Azərbaycanla Serbiya arasında əməkdaşlıq haqqında saziş imzalanıb
Belqradda Azərbaycanla Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib.
Gün.Az-ın İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, iclasda çıxış edən Hökumətlərarası Komissiyanın həmsədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Serbiya münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini bildirib.
Nazir deyib ki, Hökumətlərarası Komissiyanın 2-ci iclasından ötən müddət ərzində hüquqi sahədə bir sıra sənədlər imzalanıb, karantin və bitki mühafizəsi, beynəlxalq yükdaşımaları, səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında saziş layihələri isə razılaşdırma mərhələsindədir.
“Ölkələrimiz arasında investisiya sahəsində sıx əməkdaşlıq həyata keçirilib. Buna misal olaraq, Azərbaycanın “AzVirt” şirkətinin baş podratçısı olduğu avtomagistralın tikintisinə dair kredit sazişinin uğurlu icrasını qeyd etmək olar. Kənd təsərrüfatı, nəqliyyat, İKT, təhsil, mədəniyyət, idman və gənclər sahəsində də əməkdaşlığımız genişlənib.” – deyə, o qeyd edib.
Şahin Mustafayev bildirib ki, Azərbaycan və Serbiyada infrastruktur obyektlərinin tikintisi, turizm, təhsil sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur.
Serbiyanın Baş nazirinin müavini, Xarici və Daxili Ticarət və Telekommunikasiyalar naziri, Hökumətlərarası Komissiyanın həmsədri Rasim Lyayiç çıxışında ölkəsinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini və əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib.
Sonda Azərbaycanla Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri – Azərbaycan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Serbiyanın Baş nazirinin müavini, Xarici və Daxili Ticarət və Telekommunikasiyalar naziri Rasim Lyayiç imzalamışlar. Sənəddə iqtisadiyyat, sənaye, ticarət, investisiya, kənd təsərrüfatı, turizm, enerji, təhsil, ekologiya, mədəniyyət, gənclər, idman və digər sahələrdə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev səfər zamanı Serbiyanın Prezidenti Tomislav Nikoliç və Baş nazirinin müavini, Xarici və Daxili Ticarət və Telekommunikasiyalar naziri Rasim Lyayiç ilə də görüşüb. Görüşlərdə Azərbaycan və Serbiya arasındakı əməkdaşlıq və iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib.