!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərişıq”, “Azəriqaz” tamamilə özəlləşdirilməlidir”

!Reklam – Yazi

“Bazar iqtisadiyyatının mövcud olduğu şəraitdə inzibati nəzarət mexanizmi ilə digər sahələrdə olduğu kimi, kommunal xidmətlər sahəsində də hansısa nailiyyət əldə etmək mümkün deyil. Enerji Məsələlərini Tənzimləmə Agentliyi elektrik, istilik enerjisi və qazla təchizat istiqamətində bəlkə də, müəyyən məsələləri nəzarətə götürə biləcək. Amma bu proses bütün hallarda kampaniya xarakteri daşıyacaq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında ölkənin istilik, elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət etmək səlahiyyətinin Energetika Nazirliyi çərçivəsində yaradılan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə verilməsinə münasibət bildirərkən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli deyib.

Ekspert hesab edir ki, belə bir nəzarətin maraq və stimullaşdırıcı mexanizmləri yoxdur:

“Sadəcə olaraq, dövlət tapşırığı yerinə yetirilir. Ancaq dövlət tapşırığının digər sahələrdə necə yerinə yetirildiyi barədə artıq təcrübəyə də malikik. Ona görə sözügedən agentliyin də hansısa nailiyyət əldə edəcəyinə, ciddi nəticələrə nail olacağına şübhə ilə yanaşıram. Hesab edirəm ki, əhaliyə xidmət edən bütün dövlət şirkətləri, “Azərişıq”, “Azəriqaz” tamamilə özəlləşdirilməlidir. Enerji istehsalı ilə məşğul olan “Azərenerji”nin isə indiki məqamda 51 faiz səhmi dövlətdə qalmaqla, yerdə qalan hissəsi özəlləşdirilməlidir. Yəni ölkənin müharibə vəziyyətində olması, siyasi, iqtisadi strateji maraqlarla bağlı olaraq “Azərenerji”nin səhmlərinin əksər hissəsi hələlik dövlətdə qalmalıdır.

Çünki, dövlət öz şirkəti olanda neqativ nəticələr ortalığa çıxanda, onu cəzalandıra bilmir və yaxud ümumiyyətlə cəzalandırmaq istəmir. Həmçinin, bu şirkətlərin fəaliyyətinə vətəndaş cəmiyyətinin nəzarəti olmalıdır, həmin qurumlar daha məsuliyyətli olsunlar. Amma istilik, elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi səlahiyyətinin Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə verilməsilə, belə bir mücərrəd dövlət şirkətinin mücərrəd məsuliyyəti sözügedən sahədə heç bir müsbət nəticə və keyfiyyət göstəricisinə gətirib çıxarmayacaq”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 16 iyul 2018-ci il tarixli fərmanı ilə təsdiq edilən “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nda əksini tapan müddəaya görə, Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi səlahiyyəti verilib.

ELÇİN

www.yenicag.az

4170
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv