Bakı sakitdir, Moskva isə... – Kreml niyə məsələni UZADIR?
“Bakı və Moskva arasındakı prosesdə mən hələ ki ciddi bir fərqliliyin şahidi olmuram, çünki gərginlik hələ də qalmaqdadır, münasibətlərdə qeyri-müəyyənlik davam edir və bunun əsas səbəbkarı Rusiyanın qeyri-konstruktiv siyasətidir”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.
Siyasi təhlilçi Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində gözlənilən, lakin baş tutmayan Əliyev-Putin görüşündən sonra Rusiya liderinin Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə, o cümlədən Bakı-Moskva xəttindəki gərginliyin pərdəarxası məqamlarına münasibət bildirib.
S. Zahidovun xatırladıb ki, ötən ilin dekabr hadisəsindən sonra qəza ilə bağlı adekvat reaksiya göstərilməməsi, Azərbaycan diaspor nümayəndələrinə qarşı təzyiqlərin davam etməsi göstərir ki, hər nə qədər bəyanatlarda müəyyən pozitiv məqamlar olsa da, realda hələ ki, Rusiya tərəfindən adekvat addımların şahidi olmamışıq:
“Digər tərəfdən, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Azərbaycanda həbs olunmuş Rusiya vətəndaşlarının buraxılması münasibətlərin inkişafında müsbət addım olar. Amma nəzərə almaq lazımdır ki, Rusiyada da azərbaycanlı soydaşlarımız həbsdədir, Yekaterinburq hadisəsindən sonra həbs olunanlar oldu və həmin hadisə nəticəsində iki nəfər həlak oldu. Yaxşı sual yaranır ki, həbsdə olanları azad etmək olar, bəs dekabrda, iyunda Yekaterinburqda həlak olanlar necə olacaq? Burada Səfərov qardaşlarından söhbət gedir”.
“Bu baxımdan, Azərbaycan istənilən ölkələrlə normal, yaxşı münasibətləri inkişaf etdirməyin tərəfdarı olub. Amma qarşı tərəf də eyni cür reaksiya göstərməli, davranmalı və ən azından beynəlxalq hüquqa uyğun şəkildə münasibətləri tənzimləməlidir. Biz Rusiya tərəfindən bunun şahidi olmadığımız üçün Moskva bizə qarşı tədbirlər həyata keçirməyə başladı. İndi də görünən odur ki, Rusiya tərəfi Azərbaycanın əhəmiyyətini və Azərbaycana olan ehtiyacı dərk edərək müəyyən münasibətlərdə canlanmaya nail olmağa çalışır. Amma bunun yolu və metodu Azərbaycanın Rusiya vətəndaşlarının azad olunmasından keçir. Bu, Rusiyanın müvafiq tədbirlərə əl atması, dekabr hadisəsi ilə bağlı istintaq aparması, Azərbaycana qarşı diaspor və biznes nümayəndələrinə qarşı təzyiqləri və təqibləri dayandırmasından keçir”, – deyə o, fikirlərini tamamlayıb.
Rafi Müslümov