TURİZM GERİLƏYİR: Azərbaycana gələn turistlərin sayı niyə AZALIB?
“Azalma qısa müddətdə çətinliklər yaratsa da uzun müddətdə Azərbaycan turizmini daha diversifikasiya olunmuş və dayanıqlı modelə keçməyə sövq edə bilər”.
Bunu Yenicag.az-a açıqlamasında turizm eksperti Rəhman Quliyev deyib.

O, Hindistan və Rusiyadan ölkəyə gələn turistlərin sayının azalmasının mümkün təsirlərindən danışıb.
Turizm eksperti bildirib ki, bu iki ölkə Azərbaycan üçün ən vacib turizm bazarları arasındadır. Buna görə də azalma bir neçə istiqamətdə risk yaradır:
“Rusiya və Hindistan turistləri adətən alış-veriş, yemək, otellər və digər xidmətlərə xeyli pul xərcləyən qruplardır. Onların azalması otellər, restoranlar və əyləncə sektorunun dövriyyəsini birbaşa aşağı sala bilər. Bəzi otellərin müştəri bazası əsasən rus və hind turistlərinə yönəlik idi. Azalma nəticəsində doluluq səviyyəsi aşağı düşə, bu da qiymətlərin endirilməsinə və gəlirlərin azalmasına səbəb ola bilər.”
Ekspertin sözlərinə görə, Rusiya və Hindistan kimi əsas bazarlarda turist axınının azalması turizm sektorunun gəlirlərini azaldır. Bu isə bazarın qeyri-sabitliyini artırır, nəticədə kiçik və orta bizneslərə təzyiq yaranır, sektoru yeni bazarlar axtarmağa məcbur edir.
Rəhman Quliyev vəziyyətin müsbət tərəfini də vurğulayıb:
“Bu azalma qısa müddətdə çətinliklər yaratsa da, uzun müddətdə Azərbaycan turizmini daha diversifikasiya olunmuş və dayanıqlı modelə keçməyə sövq edə bilər.”- deyə o bildirib.
Nəsimi Ələsgərli












