Azərbaycanlı alimə “fəxri xaç” ordeni verildi
Avstriyanın Federal Prezidenti ölkənin federal elm, tədqiqat və iqtisadiyyat nazirinin təqdimatı əsasında Azərbaycan Dillər Universitetinin (ADU) tərcümə fakültəsinin dekanı, universitetdəki Avstriya Kitabxanasının elmi rəhbəri, dosent Vilayət Hacıyevi iki ölkə arasında mədəni əlaqələrin inkişafındakı roluna görə mükafatlandırılıb.
O, Avstriya ədəbiyyatının tədqiqində və eləcə də onun Azərbaycan dilinə tərcümə işində qazandığı nailiyyətlərə görə “Avstriyanın elm və incəsənət sahəsində I dərəcəli fəxri xaç” ordeni ilə təltif edib.
ADU-nun ictimaiyyətlə əlaqələr departamentindən AzərTAc-a bildiriblər ki, Avstriya Respublikası Federal Təhsil, Elm və Mədəniyyət Nazirliyi Frans Kafkanın “Məhkəmə” romanının Azərbaycan dilinə uğurlu tərcüməsinə görə 2013-cü ildə V.Hacıyevə “Tərcümə mükafatı” verib. “Məhkəmə” romanı son iki ilin ən yaxşı tərcüməsi kimi 2013-cü ildə Azərbaycan Yazıçılar Birliyinin “Abbas Səhhət” mükafatına layiq görülüb.
V.Hacıyev klassik və müasir alman ədəbiyyatının nümayəndələri olan H.Hesse, H.Böll, Z.Lents və digərlərinin əsərlərini almancadan Azərbaycan dilinə tərcümə edib. O, Avstriyanın bu ali təltifinə layiq görülən ilk azərbaycanlı alim-tərcüməçidir. (qafqazinfo.az)