Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda avtomobil sənayesi yaradılır - Maşın bazarında qiymətlər necə olacaq?

Xəbər verildiyi kimi  “Azərmaş” ASC və Qorki avtomobil zavodu arasında “QAZ” kommersiya avtomobillərinin Azərbaycanda yığılmasının inkişaf etdirilməsi sahəsində əməkdaşlıq haqqında Memorandum” imzalanıb. 2019-cu ilin sonunadək Hacıqabulda QAZ markalı avtomobilin yığılması təmin olunacaq.

Bəs bunun Azərbaycanda iqtisadiyyatın inkişafına hansı müsbət təsiri olacaq? Ümumiyyətlə, bu addım maşın bazarında qiymətlərin düşməsinə səbəb ola bilərmi?

Məsələ ilə bağlı Yenicag.az saytı “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovla əlaqə saxlayıb. Sabiq maliyyə nazirinin sözlərinə görə, Azərbaycan hökuməti ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı çox ciddi addımlar atır. Bu sırada maraqlı və aktual məsələlərdən biri də Azərbaycanda avtomobil sənayesinin yaradılmasıdır.

F.Yusifov bildirib ki, Azərbaycanda sözügedən avtomobillərin yığılmasının təmin olunması qiymət amilinə də müsbət təsir göstərəcək:

“Bilirsiniz ki, Naxçıvanda artıq bir avtomobil zavodumuz var. Bu yaxınlarda Neftçala sənaye zonasında İranla müştərək avtomobil zavodu qurulub və orada avtomobil istehsalına başlanılıb.

QAZ markalı avtomobilin yığılması da daxili bazarın həmin markalı avtomobillərə olan tələbatını ödəmə sahəsində çox müsbət rol oynayacaq. Bunu bütövlükdə müsbət bir hal sayıram. Ümumiyyətlə, müstəqil dövlətin özünün avtomobil sənayesinin olması iqtisadiyyatının müstəqilliyini şərtləndirən amillərdən biridir. Nəzərə alaq ki, müstəqil olan hər ölkənin də öz avtomobil sənayesi olmur. Ancaq bizdə artıq avtomobil istehsal edən üçüncü bir zavod olacaq. Bu çox müsbət haldır və hökumətin real sektorun inkişafı istiqamətində müəyyən etdiyi strategiyanın tərkib hissəsi kimi dəyərləndirilməlidir.

Hesab edirəm ki, daxili bazarın tələbatının ödənilməsi istiqamətində həmin avtomobil zavodunun böyük rolu olacaq və eyni zamanda qiymət amilinə də müsbət təsir göstərəcək.

Şübhə yoxdur ki, dövlət bu istehsal prosesini təşviq edəcək. Bu sahədə anoloji nümunə də var. Neftçalada İranla müştərək tikilən “Xəzər” avtomobilləri istehsal edəcək zavodun tikintisində dövlət kifayət qədər dəstək verib, güzəştlər tətbiq etdiyi üçün həmin avtomobilin qiymətləri digər eyni keyfiyyətli avtomobillərin qiymətindən bir xeyli ucuz başa gəldi.

Fikrimcə öz istehsalımız olduğu üçün eyni mexanizm burada da tətbiq ediləcək. Təbii ki, dövlətimiz də maraqlıdır ki, bu məhsulların qiyməti daxili bazara kənardan gətirilən eyni markalı maşınların qiymətlərindən daha ucuz olsun. Bu istiqamətdə dövlətin müəyyən addımlar atacağına şübhə etmirəm”.

Aydan Axundova

Loading...

www.yenicag.az

3810
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100