!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması: Dövlət bu sahədə hansı addımları atır? - TƏHLİL

!Reklam – Yazi

Məlumdur ki, iqtisadi inkişafın əsas elementlərindən biri də ölkədə sahibkarlıq üçün əlverişli mühitin yaradılmasıdır. Çünki hər bir ölkənin iqtisadi tərəqqisində onun azad biznes və sahibkarlıq mühitinin vəziyyəti vacib rol oynayır. Eyni zamanda ölkədəki xarici sərmayəçilərə yaradılan mühitin şəffaflıq dərəcəsi iqtisadiyyatın inkişafının əsas göstəricilərindən biri hesab olunur. Yaşadığımız dövrdə bazar iqtisadiyyatını azad sahibkarlıq fəaliyyəti və liberal iqtisadiyyat olmadan təsəvvür etmək mümkün deyil. Bu fonda Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının təminatı özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafından asılı olduğu üçün respublikamızda sahibkarlığın inkişafı prioritet istiqamətlərdən biridir. Özəl sektor ölkə iqtisadiyyatının inkişafında və qeyri-neft sektorunun şaxələnməsində xüsusi rol oynayır. Azərbaycanda sahibkarlıq istiqamətində müxtəlifyönümlü addımlar atılıb, bir sıra layihələr həyata keçirilib. Bu layihələrin tərkibində kənd təsərrüfatı fermerleri üçün subsidiyaların, sahibkarlara güzəştli kreditlərin verilməsi, pay torpaqlarının ayrılması, onların fəaliyyətinin genişləndirilməsi və s. müəyyən dəstəkverici fəaliyyətlər olub.

Mövzu ilə bağlı deputat Müşfiq Cəfərov Yenicag.az-a açıqlamasında bildirib ki, əsas məsələ təkcə qanunvericiliyin təkmilləşdirilməsi deyil, cəmiyyətin üzləşdiyi əksər iqtisadi problemlərin kökündə sosial rifahın dövlət tərəfindən təminatının olmasıdır:

“Bu gün insanlar gündəlik tələbatını ödəməklə deyil, azad bazar mühitinin qurulmasında dövlətdən yardım gözləməlidir. Dünyada heç bir cəmiyyətdə işsizliyi aradan qaldıracaq səviyyədə dövlət qurumlarında kadr ehtiyatı yoxdur və bunun olması da mümkün deyil. Bu günə kimi iqtisadçıların verdiyi proqnozlar özünü tam şəkildə doğrultmayıb. Zənn edirəm ki, bu sahədə rasional yanaşmalara ehtiyac var. Azərbaycanda azad bazar iqtisadiyyatı inkişaf etməkdədir, lakin tam şəkildə liberal iqtisadiyyatın özünü doğruldub, kasıblığın tamamilə minimuma endirilməsi üçün müəyyən təşviqedici addımlara ehtiyac var. Bu gün dünyada kasıblığın hökm sürdüyü bütün ölkələrdə azad bazarın formalaşmamasını görürük. Dövlətin iqtisadiyyatı o halda daha təminatçı və rifah olur ki, burada azad münasibətlər və rəqabət var.

Ölkəmizin ikinci böyük şəhəri və sənaye mərkəzi olan Gəncədə hazırda işsizlik artır. Nizami yurdunda hələ də heç bir sənaye parkı yaradılmayıb, bu da işsizliyi çoxaldır. Vaxtilə zavod və fabriklərdə çalışan əhali artıq işsizlər təbəqəsini formalaşdırır. Mən bir neçə dəfə bu barədə təkliflə çıxış etmişəm. İkinci böyük şəhərin gənclərinin işsiz qalması heç də ürəkaçan mənzərə deyil. Xüsusilə pandemiya bir çox sahəni iflasa uğratdı və yeni başqa sahələr formalaşsa da, yenə də işsiz qalanların sayı artdı.

Mən düşünürəm ki, hələ də dövlətin olan iqtisadi sahələr var ki, onların özəlləşdirilməsi vacibdir. Bu özəlləşməni təkcə Bakıda deyil, bölgələrdə də etmək lazımdır. Özəlləşmədə iştirak edən şirkətlərin biznes planlarının təqdimatı olmaqla yanaşı, onlara müəyyən güzəştlərin olması iqtisadiyyatın canlanmasına şərait yaradacaq. Təkcə Gəncə şəhəri deyil, digər bölgələr də iqtisadiyyatın tərkib hissəsi kimi çıxış etməlidir. Bu hər cəhətdən faydalı olacaq”.

İqtisadçı Razi Abasbəyli isə saytımıza açıqlamasında bildirib ki, Azərbaycanda azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi ilə bağlı bu günə qədər müxtəlif addımlar atılıb. Xüsusilə də 2015-2016-cı illərdə bu istiqamət üzrə mühüm qanunvericilik bazası formalaşdırılıb:

“2015-ci ildə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması ilə bağlı dövlət başçısının sərəncamı var idi. Sərəncama əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamalar 2023-cü il yanvarın 1-dək dayandırılır. Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır.

Bununla yanaşı, ölkə başçısının 2016-cı il 21 aprel tarixli sərəncamına əsasən, Azərbaycanda Sahibkarlar Günü təsis edilib. Bu da azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi istiqamətində atılan addımlardan biridir. Həmçinin 2015-ci ildə lisenziyalaşdırma ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalanmışdı. Bu fərmanla fəaliyyət növündən asılı olaraq lisenziyalaşdırılan sahibkarlıq subyektlərinin sayı 59-dan 37-yə endirildi. Yəni 22 subyekt təyinat və istiqamət üzrə lisenziyadan azad olundu.

Bundan başqa, ölkə başçısı İlham Əliyev 29 yanvar 2018-ci il tarixində 23 dekabr 2016-cı il tarixli Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı fərman imzaladı. Fərmana əsasən, investisiyaların təşviqi ilə bağlı sənəd əldə etmiş sahibkarlıq subyektləri mənfəət və gəlir vergisinin 50 faizindən azad olunublar. Eyni zamanda, 2016-cı ildə prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Burada məqsəd Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaqdan ibarət idi. Bununla yanaşı, 2016-cı ildə prezident İlham Əliyev “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydasının təsdiq edilməsi haqqında” Fərman imzalayıb.

“Made in Azerbaijan” brendinin dünyaya səs salması davamlı və təkmil islahatların nəticəsidir. “Made in Azerbaijan” brendinin dünyada tanınması, şöhrət qazanması istiqamətində ölkə rəhbərliyi tərəfindən ardıcıl işlər aparılır. Daha sonra yaradılan “Azexport.az” portalı isə Azərbaycan istehsalı olan rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların xarici bazarlarda “Made in Azerbaijan” brendi ilə təşviqinə dəstək verir, ölkədə biznes mühitinin yaxşılaşdırılması üçün ixracatçı sahibkarlara nəqliyyat, logistika, ödəniş və sertifikatlaşdırma sahəsində dövlət dəstəyi göstərir.

Təəssüf ki, postpandemiya dövrü azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi istiqamətində atılan addımları bir qədər ləngitdi. Bu gün bütün iqtisadi göstəricilərdə pandemiya dövrünün vurduğu ziyanın və ölkə iqtisadiyyatının aldığı travmaların bərpası istiqamətində lazımi addımlar atılmır. Halbuki iqtisadiyyatda sahibkarlıq subyektlərinin özünü bərpa etmək modeli yaradılmalı idi. Bu fonda bir sıra vergi güzəştlərinə, bəzi gömrük rüsumlarına yenidən baxılmasına ehtiyac var. Pandemiyadan sonra sahibkarlıq subyektlərinin özünü bərpaetmə prosesində dövlət dəstəyi mütləq olmalıdır. İxracatla yanaşı, idxalda da inflyasiya səviyyəsinin aşağı salınması üçün bəzi gömrük rüsumları tamamilə ləğv olunmalıdır. Hətta əlavə dəyər yaratmayan və istehsalı ölkə daxilində olmayan bir sıra məhsullar ƏDV-dən azad olunmalıdır. Eyni zamanda, Rəqabət Məcəlləsində müəyyən dəyişikliklər həyata keçirilməlidir və şəffaflıq məsələsinə yer verilməlidir”.

Gülşən Şərif

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda hazırlanmışdır.media_loqo_esas

www.yenicag.az

1908
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv