Məşhur diktordan APARICILARA: “Reytinqə görə qonağı ƏZMƏYİN!”
Noyabrın 6-sı Azərbaycan Televiziyası və Radiosu Günü olaraq televiziya və radio işçilərinin peşə bayramı kimi qeyd edilir. Uzun illər Azərbaycan Televiziyasında diktor kimi fəaliyyət göstərən tanınmış diktor, xalq artisti Ofeliya Sənani Yenicag.az-a açıqlamasında bayram təəssüratlarını bölüşüb.
O, bu sənətlə məşğul olduğuna görə özünü dünyanın ən xoşbəxt adamı hesab edir.
Ömrünü bu sənətə həsr etdiyini deyən məşhur diktor televiziyada çalışan həmkarlarına da səslənib:
“İndiki aparıcılara bir neçə məsləhətim var. Çalışın hər zaman efirdə səmimi və mehriban olun. Onsuz da tamaşaçı saxtalığı və səmimiyyətsizliyi hiss edir. Sadə və təvazökar olun, qonaqlarınızın yanında özünüzü dartıb dağ başına qoymayın. Olmaz. Digər bir məsləhətim – heç vaxt verilişə dəvət etdiyiniz qonağın zəif nöqtəsinə toxunmayın, onları əzməyin, rəzil etməyin. Reytinq xətrinə onun sirlərini açıb, hamıya car çəkməyin. Nəzərə alın ki, hər kəsin öz gizlinləri var və onlar insanın özündə qalmalıdır. Tamaşaçıya onun sənətini göstərməyə çalışın. Çoxlu mütaliə edin. Diksiyanızı mükəmməlləşdirin. Danışarkən yad sözlərdən istifadə etməyin, dilimizin gözəlliyini qoruyun. Xüsusən xəbər aparıcıları, ləhcədən istifadə etməyin”.
Cəvahir












