!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı Rusiya və Qərb arasında əsas dialoq məkanına çevrilir? – Kəşfiyyat rəhbərlərinin səfərindəki müzakirə mövzusu

!Reklam – Yazi

“Böyük Britaniya hərbi kəşfiyyatının (MI6) rəhbəri Riçard Mur və ondan öncə Amerika kəşfiyyatının yüksək rütbəli məmurlarının Azərbaycana səfəri bir neçə amillərlə bağlı ola bilər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Elxan Şahinoğlu deyib.

Siyasi təhlilçi B. Britaniyanın MI6 kəşfiyyat xidmətinin rəhbəri Riçard Murun Bakıda Rusiya rəsmiləri ilə görüşməsi haqqında məlumatları şərh edib.

E. Şahinoğluya görə, burada birinci amil Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi ilə əlaqəli ola bilər ki, Moskva bu dəhlizə nəzarət etmək istəyir:

“Bu isə həm region ölkələri, həm də ABŞ ilə Böyük Britaniyanın maraqlarına cavab vermir. Çünki Zəngəzur dəhlizi Orta dəhlizin tərkib hissəsidir və Orta dəhliz üzərindən nəqliyyat yolu ilə Avropa ölkələrinə yük daşınılacaq. Avropa ölkələri də istəməz ki, bu yüklərə Rusiya nəzarət etsin”.

O hesab edir ki, həm ABŞ, həm də Böyük Britaniya kəşfiyyatlarının rəhbərləri Bakıda əsas bu mövzunu müzakirə ediblər ki, Zəngəzur dəhlizi Rusiyanın nəzarəti altında olmasın. Onun sözlərinə görə, indiki perspektivdə bunu Ermənistan da istəmir və əslində, bu, heç Azərbaycanın da maraqlarına cavab vermir.

“İkinci müzakirə olunan mövzu isə yəqin ki, iqlim dəyişikliyi ilə bağlı noyabrda Bakıda keçiriləcək COP29 tədbiri ilə əlaqəlidir. Çünki on minlərlə qonaq Bakıya gələcək, liderlər, baş nazirlər, prezidentlər ölkəmizdə səfərdə olacaq. Burada təhlükəsizlik məsələləri də mövcuddur. Ola bilsin ki, sözügedən tədbirin təhlükəsizliyi ilə bağlı hansısa kəşfiyyat məlumatlarının Azərbaycan tərəfi ilə paylaşılmasına ehtiyac duyulub ki, MI6 rəhbəri Bakıya gəlib”, – deyə siyasi şərhçi fikirlərini yekunlaşdırıb.

Xatırladaq ki, R. Murun sürpriz Azərbaycan səfəri ilə bağlı yazan Rusiya nəşrləri hesab edirlər ki, Bakı Rusiya və Qərb arasında əsas dialoq məkanı ola bilər. Rusiya mətbuatı və yerli “Telegram” kanalları əlavə edib ki, eyni zamanda, MI6 rəhbəri Zəngəzur dəhlizi, İranın sərt mövqeyi, Ukrayna böhranını Bakıda rusiyalı rəsmilərlə müzakirə edib.

Rafi Müslümov

COP29

www.yenicag.az

304
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv