“Allahşükür Paşazadənin talan etdiyi pullar dövlətə qaytarılmalıdır” – Şeyxülislamın adı ətrafında YENİ QALMAQAL
“Qafqaz Müsəlmanları İdarəsi ləğv edilməlidir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bildirib.
Partiya sədri bu il Həcc ziyarətinə Azərbaycan üçün ayrılmış kvotanın dolmamasını şərh edərək aidiyyəti qurumları ciddi tənqid atəşinə tutub:
“Həcc ziyarətinin Azərbaycan üçün ayrılan kvotasının dolmaması, bəzi məmurların ziyarət üçün fantastik qiymət qoyması və Həccə gedən insanlara xüsusi tas qoymaları əsas amillərdən biridir. Düşünürəm ki, bu işləri sahmana salmaqdan ötəri, ilk növbədə, Dini Komitədən və o cümlədən Allahşükür Paşazadənin talan etdiyi, din adından məscidlərdə, nəzir qutularında yığılan pulların dövlətə qaytarılmasını təmin etmək lazımdır. Bəzi insanlar ucbatından Azərbaycan xalqı özünün mental dəyərlərini unutmaq məcburiyyətində qalırlar. Hər şeyin başı maddiyyatla bağlıdır. Hazırkı vəziyyətdə bu məsələlər çox çətinləşib, Həccə gedən turlar ucuz idisə, bu gün Allahşükür öz qiymətini, Dini Komitə də öz qiymətini qoyub qiyməti qaldırır. Diqqət etdinizsə, komitənin sədr müavini “mən 5.000 manatla necə dolanım?” deyir”.
Partiya sədri Həcc kvotasının dolmamasının əsas səbəblərindən birini insanların din təbliğatçılarına inamının azalmasının olduğunu xüsusi qeyd edib:
“Həcc kvotasının dolmamasının əsas səbəblərindən biri də insanların din rəhbərlərinə olan etimadsızlıqdır. Onların içində layiqli insanlar, din xadimləri var amma onlara rəhbərlik edənlər o səviyyədə deyillər axı”.
H. Hacıyev Milli Məclisin deputatı, parlamentin İctimai birliklər və dini komitəsinin üzvü Ceyhun Məmmədovun mediaya verdiyi açıqlamasına toxunaraq deputata eyforiyadan çıxmağı məsləhət görüb:
“Ceyhun müəllimin açıqlama verərək kvotanın doldurulmamasına təəccüblənməsini bildirməsi yersizdir, yaxşı olardı ki, bir az bu işlə məşğul olardılar. Dini yerlərdə siyasi mövzuların qabardırmamasına diqqət yetirsinlər, bəzi din mərasimlərində siyasi mövzulara toxunulur, buna nəzarət etsinlər. Mən dəfələrlə bunu demişəm, yas yerlərində sanki hansısa siyasi təşkilatın iclası keçirilir. Ona görə də çox istərdim ki, Ceyhun Məmmədov bu məsələlərə daha çox diqqət yetirsin. Bundan başqa, dini sahədə rüşvət geniş yayılıb, onun kökünü kəsmək lazımdır. Hər bir halda, günahı xalqda yox özlərində axtarmalıdırlar. Xalqın artıq bir hissəsinin bunlara inamı qalmayıb”.
H. Hacıyev sonda onu da söyləyib ki, Allahşükür Paşazadə, əgər deyirsə ki, mən vicdan nədir bilmirəm, və ya, əgər deyirsə ki, gedib Səddam Hüseynin iqamətgahını görüb gəlib özümə belə bir iqamətgah tikdim, bu məsələlər vaxtında araşdırılmalı idi:
“Digər məsələ ondadır ki, Dini Komitənin keçmiş rəhbərlərini Ramiz Mehdiyevin əli ilə yenidən aparıb Milli Məclisə yerləşdirdilərsə, bundan sonra hansı dəyərlərdən söhbət gedə bilər?! Mən düşünürəm ki, Ceyhun Məmmədov bu məsələdə ciddi fəallıq göstərməli, öz iradəsini ortaya qoymalıdır. Bu məsələləri ciddi araşdırmalıdırlar. Yoxsa kimlərsə, hansısa din rəhbəri 600 minlik maşın alıb altına qoyub bundan zövq alırsa, bu, yolverilməzdir. Biz dövlətçiyimizi qorumalı, cənab Prezidentin gördüyü işlərə dəstək olmalıyıq. Ona görə də bu gün Azərbaycan dövlətinin başçısının dünya dövlətləri reytinqində çox yüksək reytinqə malikdir və bu gün müəyyən qüvvələr, o cümlədən Qərbdən çalışırlar ki, bu reytinqi aşağı salsınlar. Mən Müasir Müsavat Partiyası olaraq 4 dəfə prezidentliyə namizədlik vermiş adamam, bu yöndə gecəmiz-gündüzümüz yoxdur. Ciddi fəallıq göstərib, qadın qollarımız, ağsaqqallarımız səfərbər edilib dövlət başçımızın siyasətini dəstəklənməsinə töhfəmizi veririk. Düşünürəm ki, dini qurumlar da, Qafqaz Müsəlmanları İdarəsində ciddi işlər görməlidir, hətta mənə elə gəlir ki, Qafqaz Müsəlmanları İdarəsi ləğv edilməlidir. Onlar üzdə dövlətin siyasətini dəstəkləyib arxada başqa işlər görənlərdir və biz bunları qəbul etmirik, nöqsanları açıq şəkildə bildiririk”.
Nurlan Cəfəri