Mayın 30-da Zəngilanda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda III beynəlxalq humanitar minatəmizləmə konfransı keçirilib.
Konfransda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.
Prezident İlham Əliyevin Zəngilan şəhərində keçirilən “Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirilib ki, bu günə qədər aparılan minatəmizləmə prosesi nəticəsində 140 min hektara yaxın sahə 119 min 946 mina və partlamamış hərbi sursatlardan təmizlənib. Lakin minalanmış ərazilər bundan daha genişdir.
“Azərbaycan bu məqsədlə qısa müddət ərzində bütün gücünü səfərbər edərək dünyada tətbiq olunan ən müasir və qabaqcıl texnologiyalardan istifadə edir. Minatəmizləmə sahəsində səmərəliliyin artırılması üçün tərəfimizdən davamlı şəkildə müvafiq işlər görülür və hazırda imkanlarımız əvvəlki illərlə müqayisədə xeyli artmışdır. Azərbaycanda ötən ildən başlayaraq qadın minatəmizləyən qrupları da fəaliyyətə başlamışdır. Ölkəmiz humanitar minatəmizləmə fəaliyyətini demək olar ki, tam şəkildə öz resursları hesabına həyata keçirir. Minaların humanitar fəsadlarının aradan qaldırılması, torpaqların minalardan təmizlənməsi üçün beynəlxalq ictimaiyyətin adekvat siyasi və praktiki dəstəyi mühüm əhəmiyyət kəsb edir”, – deyə müraciətdə qeyd olunub.
Qeyd edək ki, Azərbaycanın təşəbbüsü ilə bu konfrans 3-cü dəfədir keçirilir. Azərbaycan qlobal səviyyədə minalanmaya qarşı mərkəz stasusunu qazanıb.
BMT-nin İnkişaf Proqramı (UNDP) və Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) niyyət bəyannaməsi imzalayıb.
Sənədin imzalanması Zəngilanda keçirilən “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər edilməsi” mövzusunda III Beynəlxalq Minatəmizləmə Konfransı zamanı baş tutub.
Niyyət bəyannaməsi Azərbaycan ərazisində Mina fəaliyyəti ilə əlaqədar Mükəmməlik Mərkəzinin yaradılmasında əməkdaşlığı ehtiva edir.
Sənəd ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo tərəfindən imzalanıb.
Mərkəz mina təhlükəsi ilə mübarizə sahəsində milli, regional və beynəlxalq səviyyələrdə təlim və bacarıqların artırılması, sertifikatlaşdırma və biliklərin ötürülməsini həyata keçirəcək, habelə humanitar minatəmizləmə sahəsində ən son texnologiya və metodologiyaları təkmilləşdirmək üçün minalarla mübarizədə tədqiqat və innovasiyaları təşviq edəcək.
Mərkəzin yaradılması Azərbaycanın mina təhlükəsilə mübarizə imkanlarını artırmaq və minasız dünya üçün qlobal səylərə töhfə vermək niyyətinin göstəricisidir.
Bu təşəbbüs Azərbaycanın həm milli, həm də beynəlxalq istəklərinə uyğun olaraq sülh, təhlükəsizlik və davamlı inkişafa, regional və qlobal əməkdaşlığa sadiqliyini əks etdirir.
Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan dünyada minalanmadan ən çox əziyyət çəkən ölkədir. Ölkə ərazisinin 12 faizi minalarla və partlamamamış sursartlarla çirklənib. Bu, kənd təsərrüfatı üçün yararlı torpaq fondunun 28 faizi deməkdir.
İndiki vəziyyətdə Azərbaycanın Qarabağda bərpa-quruculuq və kənd təsərrüfatının inkişaf etdirilməsinə mane olan amillərdən biri də Ermənistanın bütün Qarabağa yerləşdirdiyi minalardır. İyirmi səkkiz illik işğal dövründə Qarabağda Ermənistanla Azərbaycan arasında təxminən 300 kilometr uzunluğunda “təmas xətti” olub. Ölkəsində mina istehsalı müəssisəsi olan Ermənistan bütün 300 kilometrlik təmas xətti boyunca piyada və tank əleyhinə minalar yerləşdirib.
Hazırda Azərbaycanda minatəmizləmə üzrə məsul qurum olan Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) bu ərazilərdə minaların ətraf mühitə təsirini azaltmaq üçün tamamilə minalanmış hüdud xətti yaradıb.
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra ortaya çıxan mənzərədən məlum oldu ki, işğal dövründə Ermənistan təkcə təmas xəttində deyil, həm də ermənilərin qanunsuz məskunlaşmadığı Azərbaycan torpaqlarında çoxlu sayda minalar yerləşdirib. Hətta Ermənistan işğal etdiyi torpaqların bir çox sahələrində əkinçiliklə də məşğul olmayıb, əkinə yararlı torpaq sahələrini minalayıb.
Müəyyən edilib ki, mina yerləşdirmə “strategiyası” təkcə işğal dövrü ilə məhdudlaşmayan Ermənistan İkinci Qarabağ müharibəsində məğlubiyyəti nəticəsində tərk etdiyi rayonları da minalayıb. Atəşkəsdən dərhal sonra çoxlu azad edilmiş Qarabağ torpaqlarının müxtəlif ərazilərində minalanmış sahələrin olduğu müəyyən edilib.
Ermənistan bu günə qədər yalnız Ağdam, Füzuli və Zəngilan rayonları üçün mina xəritələrini verib. Bu xəritələrə əsasən təkcə Ağdamda 97 min, Füzuli və Zəngilan rayonlarında isə 92 min mina olduğu görünürdü. Qarabağın qalan rayonlarında vəziyyətin necə olduğu hələlik məlum deyil.
18 sentyabr 1997-ci ildə imzalanmış və 1 mart 1999-cu il tarixində qüvvəyə minmiş “Piyada əleyhinə minaların qadağan edilməsi, ehtiyatının yığılması, istehsalı, ötürülməsi və məhv edilməsi haqqında Konvensiya”ya əsasən, istifadəsi və istehsalı qadağan edilən piyada əleyhinə minalar faktiki olaraq beynəlxalq silahlı qüvvələr tərəfindən əsgərlər və mülki şəxslər arasında ayrı-seçkilik yaratmayan bir silah kimi istifadə olunur və istifadəsi cinayət təşkil edən silah növləri sırasındadır.
Bu kontekstdə Ermənistanın sözügedən sazişdə iştirak etməməsinin heç bir hüquqi əhəmiyyəti yoxdur. Buna baxmayaraq, Ermənistan geniş ərazilərdə tank əleyhinə minalar, eləcə də çoxlu sayda piyada əleyhinə minalar yerləşdirib ki, onların da əksəriyyəti Azərbaycan vətəndaşları üçün təhlükə mənbəyinə çevrilib.
Bu tip minaların çox vaxt eyni vaxtda sıxıldığı və bəzilərinin təsadüfi yerlərə, hətta ağacların üzərinə qoyulduğu da bildirilir. Minalarla bağlı digər mühüm məsələ Ermənistanın Azərbaycana yerləşdirdiyi minaların xəritəsini verməkdən imtina etməsidir. Bildirilib ki, indiyədək yalnız Ağdam, Füzuli və Zəngilan rayonlarında yerləşdirilən minaların xəritələri verilib. Bu xəritələrin real vəziyyəti nə dərəcədə əks etdirməsi hələ də təsdiqlənməyə ehtiyacı olsa da, yüz minlərlə minanın yerləşdiyi yerlər ümumiyyətlə məlum deyil və hətta bəzilərinin xəritələrinin olub-olmadığı da məlum deyil. Çünki bəzi ərazilərdə minaların təsadüfi və xəritəsiz qoyulması ehtimalı var.
Minalar hələ də mülki əhalinin itkisinə və ya yaralanmasına səbəb olmaqda davam edir. 2020-ci ildə İkinci Qarabağ müharibəsinin başa çatmasından bu günə qədər əksəriyyəti mülki olan 361 Azərbaycan vətəndaşı minaların qurbanı olub, onlardan 68-i həlak olub, 293-ü isə ağır yaralanıb. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkib, onlardan 358-ni uşaqlar, 38-ni isə qadınlar təşkil edir. Mina qurbanlarının sayının gündən-günə artmasının əsas səbəbləri sırasında Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi, keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirməsidir. Ölkə ərazisinin 12 faizi minalarla və partlamamamış sursatlarla çirklənib. Bu, kənd təsərrüfatı üçün yararlı torpaq fondunun 28 faizi deməkdir. Bu günə qədər aparılan minatəmizləmə prosesi nəticəsində 140 min hektara yaxın sahə 119 946 mina və partlamamış hərbi sursatlardan təmizlənib. Lakin minalanmış ərazilər bundan daha genişdir. Bu gün işğaldan azad olunmuş əraziləri öz hesabına əsaslı bərpa edən və yenidən quran Azərbaycan mina probleminin həllinə də böyük vəsaitlər sərf etmək məcburiyyətindədir.
“Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda minalarla mübarizə üzrə üçüncü beynəlxalq konfransın işğaldan azad edilmiş Zəngilanda keçirilməsi böyük əhəmiyyət kəsb edir. Bu, həm də dünyanın müxtəlif ölkələrindən gəlmiş qonaqlara erməni vandalizminə şahid olmaq imkanı yaradır. Bu fonda Azərbaycanın sülhə, qurub-yaratmaq, yenidənqurma, tarixi, dini, mədəni abidələrin bərpa olunması prosesinə töhfələr vermək istəyi özünü daha qabarıq göstərir. Bu addım Azərbaycan həqiqətlərinin daha çox ölkəni əhatə etməsinə gətirib çıxaracaq. Yenidən tikilmiş Zəngilan məscidini və onun xarabalığa çevrilmiş divarlarını görmək, yenidən qurulmuş obyektlərlə tanış olmaq qonaqlara Ermənistanın işğal dövründən Azərbaycana necə ağır zərbələr vurduğu, daim sülh çağırışları ilə çıxış edən, qurucu Azərbaycana xarici dəstəyin göstərilməsinin zəruriliyi barədə fikirlərinin formalaşmasında böyük rol oynayacaq.
Digər tərəfdən, minaların ətraf mühitə vurduğu və verə biləcəyi zərəri də əhəmiyyətli ölçüdə olduğu da konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Ermənistanın bu məsələlərdə üzərinə düşən vəzifələri yerinə yetirməsi prosesləri tez və ən az zərərlə başa çatdırmaq üçün əsas elementdir.
Nəsimi Ələsgərli
www.yenicag.az