“Azərbaycanın təqdim etdiyi yekun sülh sənədində göstərilən beş müddəa beynəlxalq hüququn prinsiplərinə əsaslanır”.
Bu fikirləri Ermənistan rəsmilərinin Azərbaycanla sülh müqaviləsinin yaxın zamanlarda imzalana biləcəyi ilə bağlı səsləndirdiyi bəyanatları şərh edən politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Ermənistan rəsmilərinin ilin sonuna qədər sülh müqaviləsinin imzalanmasının mümkünlüyünə dair verdikləri müsbət mesajlar hələ heç nə demək deyil:
“Lakin əsas məsələ o sözlərin əmələ çevrilib-çevrilməməsidir. Sülh müqaviləsinin imzalanması və bütün şərtlərə əməl olunacağı ilə bağlı gözləntilər diqqət yetirilməli məqamlardan biridir.
Düzdür, həm Azərbaycan, həm də Ermənistan sülh müqaviləsinin şərtləri ilə razı olduğunu bildirir. Ancaq yekun qərarın verilməsi hələ də gecikir. Bu da bir sıra məsələlərdə qeyri-müəyyənliyin qalması səbəbindəndir.
Həmin qaranlıq məqamlar mütləq aydınlaşdırılmalıdır. Azərbaycanın təqdim etdiyi yekun sülh sənədində göstərilən beş müddəa beynəlxalq hüququn prinsiplərinə əsaslanır. Yəni Ermənistanın saziş layihəsinə irad bildirməsi üçün hansısa səbəb yoxdur.
Əlavə olaraq, delimitasiya və demarkasiya məsələlərinin həlli üçün də işlərə başlanılıb. O baxımdan, bəlkə yaxın həftələrdə, bəlkə yaxın aylar ərzində, bəlkə də yaxın günlərdə sülh müqaviləsi imzalana bilər. Lakin sülh müqaviləsinin nə zaman imzalanacağı ilə bağlı tarix göstərmək qeyri-ciddilik olardı.
Hər şey görülən işlərin müddətindən asılıdır. İlin sonuna cəmi on səkkiz gün qalıb və bu müddət ərzində müqavilənin imzalanacağı ilə bağlı gözləntilər çox da real görünmür. Sülh müqaviləsinin harada və necə imzalanacağı, təmsilçilərin kim olacağı ilə bağlı da hələ ki heç bir məlumat yoxdur.
Eyni zamanda, sülh müqaviləsinin imzalanması elə də asan iş deyil. Əgər imzalanarsa, hər iki tərəf üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Azərbaycan hər zaman sülh tərəfdarı olub. Əgər Ermənistan da sülh istəyirsə, qəti iradə sərgiləməlidir. Yalnız bu olduqdan sonra yaxın vaxtlarda sülh müqaviləsi imzalana bilər”.
Nəsimi Ələsgərli
www.yenicag.az