Reklam: High Technic
hightechnic

Azərbaycan İlahiyyat İnstitutunda prorektor təyinatları

2018-2019-cu tədris ilində yeni fəaliyyətə başlayan Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) mühüm vəzifələrlə bağlı ilk təyinatlar verilib.

İnstitutdan Yenicag.az-a verilən məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının əmri ilə dosent Mübariz Camalov Aİİ-nin tədris işləri, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov isə elm və innovasiyalar üzrə prorektor vəzifəsinə təyin ediliblər.

Qeyd edək ki, M.Camalov 1976-cı ildə Cəbrayıl rayonunda anadan olub, Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsini bitirib. İlahiyyat üzrə fəlsəfə doktorudur. Bu təyinata qədər BDU-nun İslam elmləri kafedrasının müdiri vəzifəsində çalışıb. İslam hüququ sahəsində çox sayda tədqiqat əsərlərinin müəllifi olan dosent ingilis, ərəb və türk dillərini bilir.

A.Şirinov isə 1979-cu ildə Kəlbəcər rayonunda anadan olub, BDU-nun İlahiyyat fakültəsini bitirib, İlahiyyat üzrə fəlsəfə doktorudur. Yeni təyinata qədər BDU-nun İslam elmləri kafedrasının baş müəllimi vəzifəsində çalışıb. Fəlsəfə və İslam məzhəbləri tarixi sahəsində çox sayda kitab və məqalə müəllifi olan A.Şirinov ingilis, ərəb, türk və rus dillərini bilir.

Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə yaradılıb. İnstitutun yaradılmasının əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məqsədilə dini elmlərlə yanaşı, fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm, informatika və digər sosial, humanitar elmlərin tədris olunacağı institutda müxtəlif ölkələrin aparıcı ali təhsil müəssisələrinin təcrübələrindən faydalanılması nəzərdə tutulub.

İlk tədris ilinə başlayan institutun açılış mərasimi 17 sentyabr 2018-ci il tarixində, saat 09:00-da keçiriləcək.

www.yenicag.az

326