!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda bu mövsüm taxıl neçəyə olacaq?

!Reklam – Yazi

Azərbaycanda taxıl biçininə hazırlıq işləri davam edir. Kənd Təsərrüfatı Nazirliyinin (KTN) müvafiq qurumları, eləcə də ayrı-ayrı sahibkarlar tərəfindən kombaynlar işlək vəziyyətə gətirilir. Hazırda taxıl əkini ilə məşğul olan sahibkar və fermerləri düşündürən əsas məsələ isə biçin zamanı kifayət qədər kombaynın olub-olmayacağı və taxılın qiyməti ilə bağlıdır.

KTN-in məlumatına görə, may ayının sonu, iyunun əvvəllərində başlanması nəzərdə tutulan taxıl biçininə bütün hazırlıq işləri görülüb. Kombayn qıtlığının olmaması üçün zəruri tədbirlər həyata keçirilib. Biçin prosesinə hər il olduğu kimi taxılın daha tez yetişdiyi rayonlardan başlanacaq. Əvvəlcə arpa, sonra buğda sahələri biçiləcək. Bu ardıcıllıqla respublikanın bütün rayonlarında taxıl biçini aparılacaq.

Bu mövsüm buğda və arpanın qiymətinin necə olacağı isə hələlik məlum deyil.

Məlumat üçün bildirək ki, ötən il mövsüm zamanı ölkəmizdə 1 kiloqram buğda 57-58, arpa isə 38-40 qəpiyə fermerlərdən alınıb. Qiymətlərin getdikcə artacağı təxmin edilsə də, bu, baş verməyib. Əksinə taxılın, xüsusilə də buğdanın qiyməti 10-15 qəpik aşağı düşüb. Bu hal isə birbaşa Ukraynada yetişdirilən taxılın dünya bazarına çıxışının təmin edilməsi ilə bağlı olub. Belə ki, ötən il Azərbaycanda taxıl biçini zamanı Rusiya Ukraynadan taxıl ixracını əngəlləmişdi. Daha sonra imzalanan “Taxıl sazişi”nə əsasən isə Ukrayna taxılının dünya bazarına ixracı təmin edilib. Bu hal Azərbaycanda taxılın, xüsusilə buğdanın qiymətinə təsir göstərib. Buğda ucuzlaşıb. Hazırda isə ticarətçilər tərəfindən fermerlərdən buğdanın 1 kiloqramı keyfiyyətindən asılı olaraq, 30-35 qəpiyə alınır. Ticarətçilər bazarlarda 1 kiloqramı 40-45 qəpiyə olmaqla, buğdanı satışa çıxarırlar. Hesab olunur ki, mövcud vəziyyət davam etsə, mövsüm zamanı buğdanın və arpanın fermerlərdən alışı təxminən 30-40, ən yaxşı halda 40-50 qəpik arasında ola bilər.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı 19 iyul 2022-ci il tarixli “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərmana əsasən, Nazirlər Kabineti ərzaqlıq buğdanın istehsal xərclərini (maya dəyərini) və istehsalçının mümkün qazancını nəzərə almaqla, hər il iyulun 1-dək ərzaqlıq buğdanın dövlət tədarük qiymətini müəyyən etməlidir. Fərmana əsasən, yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 2022-ci il üçün 580 manat müəyyən olunub.

Onu da bildirək ki, hava şəraiti ilə əlaqədar bu il bir sıra rayonlarda taxıl sahələrində məhsuldarlıq ötən illə müqayisədə aşağıdır. Bu hal xüsusilə dəmyə torpaqları olan rayonlarda özünü göstərir. Bəzi fermerlər məhsul olmadığı üçün sahələrdə biçin aparılmasına ehtiyac qalmadığını deyirlər. Qeyd edilən fakt ölkədə bu il ötən ilə nisbətən taxılın az tədarük olunacağını təxmin etməyə əsas verir.

“Yeni Çağ”ın Analitik Mərkəzi

www.yenicag.az

1787
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv