Məlum olduğu kimi, ötən gün Prezident İlham Əliyevin sərəncamıyla Emin Əmrullayev yeni Təhsil naziri təyin edilib.
Son zamanlar gənc və perspektivli kadrlara üstünlük verilməsi siyasəti bu təyinatda da davam etdirilib. Belə ki, 38 yaşlı nazirin təyinatı ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Qeyd olunub ki, gənclər sektorundan çıxmış yeni nazirin təhsil sahəsində yaxşı təcrübəsi, analitik bacarığı var.
Yenicag.az xəbər verir ki, “Qafqazinfo” bu məqamda daha öncə gənc yaşda nazir postuna gətirilən və bu təyinatları ilə həmin sahədə yeniliklərin olacağına ümid yaradan nazirləri təqdim edir:
1980-ci il təvəllüdlü Sahil Babayev. Əmək və əhalinin sosial müdafiəsi naziri postuna 21 aprel 2018-ci il tarixində, yəni 38 yaşında təyin olunub.
Azərbaycanın 5-ci Kənd təsərrüfatı naziri İnam Kərimov 1977-ci il təvəllüdlüdür. Həmkarı S. Babayevlə eyni gündə təyinat alan nazir 41 yaşından bu vəzifəni icra edir. Bundan başqa, İ. Kərimov 35 yaşında Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə sədr təyin olunmuşdu.
1977-ci il təvəllüdlü Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə də 2017-ci ildə, yəni 40 yaşında bu posta təyinat alıb.
Son 10 il ərzində 3 dəfə müxtəlif qurumlara nazir təyinatı almış İqtisadiyyat naziri Mikayıl Cabbarov 1976-cı il təvəllüddür. O, ilk dəfə nazir postuna 2013-cü ildə təyinat alıb. Bu zaman M. Cabbarovun 37 yaşı olub.
www.yenicag.az