Deputatdan alimlərə ÇAĞIRIŞ: "Müasir tələblərə uyğun yeniliklər irəli sürülməlidir"
“Prezident İlham Əliyev Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubiley yığıncağında Azərbaycan alimləri üçün strateji yol xəritəsini müəyyən etdi. Dövlət başçısı həm keçmişi xatırlatdı, həm bu günün nailiyyətlərini vurğuladı, həm də gələcək inkişafın əsas strateji istiqamətlərini göstərdi”.
Bu fikirləri Milli Məclisin deputatı Vasif Qafarov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, dövlət başçısının çıxışındakı hər fikir elmin, texnologiyanın, milli iqtisadiyyatın, mədəniyyətin və dövlətçilik düşüncəsinin bir-birinə bağlı olduğunu sübut edir:
“Prezident çıxışının əvvəlində vurğuladı ki, AMEA 80 il ərzində böyük yol keçib, ölkənin elmi və intellektual inkişafında mühüm rol oynayıb. Müxtəlif dövrlərdə, fərqli ictimai-siyasi sistemlərdə yaşasaq da, Azərbaycan heç vaxt elmini diqqətdən kənarda qoymayıb. Bu, dövlətçilik düşüncəsinin mərkəzində bilik və elmi təfəkkürün dayanmasından xəbər verir. Elmin inkişafında Ulu Öndər Heydər Əliyevin elmin inkişafında göstərdiyi xidmətləri diqqətə çatdıran dövlət başçısı bildirib ki, bu siyasət müstəqillik illərində də davam etdirilib, artıq Azərbaycan gəncləri dünyanın ən qabaqcıl universitetlərində təhsil alaraq vətənə qayıdır, ölkənin inkişafına bilavasitə töhfə verirlər. Bu, elmin nəsillərarası davamlılığını təmin edən ən vacib amildir. Prezidentin “Azərbaycan alimləri bundan sonra da ölkənin uğurlu inkişafına öz töhfələrini verəcəklər” fikri həm motivasiyaedici, həm də real əsasa malikdir. Bu gün gənc alimlər üçün yaradılan təqaüdlər, qrantlar, beynəlxalq proqramlar göstərir ki, dövlət bu sahəyə strateji baxır”.
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev çıxışında texnoloji inkişafın dövlətin əsas prioriteti olduğunu bildirib:
“Dövlət başçısı onu da xatırlatdı ki, on il əvvəl Akademiyanın 70 illiyində o, elmin inkişafına dair hədəflər qoymuşdu. Bu gün həmin məqsədlər reallaşmaqla yanaşı, Azərbaycan özünün müstəqilliyi tarixində ən parlaq qələbəsini də əldə edib. Torpaqlarımız azad olunub, suverenliyimiz tam bərpa edilib. Prezident haqlı olaraq dedi ki, bizim qədər parlaq və tam qələbə qazanan ikinci ölkə olmayıb. Bu Qələbə elmin və texnologiyanın da gücü ilə təmin olunub, çünki müasir müharibələrdə yüksək bilik, texnologiya və informasiya üstünlüyü həlledici rol oynayır. Texnoloji inkişafın vacibliyinə diqqət yetirən Prezident İlham Əliyev çıxışında sözügedən sahənin dövlətin əsas prioriteti olduğunu bildirdi. O vurğuladı ki, bu gün hər bir ölkənin iqtisadi və təhlükəsizlik gücü onun texnoloji imkanlarından asılıdır. Azərbaycan alimləri bu istiqamətdə ön sırada olmalı, müasir tələblərə uyğun yeniliklər irəli sürməlidirlər”.
Deputat bildirib ki, Prezident İlham Əliyevin çıxışında Azərbaycan dilinin saflığının qorunması məsələsi də xüsusi olaraq vurğulayıb:
“Prezident bildirdi ki, dil milli kimliyin əsas dayağıdır və hər bir vətəndaş onun təmizliyinə məsuliyyətlə yanaşmalıdır. Xarici sözlərin yersiz istifadəsi milli dilə zərər vurur, buna görə alimlər, müəllimlər və media nümayəndələri bu istiqamətdə birlikdə çalışmalıdırlar. Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi yığıncağındakı çıxışı elmin, texnologiyanın, tarix və mədəniyyətin, iqtisadiyyatın və milli kimliyin vahid ideya ətrafında birləşdiyini göstərir. Burada əsas fikir budur: Azərbaycanın gələcəyi intellektual potensiala, texnoloji yeniliyə, elmi düşüncəyə və milli dəyərlərin qorunmasına əsaslanmalıdır. Prezident İlham Əliyevin bu çıxışı, həmçinin Azərbaycan alimləri üçün strateji proqram xarakteri daşıyır. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan alimlərinin əldə etdiyi elmi biliklər cəmiyyətə, iqtisadiyyata və dövlətə fayda verməli, xalqın rifahına və tərəqqisinə xidmət etməlidir. Ali məqsəd güclü, müasir və dinamik inkişaf edən Azərbaycana bu yolda xidmət etmək və töhfə vermək olmalıdır”.
Məlik Məlikov












