Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Bakıda işgüzar səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında müzakirə etdikləri məsələlər açıqlanıb.
Azərbaycan XİN-dən Yenicag.az-a bildirilib ki, təkbətək başlayan görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın bir çox istiqamətlərdə inkişaf etdiyini, ikitərəfli əməkdaşlığın uğurla həyata keçirildiyi vurğulayıb. O, cari ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğuna istinad edərək, il ərzində bu münasibətlə bir sıra tədbirlərin həyata keçirildiyini məmnunluqla söyləyib.
Nazir Sergey Lavrov qonaqpərvərliyə görə təşəkkür edib. O, Azərbaycan Respublikası Prezidenti ilə keçirilmiş görüşə və aparılmış müzakirələrə istinad edib. Cari il ərzində Azərbaycanlı həmkarı ilə indiyədək 4 görüşün keçirildiyini bildirən S.Lavrov bunun münasibətlərin intensivliyinin göstəricisi olduğunu bildirib. Cari ildə qeyd edilən 30 illiyin əlaqələrin bütün istiqamətlər üzrə icmalı üçün yaxşı fürsət yaratdığı və bu xüsusda keçirilən tədbirlərin təqdirəlayiq olduğunu söyləyib.
Tərəflər, ikitərəfli gündəliyin bir sıra istiqamətlərində, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, təhsil, mədəniyyət sahələrində, əməkdaşlıq münasibətlərinin inkişafı perspektivlərini, habelə ikitərəfli müqavilə hüquqi bazasının möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.
Nazir Ceyhun Bayramov Azərbaycan üçün hazırda prioritet məsələ olan azad olunmuş ərazilərin bərpa və quruculuğu işləri barədə məlumat verib. Bu xüsusda Rusiya şirkətlərinin bu prosesdə iştirak marağı yüksək qiymətləndirilib.
Görüş zamanı tərəflər, bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, bölgədə münasibətlərin normallaşdırılması və sülhün təmin olunması istiqamətində addımların atılması, o cümlədən sərhədlərin delimitasiyası üzrə komissiyaların fəaliyyəti, bütün kommunikasiyaların açılması, gələcək sülh sazişinin imzalanması məsələləri ətrafında geniş müzakirələr aparıblar.
Görüşün sonunda xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.
Qeyd edək ki, S.Lavrov iyunun 24-də Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb. Rusiyanın xarici işlər naziri “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
www.yenicag.az