Qardaş ölkə Türkiyədə tez-tez baş verən zəlzələ Azərbaycanda məsələni gündəmə gətirib. Belə ki, ictimaiyyət nə zamansa Bakı və bölgələrdə dağıntılara səbəb olacaq zəlzələnin baş verəcəyindən narahatdır.
Globalinfo.az-a danışan Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri, Yer elmləri üzrə elmlər doktoru dosent Qulam Babayev deyib ki, zəlzələlər öz tipinə görə hiss olunan, hiss olunmayan, güclü, dağıdıcı və katastrofik zəlzələlər kimi şəciyyələnirlər.
Seysmoloqun sözlərinə görə, digər bölgələrdəki kimi Azərbaycanda dağıdıcı zəlzələlər gözlənilmir:
“Çünki yer hərəkətinin intensivliyi, sürəti o bölgələrdəki kimi çox da aktiv deyil. Bu baxımdan da eyni zəlzələnin Bakı və ya Xəzər dənizində, digər bölgələrimizdə baş verməsi gözlənilmir. Amma 2024-25-ci ildə ölkəmizdə hiss olunan zəlzələlər olacaq. Buna səbəb isə qonşu ölkələrdə hiss olunan zəlzələlərin baş verməsidir. Azərbaycan ərazisinin onlardan kənar qalması mümkün deyil”.
Q.Babayev Azərbaycanda konkret seysmik zonaları açıqlayıb:
“Şamaxı-İsmayıllı, Şəki-Oğuz-Zaqatala ocaqlarında zəlzələ güclü hiss oluna bilər. Gəncə, Mingəçevir, Qarabağın özü də seysmik ərazidir. Orada Şuşa seysmik ocağı var. Bu isə Hadrud, Laçın, İstisu və Kəlbəcər tərəfdə özünü büruzə verir. Xəzər dənizi də hər bir tərəfdən seysmik zonadır. Onun bütün ərazisi Bakı və Abşeron yarımadasına təsirli, potensial təhlükədir. Çünki Xəzər dənizi ən mürəkkəb tektonik zonalardan biridir”.
Seysmoloqun dediklərinə görə, cənub zonası da hiss olunan zəlzələdən sığortalanmır:
“Xəzərin cənub hissəsi və qonşu İranda baş verən zəlzələ talış zonasına təsir göstərir. Lakin Lerik və Yardımlının özündə də seysmik ocaqlar var”.
Qulam Babayevin sözlərinə görə, 2025-ci ildə də aktivlik davam edəcək:
“Mümkün deyil ki, Türkiyə, Gürcüstan, İranda zəlzələ baş versin, amma Azərbaycanda hiss olunmasın. Bu, mümkünsüzdür! Qonşu ocaqlar fizikanın qanunu əsasında bizə də təsir göstərir”.
www.yenicag.az