Bakıda Azərbaycan müstəqilliyinin 25 illiyinə, Azərbaycanda “Multikulturalizm ilinə və “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanununun qəbul olunması və ilk Ombudsman təsisatının yaradılmasının 15 illiyinə həsr olunan “Multikulturalizm və insan hüquqları: bərabərlik, əməkdaşlıq, inkişaf” mövzusunda konfrans keçirilir.
Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Ombudsmanı Elmira Süleymanova, Baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Rusiya Federasiyasının Ombudsmanı Tatyana Moskalkova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, millət vəkilləri, nazirlik və komitə rəsmiləri, ölkədə olan bütün dini icmaların rəhbərləri iştirak edirlər.
E.Süleymanova bildirib ki, ölkədə insan, uşaq hüquqları üzrə işlər, maarifləndirmə tədbirləri daima aparılır: “Xarici ölkə ombudsmanları, beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir. Ombudsman institutunun ölkə ərazisində müntəzəm işləyən regional mərkəzləri var. Ötən 15 ildə Azərbaycan tolerantlıq və multikulturalizm istiqamətində keçirilən tədbirlər çox diqqətəlayiqdir. Ombudsman ölkədə məhkəmədən kənar insan hüquqlarının müdafiəsi orqanıdır, gələcəkdə də bu iş davam ediləcək.
Ə.Həsənov deyib ki, artıq Azərbaycanın multikulturalizm təcrübəsi, modeli dünyada öyrənilir: “Artıq multikulturalizm Azərbaycanda dövlət siyasətinə çevrilir. Azərbaycan xalqı tolerant xalqdır, ölkədə olan tədbirlərin hamısında bütün icmaların nümayəndələri iştirak edir, onlar özlərini ölkənin bərabərhüquqlu vətəndaşı kimi hiss edirlər. Hazırda Azərbaycanın 28 təhsil ocağında multikulturalizm fənn kimi tədris olunur. İnsan hüquqlarının qorunması bizim üçün çox vacib məsələdir. Ombudsman institutunun yaradılması və heç bir şəxsdən, heç bir qurumdan asılı olmayaraq fəaliyyət göstərməsi ölkədə insan hüquqlarının qorunması istiqamətində mühüm addımdır”.
Ə.Qarayev il ərzində ölkədə keçirilən tədbirlər, görülən işlər haqqında geniş məlumat verib: “2017-ci ildə Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Forum keçiriləcək. Bizim mədəniyyətimiz dünya ölkələrinin mədəniyyətləri ilə sıx əlaqədədir və biz mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsinə çalışmalıyıq. Artıq bütün beynəlxalq təşkilatlardan müraciətlər qəbul edirik”.
Konfrans zamanı Azərbaycan və Rusiya ombudsmanları arasında ikitərəfli əməkdaşlıq sazişi imzalanıb. Sazişi hər iki ölkənin insan hüquqları üzrə müvəkkilləri Elmira Süleymanova və Tatyana Moskalkova imzalayıblar.
Yeniçağ.az
www.yenicag.az