!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda elmi adlar: Ali Attestasiya Komissiyası “gülümsərov”ları niyə himayə edir? - I YAZI

!Reklam – Yazi

SSRİ dağıldı, onunla birgə köhnə sistemin qalıqları da zamanla sıradan çıxmaqdadır. Azərbaycan isə SSRİ-nin yeganə varisi olaraq qalır. Bəli, Azərbaycan bu gün elm və təhsil sahəsində SSRİ-dən qalan ənənələri davam etdirən yeganə ölkədir.

Bəyənmədiyimiz Gürcüstanda bu istiqamətdə aparılan islahatlar ilk növbdə elmi dərəcə və elmi adların dəyişdirilməsini əhatə etdi. Belə ki, qonşu ölkədə “elmlər namizədi” və “elmlər doktoru” elmi dərəcələri çoxdan ləğv olunub, vahid elmi dərəcə – “doktor” (PhD) – müəyyən edilib. Əvvəlki dövrdə “elmlər namizədi” və “elmlər doktoru” elmi dərəcələri alanların da statusu “doktor”la əvəzlənib. Sovet dövründən qalmış elmi adlar da tamamilə ABŞ sisteminə uyğunlaşdırılaraq, “asissent”, “asissent professor”, “assosiativ professor” və “professor” elmi adları (vəzifələri) tətbiq olunub.

Hazırda Avropada və inkişaf etmiş ölkələrdə iki doktorluq sistemi yoxdur: Yalnız fəlsəfə doktoru var, bunu PhD kimi qeyd edirlər. “Fəlsəfə doktoru” elmi dərəcəsinin sahibi yalnız filosof deyil, həm də müxtəlif elm sahələrinin nümayəndələri – riyaziyyatçı (fizik, bioloq, kimyaçı, hüquqşünas, ədəbiyyatçı, dilçi və s.) da ola bilər. Avropada dosent və professor adına iddia edənlər təbii ki, imtahan verməlidir. İmtahan isə Təhsil Nazirliyi ilə birgə keçirilir.

Tədqiqat işinə gəldikdə isə araşdırılan problemin nəticəsi elmi kəşf kimi qəbul olunarsa, o halda buna görə həmin şəxs patent və qonorar alır. Bu isə artıq təhsil pilləsi sayılmır.

Bir sözlə, Avropada doktoranturanın ikinci pilləsi – elmlər doktoru üzrə qəbul praktikasına son qoyulub. Bizdəki fəlsəfə və elmlər doktoru pillələri Rusiyadakı doktorantura sisteminə uyğunlaşdırılıb. Rusiya və Azərbaycan Ali Attestasiya Komissiyasını (AAK) qoruyub saxlamaqda da həmrəyliklərini pozmayıblar. Xaricdə elmi adları universitetlər verir.

Beynəlxalq qaydalarda Müdafiə Şurasına konkret mövzunu bilən 5-6 nəfər cəlb olunur, real qiymətləndirmə aparılır. Şuranın üzvləri təqdim olunan mövzu, araşdırılan problem haqqında məlumatlı olurlar. Bizdə isə Müdafiə Şuralarının yaradılması formallıqdan uzağa getmir, oraya qəbul edilənlər əsasən, kompetent şəxslər olmurlar, elmi adların verilməsi də sırf formal xarakter daşıyır.

Digər tərəfdən, AAK-a göndərilməsi tələb olunan sənədlərin səhifə sayı dissertasiyanın həcmindən çoxdur ki, az deyil. Dissertasiya səhifələrinin sayı humanitar elmlər üçün ən azı 120-130 səhifə olmalıdırsa (texniki elmlərə aid dissertasiyalarda bundan az ola bilər), AAK-a göndərilən sənədlərin ümumi səhifəsi çox zaman 170-180 və daha artıq olur. Keyfiyyətdən çox kəmiyyətin qayğısına qalan AAK-ın dissertasiyanın ikinci müzakirə, müzakirələrdən sonrakı seminar və müdafiə protokollarına qoyduğu tələblər də, şübhəsiz, bununla izah olunur. Həmin protokolların mətnindən çox, onun neçə səhifədən ibarət olması əsas götürülür.

AAK-ın qərarına görə, səhifələrin sayı 15-dən az olmamalıdır. Təsəvvür edin ki, dissertasiya işin 150 səhifədən ibarətdir, ilkin müzakirədən 2, sonrakı müzakirədən 2, seminardan 2 rəy, üstəgəl avtoreferatlara rəylər, müdafiədən sonra rəylər, protokol, protokoldan çıxarış, protokola rəy və sair proseslərdən sonra 200 səhifəyə yaxın sənəd toplusu yığmaq lazım gəlir. Buraya məqalələrin surətini və digər sənədləri də əlavə etsək, AAK-ın dissertantların əsəbləri və cibləri ilə necə “oynadığını” görmək çətin olmaz.

Qeyd etmək yerinə düşər ki, protokolları hazırlayan elmi dərəcəyə namizədlər bir həftə ərzində eyni protokolu 5-6 dəfə dəyişmək və onları yenidən işləmək məcburiyyəti qarşısında qalırlar. AAK-ın “peşəkar mütəxəssisləri” bu və ya digər başlığın, hansısa ifadələrin yazılışı üzərində dəfələrlə düşünərək, qəti qərara gəlməkdə çətinlik çəkdikləri üçün nümunə nüsxələrini tez-tez dəyişdirirlər.

Fəlsəfə doktoru və ya elmlər doktoru adı almaq prosesi də demək olar ki, eynidir. Sadəcə, elmi işin həcmi, məqalələrin sayı və ən əsası da, xaricdə çoxsaylı məqalələr dərc etdirmək kimi fərqli cəhətlər var. Azərbaycan elmində elə mövzular təqdim olunur ki, onların əsasında nəinki dünya miqyasına çıxmaq, heç öz çapımızda da bir iş görmək mümkün deyil.

Qeyri-aktual mövzular, lazımsız araşdırmalar nə qədər olar axı? Elm yeniliyi, dinamikanı sevir. Bir mövzunu “yüngül dəyişikliklərlə” neçə nəfər və daha nə qədər müdafiə edə bilər?

Rəhmətlik Sabir düz deyirdi: “Əcnəbilər göydə balonlarla gəzir, biz hələ avtomobilə belə minməmişik…”

Azərbaycanda son 5 ildə elmlər doktoru adı alanların siyahısına baxsaq görərik ki, bu elmi dərəcəni ciddi-cəhdlə qoruyub saxlamaq kimlərə sərf edir.

O siyahıda kimlər yoxdur? Məmurlar, deputatlar, məmur xanımları, baldızlar, bacılar, qaynanaylar, qaynatalar, əmilər, dayılar… Yəqin ki mənzərə aydın oldu… Yaxşı, bəs alimlər? AMEA-da çox sayda dəyərli alimin sənədlərini AAK-ın rəflərində toz bassa da, məmur və biznesmenlərin diplomları mümkün olan ən qısa müddətdə onlara təqdim olunur. Çox maraqlıdır, elmlər doktoru adı hətta “işlədikləri” mövzudan belə xəbəri olmayan o şəxslərin nəyinə lazımdır? Heç onlardan soruşan da yoxdur ki, dövlət sənə mühüm vəzifə tapşırıb, elmi tədqiqat aparmağa necə vaxt tapdın? Hansı kitabxanada oldun, hansı arxivlərdə işlədin? Hansı elmi müəssisədə təşkil olunan müzakirələrdə iştirak etdin?

Əsl alimlər sözün tam mənasında zülm çəkirlər. AAK isə öz “çətir”i altına yalnız “gülümsərovsayağı alimlər”i toplamaqda davam edir.

Qısacası, elm sahəsində zamandan çox geridə qalmışıq,, sürətlə dəyişən dünyaya uyğunlaşa bilmirik. Çünki dəyişən dünyanın reallıqlarını tam başa düşməyənlər Azərbaycanda elmi adların verilməsində SSRİ-nin “qızıl qayda”larını yaşatmaqda davam edirlər. Ancaq bu sahədə vəziyyət belə qala bilməz, qalmamalıdır. Çox arzuolunandır ki, ölkə rəhbərliyi səviyyəsində bu məsələyə müdaxilə edilsin və “elmlər doktoru” kimi lazımsız bir əlavə aradan qaldırılsın, elmin gəncləşməsinə dəstək verilsin.

Biz “elmlər doktoru” adı almaq prosesində itirdiyimiz 5-10 illik müddəti elmi tədqiqatlar apararaq, onların nəticələrini nüfuzlu jurnallarda nəşr etdirməyə, kitablar yazmağa, elmi nailiyyətlərimizi dünyaya çıxarmağa sərf etməliyik.

Zaur Əliyev

Syasi elmlər üzrə fəlsəfə doktoru, dosent

www.yenicag.az

3514
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv