“Azərbaycanda kredit faizlərinin endirlməsinə imkan var”
Keçmiş maliyyə naziri, professor Saleh Məmmədov prezident İlham Əliyevin son müşavirədə ölkənin bank sektoru barədə səsləndirdiyi tənqidi fikirləri dəstəkləyib və problemin aradan qaldırılması yolları barədə yazı göndərib, onu oxuculara təqdim edirik:
“Son toplantıların birində prezident tərəfindən qaldırılan məsələ: bankların real sektorun inkişafında iştirakı və faiz siyasəti olduqca vacib məsələdi. Hətta mən deyərdim ki, bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın ən mühüm problemidi. Bu problem nəinki Azərbaycan, hətta bütün keçmiş Sovet ölkələrində hələ də həll olunmamış qalır.
Keçmiş SSRİ dagıldıqdan sonra dünya bazarlarında mal və xidmətlərin qiymətləri faktiki olaraq bərabərləşdi, amma pulun “qiymətində” olduqca böyük fərq qalmaqda davam edir və bu da iqtisadi inkişafa, dünya bazarlarında normal rəqabət ortamının formalaşmasına mənfi təsir göstərir.
Əksəriyyət inkişaf etmiş ölkələrdə (İEÖ) iqtisadiyyatın 60-70 faizi kredit hesabına maliyyələşir, belə olan halda, tutaq ki, 100 milyonluq bir kapital qoyuluşunun 70 milyonuna ildə bir ölkədə iş adamı faiz olaraq 15%, yəni 10,5 mln ödəyəcəksə, diger ölkədə 3%, yəni 2,1 mln ödəyərsə, fərq çox böyük alınır, 8.4 mln normal mənfəət məbləğidi, belə olan halda faiz dərəcəsi 15 olan ölkənin iş adamı hər zaman geri qalacaq.
Prezidentin haqlı iradının səbəblərini müəyyənləşdirək, nə üçün kreditin faizləri yüksəkdi və banklar niyə real sektora vəsait qoymurlar?
Kimsə bazar iqtisadiyyatı şəraitində bankirlərin və ya iş adamlarının patriotizm hisslərinə ümid edirlərsə heç bir nəticə əldə edə bilməyəcəklər. Obyektiv şəraiti dəyişmək lazımdı.
Birinci və əsas səbəb kreditə tələblə təklif arasında böyük uçurumun olmasıdı. Digər mal və xidmət və ya əmək bazarlarında oldugu kimi, pul bazarında da qiyməti, yəni faizi kreditə olan tələblə təklif arasında nisbət müəyyən edir. Kredit resursları çoxdursa, bank məcburdu, pulun qiymətini azaltsın, faizi aşağı salsın. Əgər resurs azdırsa, tələb isə yüksəkdirsə, pulun faizi mütləq qalxacaq, bunun da qarşısını süni tədbirlərlə, hansısa məhdudiyyətlə almağa çalışsanız, yalnız rüşvətin və ya şapkanın səviyyəsini artıra bilərsiniz.
Bəs kredit təklifi niyə aşagıdı? Əksər inkişaf etmiş ölkələrdə kredit məbləği ümumi daxili məhsulun həcminə yaxındı, amma bu Azərbaycanda üçdə birini keçmir. Demək bu günkü imkanlar daxilində kredit təklifini ən azı 3 dəfə artırmaq olar ki, bu da mütləq eyni nisbətdə faizi aşağı sala bilər. Kredit təklifinin aşağı olması isə ilk növbədə hökümətin kredit bazarlarına müdaxiləsinin minimum səviyyədə olması və ümumiyyətlə kredit bazarında iştirak etməmesidi. Bütün inkişaf etmiş ölkələrdə kredit ehtiyatlarının, xüsusilə, uzun müddətli kreditlərin əsas hissəsi hökümət əmanətləri hesabına formalaşır, amma Azərbaycanda ümumiyyətlə bu anlayışın hələ də hüquqi bazası formalaşmayıb.
Kredit resurslarının azlığının digər səbəbi əmanət sisteminin zəif qurulması, sərbəst pulların əsas etibarı ilə banklarda deyil, evlərdə, sandıqlarda saxlanılmasıdı. Əmanətlər vasitəsilə banklara böyük məbləgdə vəsait cəlb etmək olar. Bu proses həm də ölkədə hələ də nəğd hesablaşmaların üstünlük təşkil etməsi ilə çətinləşir. Əllərdə gəzən pullar nəğd kredit ehtiyyatlarıdı. Mərkəzi Bank bu istiqamətdə ciddi işlər görür, amma bu kifayət etmir, köklü islahatlara ehtiyac var.
Bu gün Azərbaycanda ciddi islahatlar hesabına nominal kredit faizlərinin 3-4% -ə qədər endirilməsinə real imkan var. Belə islahatlarla Azərbaycanı keçmiş Sovet məkanında qabaqcıl mövqeyə çıxarmaq, Bakını regionun maliyyə mərkəzinə çevirmək olardı. Belə ıslahatların əsas istiqamətləri:
– hökümətin bütün resurslarının səfərbərliyə alınması, hökümət əmanətləri (hökümət əmanətlərinin hüquqi bazası formalaşmalıdı) kimi bu resursların məqsədli formada ölkənin müvafiq iri banklarında yerləşdirilməsi. Bu vəsaitlərin tərkibinə dövlət büdcəsinin və digər dövlət fondlarının sərbəst vəsaitləri, dövlət tabeçiliyində olan müəssisə və təşkilatların sərbəst vəsaitləri, dövlətin ehtiyyat fondlarının və dövlət rezervlərinin vəsaitleri və s. Həm də bu əmanətlər yalnız hökümətin müəyyən etdiyi məqsədlərə istifadə oluna bilər:
Bakı şəhərini və neft-qaz sektorunu çıxmaqla bütün investisiya layihələrinin kreditləşməsinə. Bu həm də investisiyaların sahələrarası və regionlar arası optimal yerləşdirilməsinə kömək olardı.
– MB-ın uçot dərəcəsinin daimi aşağı səviyyədə tutulması, hökümət əmanətlərinin bu faizlər səviyəsində banklarda yerləşdirilməsi, banklararası kredit bazlarının formalaşmasına real şərait yaradılması, BİBOR un sərbəst formalaşmasının təmin olunması;
– Əmanət sisteminin təkmilləşdirilməsi, yəni əmanət növlərinin yaradılması, məqsədli investisiya əmanətlərinin formalaşması və belə əmanətlərin 100 faizlik sıgortalanmasının təmin olunması. Məsələn, investisiya əmaneti, aşağı faizlə qebul olunur, yalnız investisiya krediti kimi istifadə olunur və belə olan halda dövlət bu əmanətə 100 faizli qarantiya verir. Bu zaman həm də əmanətlərin sıgorta məbləğinin xeyli qaldırılmasına ehtiyac var.
– nəğdsiz hesablaşmaların sürətlə artırılması, bunun üçün xüsusi tədbirlər sisteminin hazırlanmasına böyük ehtiyac var. Bu iqtisadiyyata və sağlam cəmiyyətin formalaşmasına çox kömək edə bilər.
– toplanan valyuta rezervlərinin böyük bir hissəsinin dövlət əmanətleri olaraq Azərbaycan banklarında yerləşdirilməsi və bunların da hökümət əmanətləri kimi xüsusi məqsədlərə istifadə olunmasını təmin etmək. Yüksək inkişafın nəticəsi olaraq ölkədə son zamanlar böyük məbləğdə valyuta rezervləri toplanmışdı, 50 mlrd dollara yaxın. Amma BVF normativlərinə əsasən 3-4 mlrd dollar ölkə üçün tam yetərlidi. Yalnız ekstra valyuta ehtiyyatlarının Azərbaycan banklarında yerləşdirilməsi kredit ehtiyyatlarını bir neçə dəfə artıra bilərdi ki, bunun nəticəsində faizlər xeyli azalardı və bu iqtisadi artım sürətini xeyli artırardı.
Bu tədbirlər faizlərin aşağı salınması ilə bərabər illik iqtisadi artımın 10 faizdən aşağı düşməməsinə qarantiya ola bilərdi.