!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı milyarderlər: Hansı ölkəsinə gün ağlayıb?

!Reklam – Yazi

Rusiya siyasi elitası ilə yaxın münasibətdə olan, əllərində milyardlarla dollar cəmləşən zəngin soydaşlarımızın əksəriyyəti milli maraqlara xidmət edən layihələrə yatırım qoymağa həvəsli deyillər

Azərbaycanda və ölkəmizdən kənarda yaşayan soydaşlarımız arasında milyoner və milyarderlər az deyil. Düzdür, Azərbaycanda fəaliyyət göstərən şəxslərin heç biri öz varidatını açıqlamır, amma xaricdə yerləşdirilən sərvətlərin açıqlanması sayəsində ölkəmizdə milyoner və milyarderlərin az olmadığını təxmin etmək çətin deyil. Bir çox Azərbaycan əsilli biznesmenlər isə qonşu ölkələrdəki var-dövləti ilə tanınırlar. Bunlar arasında Rusiya öndə gedir. Rusiyanın 100 milyarderi sırasında xeyli sayda Azərbaycan əsilli biznesmen var. Onların demək olar ki, hamısı Rusiya prezidentinin yaxın adamı kimi tanınmaqdadırlar.

Bunlardan ən məşhuru və varlısı Vahid Ələkbərovdur – Forbes jurnalının bu ilki reytinqində Rusiya milyarderləri sırasında 16,4 milyard dollarlıq sərvəti ilə 4-cü yeri tutub. 1950-ci ildə Bakının o vaxtkı Razin, indiki Bakıxanov qəsəbəsində anadan olmuş V.Ələkbərovun atası Yusif Ələkbərov azərbaycanlı, anası Tatyana Fyodrovna isə rus kazaklarından olub.

1993-cü ildən indiyədək “LUKoyl” şirkətinə prezidentlik edir. Şirkətin 15 faiz səhminin sahibidir. Hazırda “LUKoyl”un Belarus, Azərbaycan, Ukrayna, ABŞ və Bolqarıstanda nümayəndəlikləri fəaliyyət göstərir. Deyilənə görə, V.Ələkbərov keçmiş hərbçiləri işə götürməyə daha həvəslidir – əmrlərə sözsüz tabe olduqları üçün. Elə buna görə də “LUKoyl”un işçilərinin yarıdan çoxu keçmiş hərbçilərdən ibarətdir. Onların arasında azərbaycanlıların barmaqla sayılacaq qədər olduğu da qeyd edilir.

Ötən il ABŞ-ın açıqladığı sanksiya siyahısında prezident Putinə yaxınlığı ilə tanınan V.Ələkbərovun da adı var idi. Azərbaycan naminə, ölkəmizin ağır dərdi olan erməni işğalına qarşı siyasi mübarizə üçün bir qəpik də olsun xərcləməyən cənab Ələkbərov pulunu metal sikkələr toplamağa daha həvəslə yatırır. Özünün 700 sikkədən ibarət kolleksiyasını nümayiş etdirmək üçün Moskvada Beynəlxalq Numizmatika Muzeyini də yaradıb. Kolleksiya Qədim Yunanıstan, Roma imperiyası, Çar Rusiyası və Sovet dövrünə məxsus metal pullardan ibarətdir. Onların arasında ən bahalısı 1844-cü ilə aid 12 manatlıq metal puldur – V.Ələkbərov onu 2013-cü ildə Maison Palombo auksionunda 410 min avroya əldə edib.

V.Ələkbərov Rusiyada böyük sosial layihələrin sponsoru kimi tanınır – 2007-ci ildə Rusiyada sosial sahibkarlığın inkişafına dəstək verən “Regional Sosial Proqramlar Fondu”nu yaradıb, fəaliyyətini dəstəkləyir. Onun şirkəti Azərbaycandakı neft-qaz layihələrindən böyük qazanc əldə edib, amma bu qazancdan doğulub boya-başa çatdığı ölkəyə təmir olunmuş 1 orta məktəbdən başqa heç nə çatmayıb.

Eyni sözləri Rusiyadakı Azərbaycan əsilli digər bir sıra milyarderlər barədə də demək olar. Bunların arasında indi iflasa uğramış Telman İsmayılovdan tutmuş, Araz Ağalarova qədər xeyli şəxsləri saymaq olar.

“Krokus intenəşnl” Şirkətlər Qrupunun prezidenti, “Krokus-Bank” idarə heyətinin sədri, Rusiya istehsalçilar və idxalçilar ittifaqının prezidenti, Moskva Beynəlxalq Biznes Assosiasiyasının və “Opora Rossii” ictimai təşkilatının vitse-prezidenti, “Biznes i vıstavkı” jurnalının baş redaktoru Araz Ağalarov əslən Bakıdandır. Forbesə görə, hazırda iş adamı Araz Ağalarovun sərvəti 1,8 milyard dollar təşkil edir. Onun da adı ABŞ-ın sanksiya siyahısındaydı – Putinin yaxın çevrəsinə daxil olan iş adamı olaraq. Elə digər azərbaycanlı milyarder Fərhad Əhmədov kimi. “Forbes” jurnalı 2017-ci ildə Rusiyanın 200 ən varlı iş adamının siyahısında F.Əhmədova da yer verib – 1,3 milyard dollar sərvəti ilə 67-ci yerdə qərar tutub. Bu gün F.Əhmədov da Azərbaycan dövlətinin maraqlarının müdafiəsindən daha çox keçmiş xanımı ilə arasındakı nifaqı çözməklə məşğuldur.

Həm Azərbaycanda, həm Rusiyada, həm də Türkiyədə böyük biznesi olan İsgəndər Xəlilov da milli maraqlar deyiləndə sükuta üstünlük verənlərdəndir. Azərbaycanda İ.Xəlilovun biznesinin miqyasları barədə dəqiq məlumat demək olar ki, yoxdur. Bir müddət əvvəl Azərbaycan mediasına müsahibə verən milyarder özü bir sıra obyektlərinin adını sadalamışdı: “Hilton Bakı”, “Park İNN”, “Ramstore” hipermarketi, Bakı Əyləncə Mərkəzi (2016-cı ildə sökülüb), ISR-Plaza, “Mc.Donald‘s”, “NİKOİL” bankı, “Nərgiz” Ticarət Mərkəzi, “Toyota Center”, Bakı Tikiş Fabriki, Neftçala Yod Zavodu, Zaqatalada fındıq, Göyçayda, Lənkəranda, Qubada, Əli Bayramlıda, Xaçmazda meyvə şirəsi zavodları…

Vergilər Nazirliyinin bazasında isə İSR adıyla dövlət qeydiyyatından keçmiş 11 şirkət var. Bunlar “İSR Azeri and Business Centre” MMC, “İSR Cleanair Azeribaijan” MMC, “İSR Dış Ticaret və Mümessilik Limited” Müəssisəsi, “İSR Flora” MMC, “İSR Holding LLC”MMC, “İSR Holding” MMC, “İSR Kemikl” MMC, “İSR Management” MMC, “İSR Travel” MMC, “İSR İnşaat” MMC, “İSR-Mühafizə” MMC.

Türkiyənin ən varlı ailələrindən olan Koç ailəsindən oğluna qız alan İ.Xəlilovun bu ölkədə də böyük biznes layihələrinin olduğu deyilir.

İki həftə əvvəl Azərbaycan dünyanın ən dəhşətli qətliamlarından biri olan Xocalı hadisəsinin ildönümünü qeyd etdi. Bilavasitə dövlətin dəstəyi ilə müxtəlif ölkələrdə anım tədbirləri keçirildi. Türkiyədə azərbaycanlı milyarder Mübariz Mənsimovun təşkil etdiyi aksiya istisna olmaqla, heç bir ölkədə, elə həmyerlilərimiz olan milyarderlərin prezidentlə şəxsi dostluqlarının olduğu Rusiyada belə hansısa özəl tədbirin keçirilməsinin şahidi olmadıq. Milli məsələlər, Azərbaycan dövlətinin maraqları ortaya gələndə milyarder və milyonerlərimiz yandan keçməyə üstünlük verirlər. Bu gün Rusiya erməni işğalı məsələsində Azərbaycanın deyil, ermənilərin yanındadır. Halbuki Rusiyadakı varlı azərbaycanlıların əksəriyyətinin bu ölkənin siyasi hakimiyyəti ilə çox isti ilişgiləri var. Onların birgə fəaliyyəti sayəsində bu illər ərzində Azərbaycanın haqlı mövqeyinin təmin olunması istiqamətində çox böyük işlər görmək olardı.

Çox maraqlıdır ki, Rusiyada yaşayan Azərbaycan əsilli, amma milliyyətcə yəhudi olan Qod Nisanov T.İsmayılov, V.Ələkbərov, A.Ağalarov, F.Əhmədovdan daha çox ölkəmizin təəssübünü çəkir. Q.Nisanovun bütün işgüzar və qeyri-işgüzar həyatı Rusiya ilə bağlıdır. Lakin bu, onun doğulub boya-başa çatdığı ölkəni unutduğu anlamına gəlmir. Düzdür, onun Azərbaycanda hansısa biznes maraqları yoxdur, lakin Rusiyaya gedən həmyerlilərimizə dəstəyini əsirgəmir. Onun ticarət mərkəzlərində çoxsaylı azərbaycanlılar ticarətlə məşğul olur. Q.Nisanovun beynəlxalq yəhudi lobbisi ilə Azərbaycan arasında isti münasibətlərin yaranmasında böyük fəaliyyətlər göstərdiyi deyilir. Buna görə də 2016-cı ildə Azərbaycan prezidentinin fərmanı ilə xalqlar arasında dostluğun möhkəmlənməsində xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmət ordeni” ilə təltif edilib.

Xalqın isə Azərbaycan əsilli milyarder və milyonerlərdən gözləntiləri böyükdür: onlardan Azərbaycan naminə hansısa addımların atılmasını gözləyir./Musavat.com/

www.yenicag.az

13223
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv