Bəqai: "Yaxın günlərdə ABŞ ilə heç bir danışıqlar planlaşdırılmır"
Yaxın günlərdə Vaşinqtonla Tehran arasında heç bir səviyyədə danışıqlar aparılmayacaq.
Yenicag.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai deyib.
“İranın ekspert nümayəndə heyəti razılaşmaların icrasına nəzarət etmək üçün Dohaya gedəcək”, – XİN rəsmisi bildirib və əlavə edib ki, ABŞ-nin 10-cu bənd (neft satışı) üzrə öhdəlikləri ilə bağlı Vaşinqtondan lazımi icazələr verilib və icranın gedişatı izlənilir.
Onun sözlərinə görə, 11-ci bəndin – İran aktivlərinin blokdan çıxarılmasının icrası da nəzarət mərhələsindədir:
“Biz hələ yekun razılaşma üzrə danışıqlar mərhələsinə başlamamışıq. Memorandumun 13-cü bəndinə əsasən, yekun razılaşma üzrə danışıqların başlaması 1, 4, 5, 10 və 11-ci bəndlərin icrasına başlanılmasından və onların davam etdirilməsindən asılıdır”.
Xatırladaq ki, memorandumun birinci bəndi Livan da daxil olmaqla, bütün cəbhələrdə müharibənin dərhal və yekun olaraq dayandırılmasını əhatə edir. Dördüncü bənd ABŞ-nin dəniz blokadasını ləğv etməsi, İrana qarşı hər hansı müdaxilənin qarşısının alınması və maksimum 30 gün ərzində gəmilərin hərəkətinin tam bərpasına aiddir. Beşinci bəndə görə, İran 30 gün ərzində Fars körfəzi, Oman dənizi və əks istiqamətdə ticarət gəmilərinin hərəkətinin müharibədən əvvəlki həcmdə 30 gün ərzində bərpa olunmasını təmin etməlidir. Sanksiyaların ləğvi tarixinə qədər ABŞ-nin Maliyyə Nazirliyinin İranın xam neftinin, neft-kimya məhsullarının və onun törəmələrinin ixracı, habelə bank, sığorta, nəqliyyat və bu kimi bütün əlaqəli xidmətlər üçün istisnalar təqdim etməsi onuncu bənddə əks olunub. 11-ci bəndlə ABŞ öhdəsinə götürür ki, İranın dondurulmuş, yaxud istifadəsi məhdudlaşdırılmış vəsaitləri və aktivləri blokdan çıxarılacaq, tam əlçatan olacaq.













