İraq parlamentinə sədrlik uğrunda mübarizə: Tərəflər kimləri “oyundankənar” vəziyyətə salırlar?
İraqda seçkilərdən sonra sünni siyasi liderlər “Təqəddüm” koalisiyasının rəhbəri və keçmiş parlament sədri Məhəmməd əl-Halbusi, eləcə də “Əzm” koalisiyasının lideri Müsənna əs-Səmərrai “Koordinasiya Çərçivəsi”nə daxil olan şiə partiyalarının rəhbərləri ilə danışıqlara başlayıblar. Görüşlərin əsas məqsədi yeni parlament sədrinin müəyyənləşdirilməsi üzrə razılıq əldə etməkdir.
Eyni zamanda, sünni düşərgəsində də şiələrdəki modelə bənzər yəni bütün tərəflərin iştirakı olmadan ayrıca bir “koordinasiya bloku” yaratmaq ideyası müzakirə olunur. Şiələrin “Koordinasiya Bloku” necə ki, əsas şiə siyasi qüvvələrini (Müqtəda əs-Sədrin hərəkatı istisna olmaqla) bir araya gətirib, sünnilər arasında da oxşar formatda müəyyən qüvvələrin kənarda qalması ehtimalı güclüdür.
Halbusiyə yaxın mənbələr, mümkün sünni koordinasiya formatından kənarda qala biləcək tərəfin Səmərrai qanadı olacağı ehtimalını istisna etmirlər. Bununla paralel, sünni liderlər arasında daxili razılaşmaların konturları üzrə ilkin təmasların davam etdiyi bildirilir.
Yekun olaraq, parlament sədri postu ətrafında aparılan danışıqlar həm şiə siyasi bloku ilə koordinasiyanı, həm də sünni cəbhəsi daxilində daha sıx əməkdaşlıq mexanizmi axtarışlarını gündəmdə saxlayır. Bu prosesin gedişi yeni qanunverici orqanın rəhbərliyinin formalaşmasına birbaşa təsir göstərəcək.
Amir Aqiloğlu












