“Mpay” terminallarından ŞİKAYƏT: Ödənilən vəsait 24 saatdır mobil balansa oturmur
Azərbaycanın ödəniş sistemləri bazarında fəaliyyət göstərən “Mpay” terminal şəbəkəsində mobil rabitə istifadəçilərinin kütləvi narazılığına səbəb olan ciddi texniki problem yaranıb.
Vətəndaşlar mobil balanslarını artırmaq üçün vəsait ödəsələr də, yüklənilən məbləğ hesaba daxil olmur.
Yenicag.az-a daxil olan şikayətə görə, vətəndaşlardan biri ötən gün “Mpay” terminalı vasitəsilə mobil operatorun balansını artırmaq istəyib. Lakin ödənişin icrasından 24 saatdan artıq vaxt keçməsinə baxmayaraq, vəsait hələ də mobil balansa oturmayıb.
Məlumata görə, müştəri məsələni aydınlaşdırmaq üçün şirkətin müştəri xidmətlərinə müraciət edib.
Şirkət rəsmiləri problemin texniki xarakter daşıdığını etiraf etsələr də, vətəndaşa ünvanlanan cavab qeyri-ciddi xarakter daşıyıb. Şirkət tərəfi bərpa işlərinin “hissə-hissə” aparıldığını bildirsə də, prosesin yekunlaşacağı vaxtla bağlı məsuliyyətdən qaçıblar:
“Hazırda bərpa işləri gedir, lakin biz vəsaitin nə vaxt mobil balansa oturacağı ilə bağlı dəqiq vaxt deyə bilmərik”.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Məsimə Məmmədova












