Bağça və məktəblərdə psixoloji testlər aparılmalıdır” – Psixoloqdan HƏYƏCAN TƏBİLİ
Ciddi psixi pozuntuları olan uşaqlar var ki, ailələri bunu hər vəchlə cəmiyyətdən gizlədir. Bu uşaqlar bağçaya, məktəbə, universitetə gedir, hətta ailə də qururlar. Nəticə isə çox vaxt faciəvi sonluqla bitir.
Bütün bunlar “bağça və orta məktəblərdə, eləcə də ailə qurarkən psixoloji testdən keçmə haqqında arayış tələb olunmalıdır” mövzusunu gündəmə gətirir.
“Uşaq məktəbəqədər təhsil müəssisəsinə, eləcə də orta məktəbə qəbul ediləndə onlarla psixoloji testlər aparılmalıdır”, deyə vurğulayan Azərbaycan Psixiatriya Assosiasiyasının üzvü, klinik psixoloq Ülviyyə Murtuzova Yenicag.az-a açıqlamasında həyəcan təbili çalıb.
“Tez-tez soruşulur ki, orta məktəbdə problemlər nədən başlayır, uşaqlarda aqressiv davranışlar nədən qaynaqlanır? Valideynlər niyə bunu vaxtında aşkar edə bilmir? Çünki valideynlərin özü ya bu barədə məlumatsızdır, ya da əksəriyyəti bu xəstəliklərin daşıyıcısı olduğu üçün problemin nə olduğunu çözə bilmirlər. Uşaq məktəbəqədər təhsil ocağına, eləcə də orta məktəbə götürüləndə birmənalı şəkildə onlarla psixoloji testlər aparılmalıdır. Bir uşağın psixoloji pozuntusu və ya psixi xəstəliyi zəminində törədilən cinayətin qurbanı sağlam düşüncəli övladlar ola bilməz. Bunun məsuliyyətini məhz təhsil ocaqları, məktəblər və bağçalar daşıyır.
Bu, çox önəmli məsələdir. Nə qədər ki, bu mövzulara laqeyd və bəsit yanaşacağıq, cəmiyyətdə problemlər bir o qədər artacaq. Müvafiq addımlar atılmasa, bu hadisələr nə ilkdir, nə də son olacaq. Birbaşa valideynlərin özləri tələb etməlidir ki, müəssisələrə qəbul edilən uşaqlar psixoloji testdən keçirilsin. Bunu tələb etmək hər bir valideynin haqqıdır. Çünki uşaqların bağçada və məktəbdə olduqları müddətdə təhlükəsizliyi təmin edilməlidir. Təhsil müəssisələri buna borcludur və buna görə məsuliyyət daşıyırlar”.
Psixoloq nikaha daxil olan cütlüklərin də mütləq şəkildə psixoloji müayinədən keçməsinin vacib olduğunu vurğulayıb.
Cəvahir













