Azərbaycanda YAY TURİZMİ – “Qəbələdən Əbu-Dabiyə...”

media-hightechnic-468x90

“Yay mövsümünün yaxınlaşması ilə Azərbaycanda daxili və xarici turizmdə canlanma müşahidə olunur. Qəbələ-Əbu-Dabi arasında ucuz reyslər və Bakı-Qəbələ sürət qatarı bu bölgəni həm yerli, həm də xarici turistlər üçün daha cəlbedici edir. Bu nəqliyyat imkanları bölgədə iqtisadi və sosial canlanmanı dəstəkləyəcək”.

Bunu Yenicag.az-a açıqlamasında “Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri, “Azərbaycan Ekoturizm Assosiasiyası”nın İcraçı direktoru Samir Dübəndi bildirib.

media-425016967_0_0_3072_1738_1920x0_80_0_0_b5924060c5a779b1a36900b599c391a1

O, yay mövsümündə ölkədə turizm potensialının inkişaf etdirilməsi və aşağıbüdcəli müştərilər üçün turizm sahəsinin cəlbediciliyinin artırılması haqqında fikirlərini bölüşüb.

S. Dübəndi diqqətə çatdırıb ki, hazırda Qəbələ Beynəlxalq Hava Limanından aşağıbüdcəli “Wizz Air Abu Dhabi” aviaşirkəti ilə Əbu-Dabiyə birbaşa uçuşlar həyata keçirilir:

“Uçuşlar həftədə 3 dəfə olmaqla, cəmi 24 ABŞ dolları qiymətə mümkündür. Bu, təkcə azərbaycanlı turistlərin xaricə münasib qiymətlərlə çıxışı üçün deyil, həm də Körfəz ölkələrindən Azərbaycana turist axını üçün mühüm fürsətdir. Azərbaycan Dəmir Yolları tərəfindən həftəsonları fəaliyyət göstərən sürətli qatar marşrutu (Bakı-Qəbələ-Bakı) bölgəyə gediş-gəlişi xeyli asanlaşdırır. Qatarlar “Stadler” markalı, ikimərtəbəli və rahat sərnişin qatarlarıdır. Səyahət müddəti 3 saat 20 dəqiqədir, qiymətlər 3-19 ABŞ dolları arasında dəyişir”.

Onun sözlərinə görə, Qəbələ regionunun hava və dəmiryolu ilə əlçatanlığının artması bu yay mövsümündə daxili və xarici turizmin inkişafına şərait yaradır:

“Əbu-Dabi istiqamətində sərfəli uçuşların təşkili Körfəz ölkələrindən gələn turist axınının artmasına xidmət edir. Sürətli qatar isə Bakıdan regionlara axını asanlaşdırır və yerli turizmin genişlənməsinə töhfə verir. Qəbələ Beynəlxalq Hava Limanının aşağıbüdcəli (low-cost) aviaşirkətlər üçün regional hava nəqliyyatı mərkəzinə (hub) çevrilməsi potensialı son dövrlərdə müzakirə mövzusudur. Bu istiqamətdə bir neçə əsas faktor mövcuddur. Texniki imkanlara gəldikdə isə Qəbələ aeroportu 3,600 metr uzunluğunda asfalt-beton uçuş-enmə zolağına və ILS CAT II sisteminə malikdir. Bu, aşağı görünmə şəraitində belə uçuşların təhlükəsiz həyata keçirilməsinə imkan verir. Coğrafi mövqe məsələsində isə Azərbaycanın şimal-qərbində yerləşən Qəbələ həm daxili, həm də regional istiqamətlər üçün əlverişli tranzit nöqtəsi ola bilər”.

Mütəxəssis söyləyib ki, hazırda “Wizz Air Abu Dhabi” tərəfindən həyata keçirilən Qəbələ-Əbu-Dabi reysi həftədə 3 dəfə təşkil olunur:

“Bu, Körfəz ölkələri ilə əlaqələrin gücləndirilməsi üçün əhəmiyyətlidir. “Flynas” və “Air India Express” kimi aviaşirkətlər Heydərabaddan Qəbələyə sərfəli qiymətlərlə uçuşlar təklif edirlər. Bu, Hindistan bazarına çıxış üçün yeni imkanlar yaradır. Hazırkı coğrafiyanın genişlənməsi üçün bütün imkanlar nəzərdən keçirilə bilərlər”.

“Qəbələ Azərbaycanın əsas turizm bölgələrindən biridir. Aşağıbüdcəli uçuşların artırılması, bölgəyə gələn turist sayının artmasına və yerli iqtisadiyyatın canlanmasına səbəb ola bilər. Aşağıbüdcəli aviaşirkətlərlə tərəfdaşlıq və təşviq proqramları vasitəsilə yeni istiqamətlərin açılması mümkündür. Bu addımların atılması Qəbələ aeroportunun regional hava nəqliyyatı mərkəzinə çevrilməsinə və Azərbaycanın turizm sektorunun inkişafına töhfə verə bilər”, – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600