Məlum olduğu kimi 2022-ci ilin apel ayının 12-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçrilmişdir.
2022-ci ilin ilk üç ayının yekunlarına həsr edilmiş bu müşavirə həm də müharibədən sonrakı dövrün bir illik hesabatı idi. Dövlət başçısı əslində son üç ayda, eləcə də müharibədən sonrakı ötən bir il ərzində ölkə daxilində həyata keçirilən sosial-iqtisadi layihələr, ümumi inkişafımız, ordu quruculuğu, xarici siyasət və regional münasibətlər haqqında bir çox önəmli məsələləri vurğuladı eyni zamanda, ilin sonuna qədər olan planlar haqqında danışdı.
Çıxışının əvvəlində bu ilin üç ayında ölkəmizin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan Cənab Prezident bu üç ayın yekunlarını keçən il əldə edilmiş uğurların davamı kimi qiymətləndirməli olduğumuzu bildirmişdir. Müşavirəyə nəzər saldıqda görürük ki, Prezident İlham Əliyev beynəlxalq məsələlərə diqqət çəkərək ərazilərimizin bərpası və Böyük Qayıdış kontekstində əsas məsələlərdən biri kimi Azərbaycanın yaratdığı yeni reallıqların dünya tərəfindən qəbul edilməsi məsələsini aktuallaşdırdı.
Müşavirədə diplomatiya sahəsində qazandığımız uğurlar timsalında Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, ATƏT-in və nəhayət Avropa İttifaqının münasibəti də xarakterizə edildi. Beynəlxalq məsələlərə toxunan Müzəffər Prezident Qoşulmama Hərəkatının həm müharibədən əvvəl, işğal dövründə, həm müharibə dövründə, həm müharibədən sonra birmənalı şəkildə Azərbaycanla həmrəy olduğunu, İslam Əməkdaşlıq Təşkilatının işğal dövründə dəfələrlə ədalətli, bizim mövqeyimizi əks etdirən qərar-qətnamələr qəbul etdiyini vurğulamışdı.
ATƏT –in Minsk qrupunun Qarabağ münaqişəsinin həll edilməsi məsələsində tutduğu mövqeyə toxunan zaman Cənab Prezident çox haqlı olaraq Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə olduğunu və həmsədr ölkələrin bu illər ərzində Azərbaycana, Ermənistana yüzlərlə səfər etdiyini və sıfır nəticə əldə etdiyini, Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandatın faktiki olaraq de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla biləcəyini dilinə gətirmişdir.
Cənubi Qafqazda sülhün, əmin-amanlığın olmasını arzulayan Müzəffər Prezidentimiz, aprel ayının 6-da Brüssel görüşündə Ermənistanla əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklifin verildiyini və Ermənistan tərəfinin də bu 5 prinsipi qəbul etdiyini bildirmişdi. Bununlada Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir və Azərbaycanın ərazi bütövlüyü qəbul edir.
Ordu quruculuğuna toxunan Cənab Ali Baş Komandan müharibənin 44 gününün hər günü dərindən təhlil edildiyini və bunun gələcək ordu quruculuğumuzun real vəziyyətə əsaslanaraq qurulmasını və artıq bu sahədə əməli addımların atıldığını dilinə gətirdi.
Son dövrdə beynəlxalq ictimaiyyətin həm siyasi nöqteyi-nəzərdən Azərbaycan reallıqlarını qəbul etməsi, eyni zamanda, bizə olan marağın, hörmətin daha da artmasına gətirib çıxartdı. Prezidentimizin təbərincə desək “bu marağı biz böyük investisiya layihələrində görürük. Təkcə bu ilin üç ayında iki böyük investisiya layihəsinə start verildi – bərpaolunan enerji üzrə iki elektrik stansiyasının təməli qoyuldu. 470 meqavat gücündə olan stansiyalar xarici investorlar tərəfindən inşa edilir və gələn il istismara veriləcək”.
Çox müsbət iqtisadi göstəricilərimizin olması -ümumi daxili məhsulun 6,8 faiz artması, qeyri-neft iqtisadiyyatımızın 10 faizdən çox artması, sənaye istehsalı sahəsində artımın təxminən 4 faizə çatması, xarici ticarət dövriyyəmizin 60 faizdən çox artması, ixracımızın təxminən iki dəfə artması bizi sevindirən məsələlərdəndir.
İşğaldan azad edilmiş torpaqların bərpasından söz düşmüşkən Prezidentimizin tarixi faktlara söykənərək aşağıdakıları söyləməsi (adətən belə qanlı müharibələrdən, belə dağıntılardan sonra, – Qarabağ və Zəngəzurda dağıntıların dünyada bənzəri yoxdur, heç İkinci Dünya müharibəsində bu qədər dağıntılar olmamışdı, – donor konfransları, beynəlxalq təşkilatlar yığışır və bərpa planı icra edilir. İndi yenə də İkinci Dünya müharibəsinin tarixçəsinə nəzər salmaq kifayətdir. O vaxt Marşal planı tətbiq edilmişdir. Əgər Amerika Avropanı bərpa etmək üçün bu planı tətbiq etməsəydi, Avropa öz gücünə öz potensialını bəlkə də 50 ilə bərpa edə bilərdi.) bu sahədə öz gücümüzə, öz istedadımıza güvənildiyini vurğulamasının özü belə ölkənin iqtisadi gücündən, potensialından xəbər verir.
Hazırda dünyada ərzaq məhsullarının qiymətlərinin kəskin artması, bizim ərzaqlıq buğda ilə təminatımızın diqqət mərkəzində olması, hökumətə bu məsələ ilə bağlı göstərişin verilməsi bu məqsədlə azad edilmiş torpaqlarda əkin işlərinin daha da genişmiqyaslı aparılması üçün göstərişlər verilməsi məsələlərinə toxunması bir daha Cənab Prezidentimizin dövlətimizin, xalqımızın rifahı üçün hərtərəfli düşündüyünü, əməli addımlar atdığının bariz nümunəsidir. Bütün bunlarla yanaşı, antiinflyasiya tədbirlərinin görülməsi, gücləndirilməsinin zəruriliyi, süni qiymət artımının qarşısının alınması kimi məsələlər də müşavirə mövzularından idi.
Ümumilikdə ölkə daxilində həyata keçirilən sosial-iqtisadi layihələr, ordu quruculuğu, xarici siyasət və regional münasibətlər haqqında bir çox önəmli məsələləri özündə ehtiva edən 12 aprel müşavirəsi ölkədaxili və xarici milli cağırışlar kontekstində mühüm bir hadisə kimi yadda qaldı.
Suraxanı rayonu, Ələkbər Eyvazov adına
275 nömrəli tam orta məktəbin direktoru,
tarix üzrə fəlsəfə doktoru Elnur Hüseynov
www.yenicag.az