“Azərbaycan pandemiya dövrünə tam uyğun sosial-iqtisadi siyasət yürüdür” – Alxan Xələfov

“Bir sıra ölkələr mövcud şəraitdə Azərbaycanı nümunə kimi qəbul edir və təcrübəsindən yararlanırlar”.

Prezident İlham Əliyevin qərarına uyğun olaraq, Azərbaycanda işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərə ölkə üzrə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmələrin verilməsinə başlanıb.

Qərara əsasən, birdəfəlik ödəmə aprel-may ayları üçün nəzərdə tutulub və 600 min vətəndaşı əhatə edəcək. Növbəti mərhələdə bu şəxslərin rəsmi məşğulluğunu təmin etmək üçün zəruri məlumatlar toplanacaq və uçot yaradılacaq. 9-17 aprel aralığında 140 min işsiz vətəndaş üçün birdəfəlik ödəmə artıq təmin edilib.

Marketinq və strateji planlama üzrə mütəxəssis Alxan Xələfov haqqında danışılan bu qərarla bağlı Yenicag.az-a açıqlamasında bildirib ki, iqtisadi böhran şəraitində dövlətin işsiz vətəndaşlara yönəlik bu qayğısı təqdirəlayiqdir:

“Əvvəlki qərar əsasında dövlət 200 min işsiz vətəndaşa 190 manat vəsait ödəyirdi. Lakin son qərarla bu sayın üç dəfə artılması və 600 min işsiz şəxsə şamil olunması çox gözəl haldır. Azərbaycan dövləti pandemiya dövrünə tam uyğun sosial-iqtisadi siyasət yürüdür.

Prezident İlham Əliyevin verdiyi qərarlar dövlətin hər zaman vətəndaşın yanında olduğunu bir daha təsdiqləyir. Bu baxımdan, bir çox Avropa və MDB ölkələri mövcud şəraitdə Azərbaycan dövlətini nümunə kimi qəbul edir və təcrübəsindən yararlanırlar”.

Alxan Xələfov indiki şəraitdə VÖEN-i dondurulmuş sahibkarlara da dövlət dəstəyindən yararlanmaq imkanı yaradılmasının müsbət addım olacağnı vurğulayıb:

“Hazırda VÖEN-ini dondurmuş şəxslər nə işsizliyə görə yardım, nə də fərdi sahibkarlar üçün nəzərdə tutulan 250 manat məbləğində vəsaiti ala bilmirlər.

Əgər VÖEN-in dondurulmasını hüququi baxımdan, fəaliyyətə ara vermək kimi qəbul etsək, bu kateqoriyadan olan şəxslərin də işsizliyə görə müavinat almaları vacibdir. Bundan əlavə, fərdi sahibkar kimi 2019-cu ildə vergi ödəyicisi olmayan şəxslərə də dövlətin yardım etməsi arzuolunandır”.

Gülşən Şərif

Loading...