Tural Abbaslı: “İlk hədəfimiz qarşıdan gələn 6 ay ərzində partiyanın yarandığını elan etməkdir”
2014-cü il qurultayında Müsavat Partiyası başqanlığına namizədlərdən biri olan və son parlament seçkilərinə “Ağ Blok”un tərkibində qoşulan Tural Abbaslı və onun komandası artıq yeni partiya yaratmaq istiqamətində demək olar ki, son addımları atmaq ərəfəsindədirlər.
Yenicag.az-a açıqlamasında T. Abbaslı yaxın 6 ay ərzində partiya quruculuğu istiqamətində işləri başa çatdlracaqlarını bildirdi: “Artıq bir müddətdir ki, “Ağ Blok”un partiyaya çevrilməsi istiqamətində fəaliyyət göstəririk. Təşkilata yeni-yeni gənclər daxil olur ki, onlar arasında əvvəllər başqa-başqa partiyalarda fəaliyyət göstərənlər, ümumiyyətlə siyasi proseslərə yenicə qədəm qoyanlar da var. Bəzi nisbətən tanınmış siyasilərlə məsləhətləşmələr aparırıq ki, yaxın zamanlarda təşkilatın partiyaya çevrilməsi məsələsini reallaşdıraq. Partiya yaratmaq öz-özlüyündə ağır bir prosesdir. Burada qeydiyyat məsələsi, təşkilatın strukturlarının formalaşdırılması kimi məsələlər var. İlk hədəfimiz qarşıdan gələn 6 ay ərzində partiyanı elan edib, qurultayı keçirib, onu cəmiyyətə təqdim etməkdir. Yaranacaq bu partiyanı real siyasi arenada fəaliyyət göstərmək gücündə olan bir siyasi təşkilata çevirmək niyyətindəyik. Bu da bir qədər ağır prosesdir, ləng gedir. Hazırda partiya quruculuğu işlərilə paralel devalvasiya, dövlətin düşdüyü ağır vəziyyətlə bağlı bəzi işlər var deyə, proses paralel aparılır. Güman edirəm ki, qarşıya qoyulan məqsədə çatacağıq. Yeni simaların, yeni insanların arenaya çıxaraq iddia qoyması insanlarda ümidlər yaradır. Artıq keçən əsrin 80-cı illərin sonlarından eyni insanları görməkdən bezmiş insanları prosesə cəlb etmək lazımdır. Bizim üçün ən öndə dövlətin və xalqın maraqları dayanır”.
T. Abbaslı yaranacaq partiyanın adı ilə bağlı ilkin variantın da bəlli olduğunu söylədi: “Partiya “Ağ Blok”un bazasında yaranacağından onun adının da Ağ Partiya adlanmasını daha məqsədəuyğun sayırıq. Ağ Partiyanın bir simvolik mənası da var. Türkiyədə AK Parti yeni siyasi dönəmin təməlini qoydu. Bizdə Azərbaycanda yeni siyasi dönəmin təməlinin qurulmasının tərəfdarıyıq. Ona görə simvolik mənada AK Partiyaya uyğun Ağ Partiya yaratmaq niyyətindəyik. Əslində hədəflərimiz də sağ mərkəzçi qüvvə olaraq AK Parti ilə üst-üstə düşür. Mühafizəkar demokrat ideologiyasına sahib bir partiya qurmaq niyyətindəyik. Alınacaqsa birbaşa AK Partiya ilə də əlaqələr qurmaq, müttəfiqlik etmək niyyətindəyik”.
ELÇİN
www.yenicag.az