçası olan Azərbaycanın keçdiyi tarixi mərhələlər üçün xarakterikdir. Dünyada ilk dövlətlərin yarandığı əsas coğrafiyalardan biri olan Azərbaycan ərazisində formalaşan dövlət quruluşları da özlərinə xas ideoloji prinsiplərə əsaslanıblar. İbtidai inancların ardınca Tenqriçilik, atəşpərəstlik, xristianlıq və İslam dinlərinə tapınmış əcdadlarımızın dövlətçilik təfəkküründə bu elementlər olduqca mühüm yer tutub. Xüsusilə, İslam dininin Yaxın və Orta Şərqdə yayılması bu coğrafiyadakı xalqların tarixində yeni səhifə açmaqla yanaşı, həm də əksər hallarda siyasi- mənəvi-mədəni təməllər üzərində ortaq ideoloji irsin yaranmasında ciddi vəsilə oldu. Uzun müddət vahid İslam ideologiyasının tərkibində şaxələnən müxtəlif cərəyanlar Ərəb Xilafətinin zəifləyərək süqut etməsindən sonra sürətlə vüsət almağa başladı.

Bu sırada istisna təşkil etməyən Azərbaycanda IX-X əsrlərdən başlayaraq, Türk elementinin hakim olduğu yeni ideoloji platformalar və onların əsasında dövlət təsisatları formalaşdı. İlkin olaraq, Sacilər dövlətinin yaranışı ilə başlayan bu tendensiya Atabəylər dövründə daha da genişləndi və etnik faktorun tədricən dini faktoru üstələməsi ilə diqqəti cəlb etdi. O dövrdə Azərbaycanın da tərkibində olduğu Böyük Səlcuqlu İmperiyasının çöküşü və regionda monqol təsirinin güclənməsi də artıq dönməz xarakter alan prosesi dayandıra bilmədi. Əksinə, bölgə üzərində nəzarəti uzun müddət əllərində saxlayan monqolların özləri Türk faktorunun təsiri altında “əridilər”. XIV əsrdə oğuz tayfalarının Azərbaycanın tarixi ərazilərində qurduqları Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin mövcudluq dönəmində İslami ideologiyadan imtina edilməsə də, Türk elementi, törəçiliyiə söykənən ideologiya mühüm təsirə malik idi.

Azərbaycanda ilk milli dövlət ideologiyasının yaranışı Səfəvilər İmperiyasının tarixi ilə bağlıdır. 1501-ci ildə Türk tayfa birliklərinin konfederasiyası kimi qurulan bu dövlətdə hakim zümrəni türklərin təşkil etməsi həm də dövlətin ideologiyasını müəyyənləşdirirdi. Doğrudur, Səfəvilər İmperiyasında hakim din şiəlik olsa da, bu ideologiya bütünlüklə Türk elementləri ilə əhatələnmişdi. Dövlətin banisi və ilk hökmdarı Şah İsmayıl Xətainin Türk dilində şeirlər yazması, saray və orduda türkcənin hakim mövqedə olması, düvlətin bütün mühüm vəzifələrinin məhz türklərə həvalə edilməsi din amilini Türk kimliyinin kölgəsinə salmışdı. Doğrudur, bütün bunlarla yanaşı, dövlət ərkanı ilə əhalinin şiəlik təəssübkeşliyi əsla azalmırdı. Səfəvi İmperiyasının süqutuna qədər mövcud olan bu ideoloji baza dövlətin xələfi sayılan Əfşar və Qacar imperiyaları dönəmində aktuallığını saxlasa da, XIX əsrin ikinci yarısında vəziyyət dəyişdi. Qacar dövlətinin zəifləməsi Türk elementinin dini faktorla pərdələnən fars şovinizmi qarşısında arxa plana keçməsi ilə nəticələndi.

Azərbaycanda milli ideologiyanın növbəti dalğası 1918-ci il mayın 28-də elan olunan Xalq Cümhuriyyəti (AXC) dövrünə təsadüf edir. Birinci Dünya Müharibəsində məğlub olan Çar Rusiyasının süqutunun yaratdığı tarixi şəraitdə Azərbaycan dövlətçiliyinin bərpası həm də yeni milli idologiyanın təşəkkülünə zəmin yaratdı. AXC-nin əsas devizi XX əsrin böyük mütəfəkkiri Əli bəy Hüseynzadəyə məxsus “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” olsa da, demokratik mahiyyət daşıyan Cümhuriyyət ölkədə yaşayan bütün etnik qruplara və dini konfessiyalara bərabər hüquqlar tanıyaraq, onları Azərbaycançılıq ideologiyası ətrafıında birləşdirməklə, vahid və bölünməz xalq formalaşdırmağı hədəfləyirdi. Lakin 1920-ci il aprelin 27-də AXC-nin bolşevik Rusiyası tərəfindən işğal edilməsi Cümhuriyyətin varlığına son qoyaraq, yeni ideoloji təməli dağıtdı. Azərbaycanda sovet hakimiyyətinin mövcud olduğu təqribən 70 il ərzində xalqa süni kommunizm ideologiyası aşılansa da, milli dəyərlərindən qopmayan soydaşlarımız bu mənəvi repressiya qarşısında davam gətirə bildi. Ötən əsrin 80-ci illərində yenidən vüsət alan milli-azadlıq hərəkatı xalqın öz fundamental dəyərlərinə nə dərəcədə sadiq olduğunu bir daha təsdiqlədi.

1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpası milli ideologiya məsələsini yenidən aktualaşdırdı. Lakin hələ də hakimiyyətdə olan və vəziyyətin dəyişəcəyinə ümidini itirməyən kommunist nomenklaturasının milli ideologiyanın oturuşmasına qarşı müqaviməti bu sahədə bir müddət boşluğun yaranmasına gətirib çıxardı. Lakin 1992-ci ildə baş verən hakimiyyət dəyişikliyi nəticəsində milli-azadlıq hərəkatının aparıcı qüvvəsi olan Azərbaycan Xalq Cəbhəsinin (AXC) hakimiyyətə gəlişi ilə bu məsələ ön plana keçdi. Ancaq etiraf etmək lazımdır ki, AXC iqtidarında milli ideologiyanın etnik faktor üzərində təşəkkülünə yönəlik yanaşma birmənalı qarşılanmadı və Ermənistanla müharibə aparan ölkə üçün bunun zərərli olduğu diqqətə çatdırıldı. Müharibədə üzləşdiyimiz uğursuzluq dalğasında AXC-nin hakimiyyəti itirməsi və o dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyevin hakimiyyətə təkrar qayıdışı ideoloji planda da fərqli xətt götürülməsi ilə nəticələndi.

Ölkədəki real vəziyyəti və mümkün separatçılıq meyllərini nəzərə alan mərhum prezident Heydər Əliyev ölkədə yaşayan bütün xalqları öz ətrafında sıx birləşdirəcək Azərbaycançılıq ideologiyasının möhkəmlənməsi üçün zəruri addımları atdı. Onun zamanında ideoloji zəmində gerçəkləşdirilən işlər prezident İlham Əliyevin dönəmində daha geniş miqyasda reallaşdırılmaqdadır.

Bu gün Azərbaycançılıq ideologiyası dövlətin təməl prinsipləri sırasında yer alır və ölkədəki çoxsaylı xalqları birləşdirən əsas faktor kimi çıxış edir. Onsuz da, tarixən tolerant ölkə kimi tanınan Azərbaycan müxtəlif xalqların dinc-mehriban birgə yaşayışının misilsiz modeli kimi tanınır. İstər şad, istərsə də dar günlərində bir-birilərinin yanında olan, əllərindən gələn köməyi əsirgəməyən soydaşlarımız Azərbaycançılıq ideologiyasının effektivliyini öz davranışları ilə isbatlamaqdadırlar. Əsrlərin sınağından çıxmış bu qarşılıqlı münasibətlər və Azərbaycan dövlətinə olan təəssübkeşlik müxtəlif xalqların nümayəndələrini ümumi düşmənə qarşı eyni səngərdə dayanmağa, mübarizə aparmağa sövq edib. Bunun ən bariz nümunəsini Birinci və İkinci Qarabağ müharibələrində gördük. 44 günlük Vətən müharibəsində silaha sarılan soydaşlarımızı tək ali məqsəd – torpaqlarımızın erməni işğalından azad edilməsi birləşdirirdi. Onlar bu amal uğrunda döyüşərək, ya Şəhid, ya Qazi olurdular. Bu zaman onların heç birinin ağlından hansı xalqa mənsub olduğuna dair ötəri fikir də keçmirdi. Çünki söykəndikləri tək bir istinad vardı: onların məskəni və mədfəni olan Azərbaycan dövləti! Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm zəfər bütün həmvətənlərimizi bir-birilərinə daha da doğmalaşdırıb. Çünki qələbədən sonra qarşıda genişmiqyaslı quruculuq işləri var. O işləri tezliklə həyata keçirmək və işğaldan azad olunmuş ərazilərimizdə həyatı canlandırmaq üçün çiyin-çiyinə fəaliyyət göstərmək lazımdır.

Bunu təmin edəcək əsas amil isə milli həmrəyliyimiz və hər birimizi öz cazibəsində saxlayan əbədi Azərbaycançılıq ideologiyasıdır.

Araz ZEYNALOV

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

www.yenicag.az

4297
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv