!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda təbii “durğunluq”, yoxsa süni “aktivlik”? – “İslahatların yeni dalğasının başlaması...” – ŞƏRH

!Reklam – Yazi

“Biz – müxalifətdə olan qüvvələr çatışmazlıqları da görürük, atılması vacib olan addımlarla əlaqədar təkliflərimizi də irəli sürürük”.

Bu fikirləri ölkəni daxili siyasi həyatında uzun müddət müşahidə edilən zahiri durğunluğun səbəblərinə toxunan Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin fikrincə, milli-demokratik düşərgə ilə hakimiyyətdə olan qüvvə ortaq davranmağı bacarmalıdır:

“Hesab etmirəm ki, ölkə siyasətində durğunluq var. Özünüz də qeyd etdiniz, Azərbaycan həm qlobal proseslərin mərkəzində yerləşir, həm də özünün postmüharibə dövrünün problemlərini aradan qaldırmaqla məşğuldur. Belə bir vəziyyətdə toparlanmaq və eyni zamanda, ölkə daxilində aktuallığını saxlayan məsələlərə münasibət bildirmək lazımdır. Amma prioritet olan məhz milli maraqlardır. Belə bir vəziyyətdə bəzi məqamlardan istifadə edə biləcək kənar qüvvələrin istəkləri də nəzərdən qaçırılmamalıdır. Əksəriyyətə məlumdur ki, Azərbaycanda qarışıqlıq salmaq üçün 970 milyon dollar vəsait ayrılıb.

Mən Azərbaycandakı siyasi qüvvələrin, fəal siyasi liderlərin milli maraqları kənara qoyub belə oyunların iştirakçısına çevrilmələrini, maşa olmalarını düzgün hesab etmirəm. Fikrimcə, ölkədəki zahiri durğunluqla bağlı başqaları da belə düşünür. İndi ölkədə baş verənlər onsuz da diqqət mərkəzindədir. Biz – müxalifətdə olan qüvvələr çatışmazlıqları da görürük, atılması vacib olan addımlarla əlaqədar təkliflərimizi də irəli sürürük. Bu mənada. vurğuladığınız “durğunluğu” “aktivlik”lə əvəzləmək ölkənin maraqlarına uyğun olmaz.

Hər kəs gözünü Azərbaycana dikib və ölkəmizlə yanaşı, bütövlükdə türk dünyasına olan münasibət ortadadır. Əgər zəif düşsək, bundan dərhal istifadə edəcəklər. Bəli, başa düşürəm ki, bəzi məsələlərə bağlı daha ciddi şəkildə təpki göstərmək gözləntisi var. Bununla yanaşı, qarşıdakı dövrdə islahatların yeni dalğasının başlayacağı, qarışıq seçki sisteminin bərpası və bəzi məsələlərin öz həllini tapacağı gözlənilir. Əgər o proses vüsət alarsa, bu zaman gözlənilən fəallıq yaranar, düşüncə savaşı başlayar.

Xatırladım ki, Azərbaycan Prezidentinə Türkiyədə cənab Baxçalı tərəfindən üzərində “Qarabağ Fatehi” yazılan silah hədiyyə edildi. Hesab edirəm ki, bu mənada, ölkəmizdə Türkiyədəki model tətbiq olunmalıdır. Yəni milli-demokratik düşərgə ilə hakimiyyətdə olan qüvvə ortaq davranmağı bacarmalıdır. Çünki millətçilərin əsas amalı millətin rifahı və təhlükəsizliyidir. Bunun üçünsə başlıca alət dövlətdir. Dövlətin mənafeyi isə hər şeydən üstündür”.

A.Zeynalov

www.yenicag.az

423
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv