Güclü yağışlar Hindistanda dağıntılara səbəb oldu
Son günlər Hindistanın şərqində yağan güclü yağışlar Assam və Arunaçal Pradeş ştatlarında daşqınlara və genişmiqyaslı dağıntılara səbəb olub.
Yenicag.az xəbər verir ki, Assam Dövlət Fəlakətlərin İdarə Edilməsi İdarəsinin məlumatına görə, daşqınlardan ümumilikdə 22 min 124 nəfər zərər çəkib. Arunaçal Pradeşdə üç nəfərin öldüyü bildirilir. Axtarış-xilasetmə əməliyyatları davam edir.
Doxsan altı kənd və 1600 hektar kənd təsərrüfatı sahəsi su altında qalıb. Evlər və yollar zədələnib, Dhemaji rayonunda 1965-ci ildə tikilmiş dəmir yolu körpüsünün əhəmiyyətli bir hissəsi uçub. Zərərçəkənlər müvəqqəti düşərgələrdə yerləşdiriliblər.













