Azərbaycanın hökumət rəsmiləri Qazaxıstan milli bayramında
Dekabrın 16-da Qazaxıstanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib.
Qazaxıstanın Azərbaycandakı səfiri Amangeldi Jumabayev ölkəsinin keçdiyi inkişaf yolundan danışıb.
Səfir qeyd edib ki, Azərbaycanı və Qazaxıstanı çoxəsrlik mehriban dostluq, qonşuluq və qarşılıqlı dəstək ənənələri birləşdirir. Qarşılıqlı səylər bundan sonra da bu nəcib ənənələrin inkişaf etdirilməsinə, xalqlarımızın və ölkələrimizin tərəqqisinə, regionda sülh, təhlükəsizlik və sabitlik naminə dövlətlərarası münasibətlərin daha da inkişaf etdirilməsinə yönəldiləcək.
Energetika naziri Natiq Əliyev prezident İlham Əliyevin təbriklərini və firavanlıq arzularını çatdırıb.
Nazir bildirib ki, ölkələrimiz arasında həmişə səmimi münasibətlər olub və bu münasibətlər müstəqillik bərpa olunandan sonra intensiv inkişaf etməyə başlayıb. İki ölkə arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər və imzalanmış çoxsaylı sənədlər ikitərəfli əlaqələrimizin daha sürətlə inkişafına töhfəsini verib.
Qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak ediblər. (azertag.az)