Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycan hökuməti vaksinlərə nə qədər pul xərcləyib? - “Bu məsələdə şəffaflığın təmin olunması...” - ŞƏRH

“Şirkətlər ölkələr qarşısında qiymətlərin məxfi saxlanılmasına dair tələb qoymaqla, əlavə müzakirələrə yol açılmasına imkan verməməyə çalışırlar”.

Bu fikirləri Azərbaycan hökumətinin COVID-19 əleyhinə aldığı vaksinlərin qiymətini məxfi saxlamasının səbəblərini izah edən iqtisadçı Rəşad Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, mövcud şəraitdə istehsalçı şirkətlərin vaksinlərin qiymətini açıqlamamaq şərti haradasa, başadüşüləndir:

“Bu, nisbətən mürəkkəb məsələdir. Ona görə ki, bildiyiniz kimi, hazırda dünyada vaksinlərə böyük tələbat yaranıb və istehsalçı şirkətlər müxtəlif ölkələrlə fərqli razılaşmalar əldə ediblər. Yəni bu, müqailələrin bağlanma müddətindən tutmuş ilkin ödənişin nə zaman edilməsinə qədər çoxsaylı şərtlərdən asılı olaraq, qiymətlərə təsir göstərir.

Məsələn, bəzi ölkələr var ki, onlar vaksinlərin hazırlanması istiqamətində təcrübələr aparılarkən, prosesin gedişində belə istehsalçılara müəyyən ödənişlər etməklə, gələcəkdə hazır vaksinlərin alışı üçün sifarişlər veriblər. Sifarişlərin öncədən verilməsi və başqa şərtlərdən asılı olaraq, qiymətlər də dəyişir.

Təbii, burada başqa məqamların olduğu da nəzərə alınmalıdır. Humanitar prinsiplər əsasında vaksinlərin yoxsul ölkələrə daha aşağı qiymətlərlə satışı ilə bağlı da müxtəlif proqramlar həyata keçirilir. Bu səbəbdən, böyük ehtimalla, şirkətlər ölkələr qarşısında qiymətlərin məxfi saxlanılmasına dair tələb qoymaqla, mövcud qiymət fərqlərinin əlavə müzakirələrə yol açmasına imkan verməməyə çalışırlar.

Düzdür, indi müəyyən şirkətlərin məhsullarının qiyməti təxminən məlumdur – bir doza vaksinin qiyməti 15-35 dollar arasındadır və son aydan etibarən, qiymətlərdə artım müşahidə olunmaqdadır. Çünki üçüncü və dördüncü doza vaksinlərin vurulması zərurəti, onların “Delta” ştamına uyğunlaşdırılması zamanı əlavə xərclərin ortaya çıxması kimi məsələlər qiymətlərin artmasına səbəb olur.

Düşünürəm ki, mövcud şərtlər daxilində qiymətlərin məxfi saxlanılması haradasa qəbul oluna biləcək haldır. Amma təbii ki, Azərbaycan hökuməti də bu vaksinlərin alınması üçün dövlət vəsaitlərini sərf edir. Dövlət vəsaitlərinin istifadə edilməsi ilə əlaqədar milli qanunvericiliyə uyğun qaydada hesabatlar da hansısa formada ictimailəşdirilməli, şəffaflıq təmin olunmalıdır”.

Qeyd edək ki, səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərini həyata keçirən Teymur Musayev Real TV-yə müsahibəsində hökumətin xaricdən aldığı COVID-19 əleyhinə vaksinlərin qiymətinin məxfi saxlanıldığını bildirib. Onun sözlərinə görə, bu, “kommersiya sirri”dir və qiymətin açıqlanmaması istehsalçı şirkətlərin şərtidir.

A.Zeynalov

www.yenicag.az

403
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100