“Elektrik enerjisi borclarının artıq hesablanması ilə bağlı Azad İstehlakçılar Birliyinə gün ərzində 2-3 şikayət daxil olur”.
Son günlər sosial şəbəkələrdə abunəçilərin ötən ay üçün elektrik enerjisi üzrə borclarının təqribən ikiqat artıq hesablanması ilə bağlı iddiaları artmaqdadır. Şikayətçilər iyun və iyul aylarında elektrik enerjisindən eyni həcmdə istifadə etmələrinə baxmayaraq, iyul üzrə borcun iyunla müqayisədə şox yazıldığını bildirirlər. Onlar bu durumu “Azərişıq” ASC-nin elektrik enerjisi üzrə borcları “şişirtməsindən” şübhələnirlər.
Vətəndaşların bu şikayətləri ilə əlaqədar Yenicag.az-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, əslində, analoji iddialar tək “Azərişıq” ASC-yə deyil, digər dövlət qurumlarına qarşı da irəli sürülür:
“Bəzi hallarda bu “estafet”i “Azərsu” və Azəriqaz” İstehsalat Birliyi də qəbul edir. Elektrik enerjisi borclarının artıq hesablanması ilə bağlı Azad İstehlakçılar Birliyinə gün ərzində 2-3 şikayət daxil olur. Görünür, “Azərişıq” yaranan vəziyyəti sadəcə, müşahidə etməklə kifayətlənir.
Burada əsas problemlərdən biri də mənzil-tikinti kooperativlərinin istehlakçılardan külli miqdarda vəsait tələb etməsidir. Halbuki 2009-cu ildə ölkə başçısı İlham Əliyev istehlakçıların hüquqları və sosial vəziyyətlərinin qorunması üçün fərman imzalayıb.
Həmin fərmana əsasən, sayğaclar istehlakçı və vətəndaşlar üçün fərdi qaydada quraşdırılmalıdır. Lakin MTK-lar hüquqi şəxs olduqlarına görə “Azərişıq” ASC ilə müqavilə bağlayırlar, sayğacları alıb quraşdırırlar və son nəticədə çox yüksək qiymətə vətəndaşlara satırlar. Buna görə də fiziki şəxslər o qurumlar arasında şübhəli əməkdaşlığın qurbanı olurlar”.
Gülşən Şərif
www.yenicag.az