“Oğlunun kirvəsi olduğum Ömür Oral ortaqlarının erməni olduğunu məndən gizlədib”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Türkiyəli iş adamı, “Emre Piliç” şirkətinin sahibi Ömür Oralın 1,3 milyon dollarlıq borc iddiasına münasibət bildirən “Xəmsə” MMC-nin sahibi Mürvət Həsənli deyib.
Mürvət Həsənli öncə “Emre Piliç” şirkəti ilə əməkdaşlığı dayandırmasının səbəblərinə aydınlıq gətirib. Onun sözlərinə görə, türkiyəli iş adamı sözügedən şirkətin sahiblərinin erməni olduğunu ondan gizlədib:
“Əvvəla, onu deyim ki, dələduzun yekəsi onların özləridir. Allaha and olsun, tam səmimi deyirəm, üç balamın canına, atamın goruna and içirəm… Görün nələrə and içirəm… 2015-ci il iyunun 27-də bir sıra saytlarda “Emre Piliç” şirkətinin ortaqlarının erməni olduğuna dair materiallar dərc olundu. Sizə deyim ki, mən hətta “Emre Piliç” şirkətinə rəhbərlik edən Ömür Oralın oğlunun kirvəsiyəm. Mən uşağın kiçik toyunda iştirak etsəm də, Oralın ortaqlarının erməni olduğunu bilməmişəm. Təsəvvür edirsiz? Bunu məndən gizlədib. Mən Qərbi Azərbaycan kökənliyəm, Göyçədənəm.
Bunu eşidən kimi həmən İstanbula uçdum. İstanbulda Oraldan soruşdum ki, o xəbərlər düzdürmü? Cavab verdi ki, düzdür. Dedim ki, onda biz işimizi dayandırırıq və belə də etdik. Ancaq mənim Oraldan alacağım qaldı. İş prosesində belə hallar olur. Mən onun qara qaşına-gözünə iş görmürəm ki… Gördüyüm işin müqabilində faiz payım var. Oral da mənə həmin faiz payımı ona görə vermək istəmir ki, iş ortada dayanıb. Ona izah etdim ki, fors-major vəziyyət yarandı, sənin ortağın erməni olmasaydı, iş də dayanmazdı. Bu məsələ ilə bağlı hazırda İqtisad Məhkəməsində işə baxılması davam edir. Mənim ondan konkret tələbim var.
Bundan sonra o Bakıya gələrək, vəkillikdən qovulan, bütün respublika ilə problemi olan Aslan İsmayılovla hərəkətə keçdilər və beləliklə də bizim problemlərimiz başladı. Ora-bura şikayət verdilər, oldu, keçdi. Oral eyni sözləri sizin sayta da təkrar deyir ki, o, Azərbaycan məhkəmələrinə etibar etmir. Sonra oteldə keçirdiyi mətbuat konfransında bildirdi ki, Azərbaycanda banklar “qara yol”larla işləyirlər. Ümumiyyətlə, Azərbaycan hakimiyyətini hədəfə götürən fikirlər deyir. Bu da onun erməni olmasından qaynaqlanır.
Bu söhbətlər yəqin ki, Hafiz Hacıyevin televiziyadakı çıxışından sonra yenidən qızışdı. Hafiz Hacıyevin məlumatları haradan əldə etdiyini bilmirəm. Təbii, biz də bilsəydik ki, erməni şirkəti Azərbaycana mal satır və o şirkətin də Əli Kərimli ilə əlaqəsi var, bu haqda ya yazardıq, ya da məlumat verərdik. Burada Hafiz Haciyevlik nə var ki?”
İş adamı qarşı tərəfin 1 milyon 300 min dollarlıq borc iddiasına da münasibət bildirib:
“Bu, tamamilə başqa və həm də keçmişdən qalma söhbətdir. Mənim ondan alacağım pul bu məbləğdən üç-dörd dəfə çoxdur. Bu məsələyə görə də bizim məhkəmə iddiamız var, hazırda proses davam edir. Məhkəmə sonuclananda, bu işin də nəticəsi bilinəcək. Ümumiyyətlə, onunla məhkəmə müstəvisindəki çəkişməmiz artıq iki ildir, davam edir. Əgər mənim ona borcum varsa, onun da əlində sənəd-sübut varsa, versin məhkəməyə. Bunu deyir, ancaq məhkəməyə vermir. İki il ərzində məhkəmədə iddia qaldırmaq olardı axı… Bu da mülki işdir və o qəbildən olan işlər ancaq məhkəmədə çözülür”.
Həsənli bildirib ki, onun hakimiyyətdəki yüksək vəzifəli şəxslər tərəfindən himayə olunması və hüquq-mühafizə orqanlarının bu səbəbdən Ömür Oralın iddiasını araşdırmamasına dair iddianı da türkiyəli iş adamı uydurub: “Azərbaycan məhkəməsi Azərbaycan dövləti adından qərar çıxarır. Məhkəmələrin işinə heç kəs qarışa bilməz və qarışmır. Bu da onların növbəti şər-böhtanıdır. Konkret fakt göstərsinlər ki, hansısa məsələdə məhkəmənin işinə müdaxilə edilib. Siz də baxın, mənim Aslan İsmayılovla məhkəməm oldu. 141-ci maddə əsasında çıxarılan qərara görə, İsmayılov məndən üzr istəməli və müəyyən məbləğdə təzminat ödəməlidir. Ancaq o, bu günə kimi həmin qərarı icra etməyib. Bu iş Səbail rayonu Məhkəmə qərarlarının İcra Şöbəsindədir.
İndi o mənə dələduz deyirsə, mən də cavab verim ki, dələduz özünsən? Onda mən də onun səviyyəsinə düşürəm. Əxlaqsıza əxlaqla cavab vermək lazımdır. Məhkəməyə müraciət etmək istənilən halda əxlaqla verilən cavabdır. Belədə onun dediklərinin on qatını onsuz da özünə qaytarırıq. Ancaq o cavabı məhkəmə yolu ilə qaytaranda daha yaxşı olur”.
Qeyd edək ki, Ömür Oral və Mürvət Həsənli arasında haqqında danışılan qalmaqal prezidentliyə namizəd Hafiz Hacıyevin teledebatdakı çıxışı zamanı “Emre Piliç” şirkətinin Azərbaycan müxalifətinin radikal qanadını təmsil edən Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlini maliyyələşdirdiyini iddia etməsindən sonra yenidən qabarıb.
Bu məsələ barəsində Yenicag.az-a danışan “Emre Piliç” şirkətinin rəhbəri Ömür Oral və vəkil Aslan İsmayılov “Xəmsə” MMC-nin sahibi Mürvət Həsənlinin ünvanına bir sıra ittihamlar səsləndirmişdilər.
A.Zeynalov
www.yenicag.az