Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) 22-23 may 2021-ci il tarixlərdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Bakı Ürək Günləri” 7-ci Beynəlxalq Konqresini təşkil edəcək. Bütün dünyada mövcud olan COVID-19 pandemiyası səbəbindən Konqres onlayn formatda keçiriləcək.
Konqresin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. 20-ə yaxın ölkədən kardioloq və kardiocərrahın mühazirəçi kimi iştirak edəcəyi “Bakı Ürək Günləri” 7-ci Beynəlxalq Konqresində ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər, o cümlədən COVID-19 pandemiyasının ürək xəstəliklərinə təsiri və dünyanın aparıcı ölkələrində müalicəsinin təşkili müzakirə ediləcək.
Kardiologiya və ürək-damar cərrahiyyəsi mütəxəssislərinin, həmçinin bu sahəylə əlaqədar olan digər mütəxəssislərin Konqresə izləyici kimi qatılmalarının tam sərbəst olduğunu deyən Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Prof. Kamran Musayev Dünya Uşaq Kardiologiyası və Ürək Cərrahiyyəsi Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində anadangəlmə ürək qüsurlarının Konqresdə ayrıca bir sessiyada müzakirə ediləcəyini bildirib.
O bildirib ki, əvvəlki Konqreslərdən fərqli olaraq bu dəfəki Konqres onlayn formatda təşkil olunacaq.
“Bütün dünyada yayılan COVID-19 pandemiyası səbəbindən ənənəvi qaydada baş tutan tədbirlər, konfranslar artıq rəqəmsal müstəviyə keçib, onlayn formata üstünlük verilir. Biz də pandemiya ilə əlaqədar ölkəmizdə tətbiq olunan karantin rejiminin tələblərinə uyğun olaraq Konqresi onlayn formatda keçirməyə qərar verdik. Əvvəlki Konqreslərdə həm yerli, həm də əcnəbi mütəxəssislərin mühazirələrinə yer ayırırdıq. Bu dəfə isə çıxışçıların yalnız əcnəbi mütəxəssislərdən seçilməsi qərarı aldıq. Bunun da əsas səbəbi yerli mütəxəssislərimizin pandemiya dövründə xaricdə təşkil olunan konfranslara qatılmaq imkanlarının məhdudluğu ilə əlaqədardır.”
Prof. Kamran Musayev onu da bildirib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının iclasında “Bakı Ürək Günləri” 7-ci Beynəlxalq Konqresi Davamlı Tibbi Təhsil verən tədbir kimi tanınıb və Konqresə 16 Kredit balı verilib. Bu o deməkdir ki, Konqresdə izləyici kimi qatılan mütəxəssislər illik tələb olunan 48 Kredit balının 16-nı toplaya bilərlər.
Konqresdə iştirak etmək istəyən mütəxəssislər qeydiyyat üçün Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin saytına (www.audcc.org.az) və Konqresin Təşkilat Komitəsinə müraciət edə bilərlər.
Xatırladaq ki, AÜDCC 2009-cu ildən etibarən hər iki ildən bir “Bakı Ürək Günləri” Beynəlxalq Konqresini təşkil edir.
www.yenicag.az