“Azərbaycan xalqının soyundan kim narahat olursa…” – Türklüyün qabardılmasından qıcıqlananlara sərt cavab

Azərbaycanda ümumtürk həmrəyliyi mövzusunun bəzi dairələr və şəxslər tərəfindən qıcıqla qarşılanması narazılıq doğurub.

Yenicag.az xəbər verir ki, ötən gün Bakının rus-erməni işğalından azad olunmasının 99-cu ildönümünə həsr olunan tədbirdə çıxış edən professor Güllü Yoloğlunun “Türklüyün qabardılması zərərlidir” fikri etirazla qarşılanıb.

Həmin tədbirin Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 99-cu ildönümünə həsr edilməsinə baxmayaraq, öz çıxışında tamam fərqli məqamlara toxunmağı lazım bilib.

Öncə Osmanlı İmperiyasında millət deyil, ümmət amilinin öndə olduğunu deyən Yoloğlu, ermənilərin dövlətdə “milləti-sadiqə” olmalarından və onların Avropadakı diaspor şəbəkəsini məhz Osmanlı dövlətinin pulları ilə yaratdığını söyləyib.

Professor iddia edib ki, Osmanlı dövlətində milli şüurun oyanışı XX əsrin ilk onilliyindən sonra başlayıb və bu prosesdə Osmanlı yox, digər türkdilli xalqların ziyalıları fəallıq göstəriblər.

Təbii ki, Yoloğlunun bu fikirləri tənqidə davam gətirmir və onun dediklərinin əsası olmadığını üçün sadəcə, bir nümunə gətirməklə kifayətlənmək bəs edir.

Qacar hökmdarı Müzəffərəddin Şahın Osmanlı dövlətinə XIX əsrin sonlarında etdiyi səfər zamanı Ulu Xaqan ünvanlı Sultan II Əbdülhəmid şahdan ölkəsində türk dilində məktəblərin açılmasını rica edib. Hər halda, türklük təəssübkeşi olan bir sultanın ölkəsində milli şüurun oyanmaması mümkün deyil.

Ancaq Yoloğlu daha sonra Azərbaycanda, xüsusilə də sözügedən tədbirdə türklüyün qabardılmasından narazılığını açıq şəkildə bildirib. Hakim partiyanın üzvü olan və dövlət televiziyasında veriliş aparan Yoloğlunun “məntiq”inə görə, Azərbaycan etnik baxımdan rəngarəng olduğu üçün, türklüyün qabardılması zərərlidir.

Onun “arqument”inə baxın:

“Onda digər etnik qrup mənsubları da deyə bilərlər ki, ermənilərin işi türklərlədir, gedin onlarla özünüz mübarizə aparın”. Axı nə dəxli var?

Azərbaycan milliyyətindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq, bu ölkədə yaşayan hər bir kəsin vətənidir. Vətənin ərazi bütövlüyünü qorumaq üçün kimlərinsə ölkənin dominant etnosu olan türklərə minnət qoymaları, yaxud da şərt irəli sürmələri nə dərəcədə doğrudur? Bu dövlətin titul millətinin təmsilçiləri niyə etnik mənsubiyyətləri barəsində çəkinə-çəkinə danışmalıdırlar?

Ümumiyyətlə, türklük barəsində söz salmaq, bu haqda müzakirə açmaq və qürurla danışmaq niyə başqalarında narahatlıq doğurmalıdır? Azərbaycanda türklərlə yanaşı digər etnik qrupların təmsilçiləri də əsrlər boyu yanaşı yaşayıblar və heç kəs iddia edə bilməz ki, onlar hər hansı diskriminasiyaya məruz qalıblar. O baxımdan, Azərbaycan sözün həqiqi mənasında tam tolerant bir ölkədir və bunu inkar etmək olmaz.

Lakin buna baxmayaraq, yuxarıda qeyd olunduğu kimi, hətta qapalı bir tədbirdə türklük və ümumtürk həmrəyliyi haqqında deyilənlər əsassız narahatlıq doğurur.

Bu mövzuda Yenicag.az-a açıqlama verən “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Azərbaycanda türklüyün qabardılmasından qıcıqlananları başa düşmədiyini deyərək, ölkənin dominant millətinin öz etnik kökü ilə qürur duymaq haqqına malik olduğunu bildirib:

“Çox təəssüf ki, Azərbaycanda xüsusilə son vaxtlarda bu məsələyə yanaşmada yumşaq desək, anlaşılmaz münasibətin şahidi oluruq. İstər türklük, istərsə də Azərbaycan-Türkiyə qardaşlığı bəzilərində hətta gizlədilməyən, açıq-aşkar narahatlıq doğurur və o adamlar öz fikirlərini gizlətmirlər.

Əlbəttə ki, bu kimi yanaşmalar çox yanlışdır. Yəni Azərbaycanda başqa etnik qruplar var deyə, ölkənin əsas əhalisi olan türklərin öz milli mənsubiyyətlərini önə çəkmələri, bundan qürur duymaları nəyə görə kimlərisə qıcıqlandırmalıdır?

Ümumiyyətlə, türklüyün qabardılmasından narahat olan şəxslərin bu məsələni məqsədyönlü şəkildə qabartdıqlarını düşünürəm. Hər halda, açıq görünür ki, ölkədə türklük və Azərbaycan-Türkiyə qardaşlığından, birgəliyindən narahat olan zehniyyətin daşıyıcıları var.

Onlar unutmasınlar ki, Bakını 99 il əvvəl rus-erməni işğalından azad edən Türkiyə hökumətinin göndərdiyi Qafqaz İslam Ordusu və onun komandanı Nuru Paşa idi; bütövlükdə Türkiyə türklüyü idi…

Eyni zamanda, bu ordunu xilaskar kimi qarşılayan, onun sıralarını genişləndirən qan qardaşları ilə birlikdə savaşaraq, Bakını azad edən Azərbaycan türklüyü idi. Yekunda qalib gələn isə Azərbaycan-Türkiyə qardaşlığının yenilməz gücü oldu.

Bu gün kim narahat olursa-olsun, bizlər türklüyümüz barəsində ucadan danışacağıq, soyumuzla-kökümüzlə fəxr edəcəyik, qürur duyacağıq. Millət öz kökü ilə fəxr etmirsə, onun gələcəyi də olmaz.

Hazırda ümumilikdə, dünya türklüyündə bir inkişaf, bir yüksəliş müşahidə edilməkdədir. Görünür, türklüyə qarşı yönələn narahatllığın bir səbəbi də budur. Ancaq yenə deyirəm, kimin nə söyləməsindən asılı olmayaraq, türklüyümüzlə fəxr edirik və edəcəyik, bu barədə ən yüksək səslə danışacağıq”.

Tarix üzrə fəlsəfə doktoru Kərəm Məmmədov da Yenicag.az-a açıqlamasında heç kəsə görə milli kimliyimizi arxa plana keçirtməli olmadığımızı deyib:

“Qardaş, istənilən millətin formalaşmasında, təşəkkülündə bir neçə ünsür əsas rol oynayır. Azərbaycan türklərinin formalaşmasında da 3 əsas element var: Azərbaycan torpağı, Türk mənşəyi və İslam dini. Ruslarda slavyanlıq və pravoslavlıq, digər xalqlarda isə başqa ünsürlər formalaşmaya təsir göstərib.

İndi biz nəyə görə öz türk kimliyimizdən danışmamalıyıq, bu məsələdə niyə səsimizi boğmalıyıq? Yaxşı bir ifadə var: xətir üçün xəstə düşmək. İndi belə çıxır ki, biz başqalarının xətrinə öz milli kimliyimiz barədə susacağıq?Bu, nə deməkdir? Bizə hər zaman qürur verən kökümüz-soyumuz var və türk kimliyimizi də nə vaxt istəsək, qabarda bilərik. Kim narahat olursa, olsun”.

A.Zeynalov

COP29