!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı-İrəvan kanalını bağlamaq CƏHDİ: “Brüssel, Vaşinqton və Moskva görüşlərində hər hansı...”

!Reklam – Yazi

“Müxtəlif platformalarda keçirilən görüşlərin nəticəsiz qalması həmin formatların da ATƏT-in Minsk qrupu kimi effektivsizliyini göstərirdi”.

Bu fikirləri Azərbaycanla Ermənistan arasında təkbətək danışıqlar keçirilməsi fonunda yaxın perspektiv üçün gözlənilən müsbət proseslərdən danışan politoloq Rəfail Becanov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, danışıqların vasitəçilərsiz davam etdirilməsini regionda sabitlik və sülh üçün uğurlu addım hesab etmək olar:

“Əslində, danışıqların bu formatı Azərbaycan tərəfindən dəfələrlə Ermənistana təklif edilib. Lakin hər dəfə Ermənistan müxtəlif manipulyativ addımlarla bu təklifdən yayınıb. Düşünürəm ki, sentyabr ayında keçirilən lokal antiterror əməliyyatlarından sonra Ermənistan üçün alternativ variantlar qalmadı və ona görə də birbaşa danışıqların qaçılmazlığını qəbul etdilər.

Aydın dərk edildi ki, nə Brüssel, nə Vaşinqton, nə də Moskvada keçirilən danışıqlar onların mövqeyini gücləndirmək baxımından əsaslı dönüş yarada bilmir. Çünki Azərbaycanın şərtləri region üçün faydalı olan, inkişafa xidmət edən sabitlik və sülhə hesablanmış təkliflərdir. Ermənistanı müdafiə edənlər belə o təkliflərdə etiraz ediləsi heç nə tapmırlar. Ona görə də Ermənistan son anda vasitəçilərsiz danışıqlara razılaşdı.

Müxtəlif platformalarda keçirilən görüşlərin nəticəsiz qalması həmin formatların da ATƏT-in Minsk qrupu kimi effektivsizliyini göstərirdi. Çünki həmin platformalarda aparılan danışıqlar yekun mərhələdə pozulur, Ermənistanın hansısa formada prosesdən imtinası ilə nəticələnirdi. Bu danışıqların yekun mərhələyə çatmamasında, sülh sazişinin imzalanmamasında Ermənistanla bərabər, danışıqlara vasitəçilik edənlərin də maraqları rol oynayır, prosesə mənfi yöndə təsir edirdi.

Cənubi Qafqaz uğrunda gedən geosiyasi mübarizə fonunda proses üzdə danışıqlara təkan vermək görüntüsü yaratsa da, alt qatda faktiki problem yaradırdı. Nəticədə geosiyasi mübarizə sülh danışıqlarının qarşısına sədd çəkir, vasitəçilərin geosiyasi maraqları əngələ çevrilirdi. Hesab etmək olar ki, indi yeni bir mərhələyə daxil olunur. Danışıqların səmərəliliyi və sülh sazişinə doğru addım atılması daha real görünür.

Təbii ki, Azərbaycandan fərqli olaraq, Ermənistan üçün bu mərhələni adlamaq çətin olacaq. Birincisi, Paşinyanın daxildə nəzarət imkanları bu məsələdə əsas açarlardan biridir. Əvvəla, Ermənistandakı revanşistlər fəallaşmağa çalışırlar. İkincisi isə Ermənistanın havadarlarının prosesi hansı yöndə dəyərləndirmələri də müəyyən rol oynayır. Paşinyan hələ ki müstəqil siyasi iradə nümayiş etdirə bilmir. Əgər Paşinyan siyasi iradə nümayiş etdirə bilsə, bu, danışıqların uğurla nəticələnməsinə və sülh sazişinin əldə olunmasına əlverişli zəmin yarada, ən azı ilkin olaraq, çərçivə sazişi imzalana bilər”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

653
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv