Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycan xalqını erməni mənbələrinə MÖHTAC QOYANLAR - "Bu qurumlar niyə susur?" - Səxavət Məmməd yazır

Avqustun 25-də Ağdərədə tutulan hərbi qulluqçumuz Cəmil Babayev Azərbaycana təhvil verildi. Bu dəqiqəyə qədər rəsmi Bakı Cəmil Babayevin Azərbaycana təhvil verilməsi ilə bağlı açıqlama verməyib.

Dünən axşam Cəmil Babayevin hələ də ermənilərin əlində olması, onunla bağlı niyə Azərbaycan tərəfinin heç bir addım atmaması barədə yazı yazıb, sosial şəbəkədə paylaşdıqdan 2-3 dəqiqə sonra 15-ə yaxın mesaj aldım ki, Cəmil Babayev Azərbaycana təhvil verilir.

Oxucular sübut üçün “Sputnik” agentliyinin erməni xidmətinin yaydığı məlumatı göndərdilər. Hər mesajı aldıqca utandım, qızarıb-bozardım. Şəxsi fikrim olaraq deyim ki, Azərbaycan oxucusunun erməni mediasına necə möhtac qalmasını, bilərəkdən bu hala salınmasını gördüm və utandım.

Azərbaycan oxucusu daimi olaraq erməni mediasını izləyir. Jurnalist, siyasətçi, politoloq və hərbi ekspertləri başa düşürəm. Çünki prosesi izləyirlər, müqayisələr aparırlar. Ancaq xəbər oxucusunun “Sputnik Armenia”da xəbər çıxandan iki dəqiqə sonra məlumatı olursa, demək ki, oranın daimi oxucusudur, belə olmağa məcbur olub.

Xüsusilə Müdafiə Nazirliyi tez-tez xalqa müraciət edir ki, erməni mənbələrinə inanmayın. Əgər Azərbaycan oxucusu dəqiq xəbəri erməni mənbələrindən oxuyursa, necə inanmasın? Sabah həmin erməni mənbələri istənilən dezinformasiyanı Azərbaycan oxucusuna yedirdəcək və rəsmi Bakı bunun əksini nə qədər desə, təkzib etsə də, heç kimi inandıra bilməyəcək. Mətbuatın içərisində olanlar yaxşı bilir ki, təkzib daldan atılan daşdan fərqlənmir.

Azərbaycan oxucusunu erməni mənbələrinə inandıran, erməni mətbuatına yönləndirən kimlərdir?

Bilərəkdən və ya bilməyərəkdən rəsmi qurumlar. Bəzən bunun qəsdlə edildiyini də düşünürəm.

Təkcə Azərbaycan oxucusu erməni mediasına möhtac qalıb? Qətiyyən! Cəmil Babayevin Bakıya qaytarılması xəbərlərinə baxın, bütün media “Sputnik Armenia”ya istinad verib.

Müdafiə Nazirliyi hərbi qulluqçusunun Azərbaycana qaytarılmasını niyə açıqlamadı? Yoxsa iş vaxtı bitdiyi üçün bunu etmədi?

Həmin nazirlikdir ki, xalqa erməni mənbələrinə inanmamağı məsləhət görür. Əgər xalq bu xəbəri erməni mənbəsindən öyrənirsə, qarşısını necə almağı düşünürlər? Hesab edək ki, çıxıb deyəcəklər bu məsələ ilə başqa qurumlar məşğul olur. Yaxşı, o qurumlar niyə susdu?

Ola bilsin ki, bir psixi xəstə ilə iki erməni əsirinin dəyişdirilməsini xalqın narazılıqla qarşılayacağından çəkiniblər, ona görə də susublar. Yaxşı rəsmi qurumlar bilmir ki, oğurluqla, köhnə peşə ilə məşğul olmağın 40 gün ömrü var? Heç 40 saniyə belə çəkmədi.

Xalq yenə soruşur, niyə bir nəfərə qarşı iki nəfər?

Müharibə bitəndən sonra onlarla erməni hərbçisi “azıbmış”, “təxribat niyyəti ilə gəlməyibmiş” kimi ifadələrlə geri qaytarıldı. Silahsız, psixi xəstə olan bir hərbi qulluqçu niyə 10 gündən çox ermənilərin əlində qalmalı idi?

Azərbaycan xalqını erməni mənbələrinə yönəldən, hətta onlardan asılı vəziyyətə salan məhz rəsmi qurumlar və onların mənasız informasiya siyasətidir. Həmin “Sputnik Armenia” geri qaytarılan əsirlərinin videolarını hava limanında çəkib, yayımladı.

Azərbaycan mediası nə etdi?

Heç nə, başını aşağı salıb (bu anda yadıma məhşur bir lətifə düşdü. 18+ olduğu üçün yazmıram), istinad verdi. Bu həmin Azərbaycan mediasıdır ki, istinad verməmək üçün hər oyundan çıxır, cümələlərin yerini dəyişir, bəzən heç məqaləyə əl də vurmur, dədə malı kimi xəbəri götürüb yayımlayır. Bu təfəkkürlü media quzu kimi “Sputnik Armenia”ya istinad verməyə məcbur qaldı.

Azərbaycan oxucusunun erməni mediasından asılı qalmasının gələcəkdə hansı fəsadlar törədə biləcəyini düşünən olub?

Azərbaycanda məmurların, dövlət qurumlarının ən sevimli peşəsi xalqı məzəmmət etmək, danlamaq, məsuliyyətli olmağa çağırmaq, ağıl verməkdir. Azərbaycan xalqının ən “sevimli” peşəsi isə məmurların və dövlət qurumlarının qərarlarında məntiq axtarmaqdır.

www.yenicag.az

500
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100